İsrail və İran Müharibəsi: İki İqtisadiyyatın Dayaqlılıq Sınağı

2025/06/1750407999.jpg
Oxunub: 638     09:25     22 İyun 2025    
İsrail iyunun 13-də İranın nüvə proqramına qarşı görünməmiş hava hücumu həyata keçirdikdən sonra qısa müddət ərzində neft və qaz infrastrukturlarına zərbələrin görüntüləri yayımlandı.

Tehranda İsrailin zərbə endirdiyi neft anbarı və emal zavodu alov içində qaldı. Dünyanın ən böyük qaz yatağı olan Cənubi Pars da hədəfə alındı. İranın neft və qaz ixracatı demək olar ki, dayanıb.

Amma İranın İsrailə cavab hücumları da – çərşənbə axşamı günün sonunadək təxminən 400 ballistik raket buraxılıb – sənaye obyektlərinə və alovlu mənzərələrə səbəb oldu.


Dayaqlılığa diqqət

İran müharibədən əvvəlki dövrdə ciddi iqtisadi çətinliklərlə üzləşirdi, İsrailin isə iqtisadiyyatı dirçəliş əlamətləri göstərirdi. Hər iki tərəf sənaye obyektlərini hədəf alıb, lakin indiyə qədər heç biri sistematik şəkildə mühüm infrastrukturu dağıtmaq niyyətində olmayıb. Amma uzunmüddətli münaqişə onların iqtisadi dözümlülüyünü sınağa çəkə bilər.

İsrailin iki neftayırma zavodundan biri – Hayfadakı – İranın hücumu nəticəsində enerji stansiyası sıradan çıxdığı üçün bağlanıb. Eyni zamanda İsrail dənizdəki üç qaz yatağından ikisini bağlayıb və qaz ixracı ciddi şəkildə azalıb.

İsrailin hücumu zamanı neftin qiyməti 7% bahalaşdı, lakin sonradan bir qədər ucuzlaşdı. Hələ ki, nə İsrail, nə də İran bir-birinin enerji infrastrukturunu tam məhv etməyə yönəlmiş plan nümayiş etdirməyib.

Buna baxmayaraq, enerji təchizatındakı cari pozuntular hər iki iqtisadiyyatın düşmən hücumlarına qarşı nə qədər həssas olduğunu gündəmə gətirir. Əgər münaqişə həftələrlə və ya aylarla davam etsə, nəticələr daha ağır ola bilər.

İranda zəif, lakin dözümlü iqtisadiyyat

İllərlə davam edən ABŞ və Avropa sanksiyaları, iqtisadi səhvlər və idarəetmədəki çatışmazlıqlar İranın iqtisadiyyatına ağır zərbə vurmuşdu. İsrailin hücumlarından əvvəl də rialın dəyəri ciddi şəkildə enmişdi. Əhalinin rifahı üçün zəruri olan islahatlar və qiymət artımları dəfələrlə küçə etirazlarına səbəb olub, bu etirazlar isə zorakılıqla yatırılıb. Amma bu çətinliklər eyni zamanda iranlılarda müəyyən dözümlülük formalaşdırıb.

Londonda yerləşən iqtisadi beyin mərkəzi “Bourse & Bazaar Foundation”un rəhbəri İsfəndiyar Batmangəlidj deyir: “Əgər müharibə genişlənər və daha kritik infrastruktur zərbə alarsa, bu, İranın iqtisadiyyatına çox ciddi təsir edəcək”.

Əsas göstəricilər – elektrik enerjisinin kəsilməsi (qısamüddətli və ya ümumi qaranlıqlar), neftayırma zavodlarına, qaz kəmərlərinə və anbarlara növbəti zərbələrin nəticələri olacaq.

Batmangəlidj bildirir: “Söhbət avtomobillər üçün benzin və sənaye müəssisələrinin işləməsi üçün kifayət qədər təbii qazın olub-olmamasından gedir”. O, mövcud vəziyyəti pandemiya dövründəki qapanmalarla müqayisə edir.

“O zaman da insanlar böyük şəhərləri tərk edirdi, bizneslər bağlanır, fabriklər dayanırdı. Bu gün də belə mənzərə İran iqtisadiyyatının yavaşlamasından xəbər verir. Əgər İsrail kritik infrastruktura hücumları artırsa, İran İsraildə eyni şəkildə cavab verə biləcəkmi?”, - deyə o əlavə edir.


