“Fordo” Hədəfdə: İranın Nüvə Sığınacağına Aparan Tək Bomba (FOTOLAR)

2025/06/1750407728.jpg
Oxunub: 749     01:20     22 İyun 2025    
“Bunker buster” bombası ölkənin güclü mühafizə olunan zənginləşdirmə qurğusuna necə nüfuz edə bilər.

“Maxar Technologies”in təqdim etdiyi bu peyk görüntüsü, 24 yanvar 2025-ci il tarixində İranın “Fordo” zənginləşdirmə obyektini əks etdirir. (Maxar Technologies / The Associated Press)

Əgər ABŞ İsrailin İrana qarşı hücumuna birbaşa dəstək verməyə qərar versə, ən real variantlardan biri, İranın mərkəzində dağın dərinliyində inşa olunmuş “Fordo” nüvə yanacağının zənginləşdirilməsi obyektini əhəmiyyətli dərəcədə zədələmək üçün lazım olan “bunker buster” bombalarının təqdim edilməsi ola bilər.

Belə bir bomba yalnız ABŞ-yə məxsus hərbi təyyarə ilə buraxıla bilər. İsrailli rəsmilər bildiriblər ki, İranın nüvə qabiliyyətlərini məhv etmək məqsədilə mərkəzi İranda yerləşən “Fordo” obyektinə zərbə endirmək üçün başqa variantlar da mövcuddur.

Lakin komando hücumu və ya nüvə zərbəsi istisna olunarsa, “bunker buster” bombası ən real seçim olaraq qalır.

“Fordo” – İranın yeraltı nüvə obyekti


“Fordo” İranın əsas uran zənginləşdirmə obyektlərindən biridir və ölçüsünə görə ikinci yerdədir. Ən böyük obyekt isə İsrailin hava hücumlarına tuş gəlmiş “Natanz” kompleksidir.

“Fordo” “Natanz”dan daha kiçikdir və Tehrandan təxminən 95 kilometr cənub-qərbdə, Qum şəhəri yaxınlığında bir dağın içində inşa edilib. Tikintisinin təxminən 2006-cı ildə başladığı, ilk dəfə isə 2009-cu ildə istifadəyə verildiyi güman edilir. Həmin il Tehran bu obyektin mövcudluğunu ilk dəfə ictimaiyyətə açıqladı.

Təxminən 80 metr (260 fut) torpaq və qaya qatının altında yerləşən obyektin İran və Rusiya istehsalı olan “yer-hava” tipli raket sistemləri ilə mühafizə olunduğu bildirilir. Lakin ehtimal olunur ki, bu hava hücumundan müdafiə sistemləri artıq İsrailin kampaniyası çərçivəsində sıradan çıxarılıb.

Yenə də, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İranın raket və nüvə proqramının məhv edilməsi hücumların əsas məqsədidir və “Fordo” obyektinin də bu plana daxil olduğu vurğulanıb.

“Bunker buster” bombası nədir?


“Bunker buster” termini səthdən çox aşağıya nüfuz etdikdən sonra partlayan bombaları təsvir etmək üçün istifadə olunur. Bu kontekstdə söhbət ABŞ hərbi arsenalına daxil olan ən yeni GBU-57 A/B “Massive Ordnance Penetrator” bombasından gedir. Təxminən 30.000 funt (13.600 kiloqram) ağırlığında olan bu dəqiqliklə idarə olunan bomba dərin və möhkəm istehkamların, tunellərin məhv edilməsi üçün nəzərdə tutulub.

Nəzəri cəhətdən, bu bombanı ağırlığını daşıya bilən istənilən bombardmançı təyyarə buraxa bilər. Lakin hazırda yalnız ABŞ Hərbi Hava Qüvvələrinin B-2 “Spirit” adlı “stealth” bombardmançısı bu bombanı daşımaq üçün proqramlaşdırılıb və texniki cəhətdən uyğunlaşdırılıb.

B-2 bombardmançıları yalnız ABŞ tərəfindən istifadə olunur və onların istehsalçısı “Northrop Grumman” şirkətidir. Bu isə o deməkdir ki, yalnız ABŞ “Fordo” obyektinə bu tip zərbə endirmək imkanına malikdir.

Lakin ABŞ-nin bu məsələyə müdaxilə edib-etməyəcəyi hələ bəlli deyil.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə jurnalistlərə belə deyib: “Bunu edə bilərəm, edə bilmərəm. Yəni, nə edəcəyimi heç kim bilmir”.

Tramp əlavə edib ki, İran nüvə proqramından imtina etməsi üçün “hələ gec deyil” və o, Tehranın nüvə planlarını darmadağın etmək məqsədilə İsrailin hərbi əməliyyatlarına ABŞ-nin birbaşa dəstək verməsini nəzərdən keçirdiyini bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fordo   İran   Nüvə  


Bizi "telegram"da izləyin