Prezident Tramp çərşənbə günü jurnalistlərə belə deyib: “Bunu edə bilərəm. Bəlkə də etmərəm. Yəni, nə edəcəyimi heç kim bilmir”.
İsrail bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün onun obyektlərinə hücum zəruridir. ABŞ də bu məqsədi bölüşür və son günlərə qədər İranla nüvə proqramının məhdudlaşdırılması istiqamətində danışıqlar aparırdı.
İranın ən möhkəmləndirilmiş və ən yaxşı qorunan nüvə obyektlərindən biri olan “Fordo” dağın dərinliklərində yerləşir. Bu obyektə yalnız ABŞ-nin 13,600 kiloqram çəkisi olan və adətən “bunker buster” (sığınacaq deşici) adlandırılan bombaları çata bilər. Bu bombaları daşımaq üçün isə yalnız ABŞ-də olan B-2 tipli “stealth” bombardmançı təyyarələri tələb olunur.
Bu vəziyyət həm ABŞ-ni, həm də İsraili mürəkkəb seçim qarşısında qoyur. Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi əməkdaşı Aaron David Miller deyib: “İsrail təkbaşına İranın nüvə proqramını məhv edə bilməz. Amma əgər hücumlar dayandırılsa və proqram salamat qalsa, bu məğlubiyyət kimi dəyərləndiriləcək”.
Tramp çərşənbə axşamı “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, məqsədi İranın nüvə ambisiyalarına “gerçək son” qoymaqdır və bu “atəşkəsdən daha yaxşıdır”.
“Bunker buster” bombaları nədir?
“Sığınacaq dəlici” bombalar dərin yeraltı obyektlərə nüfuz edərək partlamaq üçün hazırlanmış bombalara verilən ümumi addır. Bu bombalar İkinci Dünya Müharibəsindən bəri mövcuddur, lakin xüsusilə Körfəz Müharibəsində geniş inkişaf etdirilib.
Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun silah mütəxəssisi Ryan Brobst deyib ki, bu bombalar haqqında geniş yayılmış yanlış düşüncə onların böyük partlayıcı maddə daşıdığı ilə bağlıdır. Əslində, onların əsas üstünlüyü qalın, möhkəm polad gövdəyə malik olmalarıdır. Bu gövdə yerin dərinliklərinə nüfuz etməyə imkan verir, sonra isə içindəki nisbətən az miqdarda partlayıcı maddə ilə hədəfi məhv edir.
Hazırda müzakirə olunan əsas bomba GBU-57 MOP (Massive Ordnance Penetrator) adlanır və ABŞ-nin nüvə silahı olmayan ən ağır və güclü bombalarından biridir. Onun çəkisi 30,000 funt (təxminən 13,600 kiloqram), uzunluğu isə 6 metrdir. Bu silah heç vaxt döyüş şəraitində istifadə olunmayıb.
Silah mütəxəssisləri bildirirlər ki, bu bomba xüsusilə “Fordo” kimi dağların dərinliyində yerləşən İran nüvə obyektlərini hədəfə almaq üçün hazırlanıb. Ancaq onun tam olaraq nə qədər dərinliyə nüfuz edə bilməsi barədə məlumatlar məxfidir.
Brobst deyir: “Əgər bir bomba hədəfə çatmasa, eyni dəlikdən ikinci bir bomba atılmalıdır ki, daha dərinliyə gedib partlasın. Bu isə həm texniki baxımdan çətin, həm də risklidir”.
Bu bombanı yalnız niyə ABŞ istifadə edə bilir?
GBU-57 bombası çox böyükdür və onu yalnız B-2 tipli “stealth” bombardmançı təyyarəsi daşıya bilər. Bu təyyarələr isə yalnız ABŞ-nin hərbi arsenalında var. İsrailin belə ağır bombardmançıları yoxdur.
“Armament Research Services” təşkilatının tədqiqatçısı və keçmiş ABŞ ordusunun partlayıcı maddələr üzrə mütəxəssisi Trevor Ball deyib: “Bu, elə bir bomba deyil ki, sadəcə İsrailə verilsin və onlar istifadə etsinlər. Bunu ancaq ABŞ öz təyyarələri ilə istifadə edə bilər”.
Bu bomba işləyəcəkmi?
Əksər ekspertlər razıdır ki, GBU-57 bir neçə dəfə istifadə olunması lazım gəlsə belə “Fordo” kimi obyektlərə ciddi, hətta bərpa olunmaz zərər verə bilər.
Aaron David Miller bildirir: “Bu bomba real zərər vura bilər”. Lakin o da əlavə edir ki, əsas məsələ proqramı tam dayandırmaqdır: “Bir alimin beynindəki elmi bilikləri bombalayaraq məhv edə bilməzsən”.
Beynəlxalq Böhran Qrupunun İran üzrə direktoru Əli Vaezi isə bildirir ki, ABŞ-nin uğurlu hücumu belə, İranın nüvə proqramını sadəcə bir-iki il geri atacaq, lakin onu tam dayandırmayacaq: “Fordo” tamamilə dağılsa belə, İranın həmin proqramı yenidən qurmaq üçün elmi potensialı qalacaq. Bu səbəbdən, bu hücum nüvə böhranına həll deyil”.
Hücum mülki əhaliyə təhlükə yarada bilərmi?
Beynəlxalq Atom Enerjisi Agentliyi təsdiqləyib ki, İran “Fordo” obyektində yüksək dərəcədə zənginləşdirilmiş uran istehsal edir. Güclü bir zərbə radioaktiv maddələrin ətrafa yayılmasına səbəb ola bilər.
Bu maddələr yaxınlıqda olan insanlar üçün ciddi təhlükə yaratsa da, onların ərazi xaricinə yayılması çox ehtimal olunmur. Agentlik bildirir ki, İranın əsas nüvə obyekti olan Natanzda artıq belə bir sızma hadisəsinin baş verdiyinə inanırlar.
BAEA-nın baş direktoru Rafael Qrossi ötən həftə açıqlamasında İranın nüvə obyektlərinə edilən hücumların “dərin narahatlıq doğurduğunu” bildirib.
“Mən dəfələrlə qeyd etmişəm ki, nüvə obyektlərinə heç bir halda hücum edilməməlidir, bu həm insanlar, həm də ətraf mühit üçün təhlükəlidir”, - deyə o bildirib və əlavə edib ki, bu cür hücumların nəticələri İranın sərhədlərindən çox uzaqlara da yayıla bilər.
O, bütün tərəfləri “maksimum təmkinli” olmağa çağırıb.
Dəyanət Ağalarlı
Ordu.az