İsraildə bərpa əlamətləri

Bu sual İsraildə də aktuallığını qoruyur. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra Qəzzada 20 aylıq müharibənin yaratdığı çətinliklərə baxmayaraq, İsrailin iqtisadiyyatı bərpa əlamətləri göstərir. Bu ilin birinci rübündə ÜDM-in illik artımı 3.4% olub (əvvəlki rübdə bu göstərici 2.5% idi).

Amma İranın raket hücumları bu müsbət tendensiyanı təhlükə altına atır. İnsanların evlərində qalmasına, müəssisələrin bağlanmasına səbəb olur.

Təl-Əviv Universitetinin iqtisadiyyat professoru İtay Ater deyir: “Əgər bu raket kampaniyası uzun çəkərsə, iqtisadiyyatın bərpası və sabitliyə qayıdışı daha çətin olacaq. Əgər bu bir neçə gün çəkəcəksə, dözərik. Amma daha uzun çəkərsə, turizm, uçuşlar, məktəblərin və iş yerlərinin bağlanması, ölkə xaricində qalanlar… Bütün bunların qiymətini kim ödəyəcək?”.

Reytinq agentlikləri bildirir ki, əgər müharibə bir neçə həftə ilə məhdudlaşsa, İsrail iqtisadiyyatı hələ də ümidvericidir. “Fitch Ratings” iyunun 16-da qeyd edib: “İsrailin güclü müdafiə tədbirləri var və görünür, İranın zərbələri indiyə qədər iqtisadi cəhətdən ciddi təsir etməyib”.

Amma İsrailin kiçik ərazisi və sıx əhalisi səbəbilə “S&P Global Ratings” xəbərdarlıq edib ki, infrastruktur zərər görərsə, sosial və maliyyə nəticələr “əhəmiyyətli” ola bilər. İsrailin yüksək texnologiyalar sektoru ÜDM-in 20%-ni və ixracın 50%-ni təşkil edir. Bu sahə böhran dövründə çevikliyini qoruyur, işçilər uzaqdan işləməyə keçərək layihələri davam etdirirlər.

S&P qeyd edir: “Bu, ümumi təsiri müəyyən qədər azalda bilər”.

Təl-Əviv Birjasının icraçı vitse-prezidenti Yaniv Paqot bildirir ki, fond birjası və milli valyuta da iqtisadiyyata inam siqnalı verir. Bazarın bazar günü yenidən açılmasından çərşənbə gününün sonuna qədər İsrailin iki əsas indeksində müvafiq olaraq 4.1% və 5% artım qeydə alınıb. Eyni zamanda, İsrail şekeli dollar və avroya qarşı möhkəmlənib.

Paqot deyir: “Son 20-30 ildə İran təhdidi İsrailin iqtisadiyyatı üçün şüşə tavan olub. Əgər İsrail nüvə təhdidini aradan qaldıra bilsə, iqtisadi risklər xeyli azalacaq və bu, böyük əhəmiyyət daşıyır. Hələ o nöqtədə deyilik, amma sərt qarşıdurmadan sonra investorlar bu nəticəyə çatmaq şansının artdığını görürlər”.

Siyasi sabitliyə zərbə?

İranda ümidlər yeni iqtisadiyyat naziri Seyid Əli Madənizadəyə yönəlmişdi. Stenfordda magistr təhsili almış və Çikaqo Universitetində doktorluq dərəcəsi qazanmış bu gənc mütəxəssis, müharibədən əvvəl iqtisadi idarəetməni yaxşılaşdırmaq potensialına malik sayılırdı.

1979-cu il İslam İnqilabı zamanı hələ anadan olmamış Madənizadə bu bazar ertəsi vəzifəyə təsdiq edildi. Artıq onun qarşısında duran əsas vəzifələrdən biri də müharibənin yaratdığı iqtisadi təsirlərlə mübarizə aparmaqdır. Əgər İsrailin strategiyası daha geniş iqtisadi obyektləri hədəf almaq və rejim dəyişikliyi məqsədi daşıyırsa, bu da onun qarşısında duran çətinlikləri artırır.

Batmangəlidj deyir: “Bəzi dairələr düşünür ki, iqtisadi vəziyyət pisləşərsə, iranlılar ayağa qalxıb hökuməti devirəcəklər və beləliklə vəziyyətdən xilas olacaqlar. Amma bu, əslində belə işləmir”.

“Əgər siyasi sabitlik pozularsa, bu, insanların istədiyi iqtisadi nəticələrlə uyğun gəlmir”, - deyə o bildirir. Siyasi rəhbərliyin dağılması, iqtisadi idarəetmənin dərhal yaxşılaşacağı anlamına gəlmir. Əksinə, siyasi keçid olsa belə, əhali daha da pis vəziyyətə düşə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin