ABŞ müharibəyə girəcəkmi? Trampın səssiz strategiyası

2025/06/1750405915.jpg
Oxunub: 513     09:20     21 İyun 2025    
13 iyun tarixində başlayan İsrail hücumlarından sonra ən çox maraq doğuran suallardan biri ABŞ prezidenti Donald Tramp və ABŞ-nin bu məsələdə hansı mövqe tutacağı ilə bağlıdır. İsrailin təhlükəsizliyi məsələsi 1948-ci ildən bəri ABŞ xarici siyasətinin əsas prioritetlərindən biri olub. Prezidentlərin bu məsələyə yanaşmaları fərqli olsa da, İsrailin müdafiəsi məqsədindən geri çəkilmədikləri görünür.

İsrailin 7 oktyabr tarixindən sonra Qəzzada başladığı əməliyyatlara belə yüksək səviyyədə dəstək verən ABŞ rəhbərlikləri Yaxın Şərqdə sabitliyin pozulmasına da zəmin yaradıblar. Bununla yanaşı, Trampın təcrid siyasətini əsas götürən və birtərəfli şəkildə Amerika üstünlüyü strategiyasına söykənən xarici siyasət yanaşması ilə ənənəvi İsrail təhlükəsizliyi prioriteti arasında fərqliliklər meydana çıxmağa başlayıb. Lakin Netanyahu hökuməti İranla bağlı genişmiqyaslı hücumları ABŞ-nin dəstəyi olmadan davam etdirməyin olduqca çətin olduğunu yaxşı bilir.

İsrailin hərbi gücü

Əslində Trampın ABŞ-ni beynəlxalq sistemdəki qeyri-sabitliklərdən və gərginliklərdən uzaq saxlayaraq təcrid edən və yaranan xərcləri bölgə aktorlarının üzərinə yıxmağa çalışan yanaşması İsrail-İran müharibəsində də özünü göstərir. Bu baxımdan Trampın ardıcıl və tutarlı bir siyasət apardığını demək mümkündür. Müharibənin altıncı günündə verdiyi “Yaxın Şərqdəki bir qarşıdurmaya qatılmaq istəmirəm” açıqlaması bu perspektivi dəstəkləyir. İsrailə əsasən kəşfiyyat və asanlaşdırıcı hərbi dəstəklər versə də, birbaşa müharibəyə girməkdən çəkinən Tramp rəhbərliyi bu anlamda İsrailin də narazılığına səbəb olub. Beləliklə, İsrailin İranda rejim dəyişikliyi və nüvə potensialının məhv edilməsi məqsədləri ilə Trampın İranı nüvə razılaşmasına məcbur etməyə yönəlmiş yanaşması arasında ziddiyyət yaşandığı söylənə bilər.

İsrailin hücumları, əlbəttə, Trampın əlini gücləndirir və ABŞ-yə xərclərə qarışmadan İranı cilovlamaq üçün fürsət yaradır. Ancaq İsrailin strateji məqsədinə tam çatmadan danışıqlar masası qurmaq istəmədiyi də açıqdır. Nüvə obyektlərinin vurulması və İranın raket hücumlarına qarşı qorunma yalnız ABŞ-nin hərbi gücünün işə salınması ilə mümkündür və Netanyahu hökuməti ABŞ-ni hər vəchlə müharibəyə cəlb etməyə çalışır.

Həqiqətən də, həm hücum, həm də müdafiə baxımından İsrailin uzunmüddətli müharibə aparmaq imkanları çox məhduddur. Məsələn, dağın içində, yerin 81 metr dərinliyində yerləşən “Fordo” nüvə obyektinə yalnız ABŞ-yə məxsus B2 bombardmançı təyyarələrindən atılan və 60 metr dərinliyə nüfuz edə bilən GBU-57A/B bombaları ilə zərbə endirilə bilər. Bu texnologiya İsraildə yoxdur. Yəni, İranın nüvə obyektlərini ABŞ müharibəyə qatılmadan vurmaq mümkün deyil. Rusiya prezidenti Vladimir Putinin İranın nüvə obyektlərinin zərər görmədiyini vurğulayan açıqlaması da bu həqiqəti əks etdirir.

Müdafiə baxımından da İsrailin ABŞ-yə ehtiyacı müharibə davam etdikcə artır. Belə ki, İsrail, İranın Təl-Əviv, Hayfa və digər şəhərləri hədəf alan ballistik və hipersəs raketlərini durdurmaq üçün mövcud hava hücumundan müdafiə sistemlərindəki sursatlarını tükətməyə başlayıb. Bu məqamda İsrail İranın raket dalğalarına qarşı durmaq üçün ABŞ-nin sursat və hərbi dəstəyinə ehtiyac duyur.

ABŞ müharibəyə qatılacaqmı?

ABŞ-nin müdafiə baxımından İsrailə dəstək verdiyi və bu mövzuda onu tək buraxmayacağı məlumdur. Ancaq hücum hissəsinə qatılması məsələsi hələ də müzakirə olunur. Əgər Tramp İranın geri çəkilməməsində israr etdiyini və raket hücumlarına davam etdiyini görərsə, əməliyyata yaşıl işıq yandıra bilər. Trampın hücum planını təsdiqləməsi, amma hələ də əmri verməməsi də məhz bu vəziyyəti əks etdirir. Əslində ABŞ müharibəyə qatılmadan İrandan istədiyini almağa çalışır. Buna görə Yaxın Şərqə yönəldilən aviadaşıyıcılar və hərbi güc İranı qorxutmaq və danışıqlar masasına çəkmək üçün istifadə olunur. Lakin ABŞ-nin müəyyən etdiyi çərçivədə qurulan masaya İran yaxınlaşmazsa, ABŞ-nin müharibəyə qatılması qaçılmaz olacaq. ABŞ-nin müharibəyə qatılması isə başqa bir mübahisə mövzusunu gündəmə gətirir: İranda rejim dəyişikliyi mümkündürmü?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Müharibə  


Bizi "telegram"da izləyin