Avropa üçlüyü və İran: Cenevrə görüşünün arxasındakı strateji intriqalar

2025/06/9fd53-1750405700.jpg
Oxunub: 558     15:47     20 İyun 2025    
İranın xarici işlər naziri Əraqçi bildirib ki, iyunun 20-də Cenevrədə Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri ilə görüş keçirəcək. Əraqçiyə görə, bu cür görüş təşəbbüsü onlardan gəlib. Görüşlərdə Avropa İttifaqının rəsmiləri də iştirak edəcəklər.

Xüsusilə qeyd olunur ki, Avropa üçlüyünün XİN rəhbərləri əvvəlcə Aİ-nin xarici əlaqələr üzrə komissarı Kallasla görüşəcəklər, daha sonra isə İranın XİN rəhbəri ilə bir araya gələcəklər. Bu görüşlərdən əvvəl Avropa üçlüyü daxilində kifayət qədər maraqlı və müəyyən fərqli yanaşmalar müşahidə olunub. Məsələn, Almaniyanın kansleri Merts bildirmişdi ki, İsrail onların yerinə “qara işi” görür, yəni İranı nüvə silahı əldə etmək imkanından məhrum edir.

İran bu bəyanatlara görə Almaniyanın səfirini XİN-ə çağırmış və ona etiraz notası təqdim etmişdi. Fransa prezidenti Makron isə İran üçün daha “xoş” səslənən açıqlamalar vermişdi. Bir tərəfdən İsrailin “özünü müdafiə haqqını” dəstəklədiyini bildirən Makron sonrakı açıqlamasında qeyd etmişdi ki, İranda hərbi güc vasitəsilə hakimiyyət dəyişməsi perspektivi qəbuledilməzdir, çünki bu, xaosa səbəb olacaq.

İranda rejim dəyişikliyinə nail olmaq isə, görünür, İsrailin əsas məqsədidir və nüvə riskindən irəli gələn “özünümüdafiə hüququ” sadəcə bu məqsədə xidmət edir. Avropa üçlüyünün Kallasla görüşü – Əraqçi ilə görüşdən əvvəl – onu göstərir ki, İran məsələsində üçlüyün hələlik tam ortaq və hərtərəfli yanaşması yoxdur. Bu səbəbdən, Cenevrədə keçiriləcək görüşün İran-İsrail müharibəsinin gedişində prinsipial dəyişiklik yaradacağı inandırıcı görünmür.

Burada əsas sual ondan ibarət ola bilər ki, üçlük ABŞ-nin birbaşa müdaxiləsinə hansı yanaşmanı nümayiş etdirəcək? Tramp administrasiyası ilə mürəkkəb münasibətlərə malik olan Avropa üçlüyü Trampın Yaxın Şərqə daxil olaraq İrana qarşı birbaşa müharibəyə girməsində maraqlıdır, yoxsa onu bu açıq tələdən çıxarmağa çalışacaqlar? Cenevrənin əsas intriqası məhz bu olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   İran  


Bizi "telegram"da izləyin