Tramp Papa olmaq istəyir? Siyasət Müqəddəs Taxt-Taca göz dikib

2025/05/1746427449.jpg
Oxunub: 590     19:27     05 May 2025    
ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkədə Roma Papasının geyimində montaj olunmuş fotosunu paylaşıb. Bu kollaj Trampın yüksək əhval-ruhiyyəsi ilə izah oluna bilər, xüsusilə nəzərə alsaq ki, bir neçə gün əvvəl ona “yeni Papa kimi kimi görmək istərdiniz?” sualı verildikdə, cavabında “özümü” deyə zarafat etmişdi.

Görünür, bu zarafat Trampın da xoşuna gəlib və o, bunu vizuallaşdırmaq qərarına gəlib. Lakin deyildiyi kimi, hər zarafatın içində bir həqiqət payı var. Bu halda həmin “pay” ondan ibarət deyil ki, Tramp Papa ola bilər, lakin ehtimal ki, o, bu eyhamları ilə göstərmək istəyir ki, Katolik dünyasının liderliyi uğrunda gedən mübarizəyə ciddi maraq göstərir və Müqəddəs Taxt-Tacın gələcək sahibini öz siyasi baxış və məqsədlərinə uyğun görmək arzusundadır.

Yeni Papanın seçilmə prosesi əslində artıq başlanıb. Mayın 7-də toplanacaq konklav üçün hazırlıqlar gedir. Qeyd olunur ki, Papalığa namizəd olmaq və səsvermədə iştirak etmək hüququ yalnız 80 yaşına çatmamış kardinal şəxslərə aiddir. Diqqətəlayiq başqa bir məqam odur ki, Fransisk Papa pontifikat dövründə Avropadan kənar – Latın Amerikası, Şimali Amerika və Afrika kimi regionlardan kifayət qədər çox kardinal təyin edib.

Vatikana rəhbərlik və Müqəddəs Taxt-Tac uğrunda – Katolik dünyasının ruhani lideri statusu uğrunda mübarizə, görünür, yalnız ruhani çevrələrdə deyil, həm də siyasi qütblər və elitalar arasında baş verəcək. Vatikanın hərbi birliyi olmasa da, 1,5 milyardlıq katolik icmasının ruhani rəhbəri statusu özü-özlüyündə böyük təsir qüvvəsi verir və bu təsir faktoruna siyasi maraqların da yönəlməsi qaçılmazdır.

Bu məsələ xüsusilə indi, qlobal transformasiyalar və yenidənqurmalar dövründə daha da aktuallaşır. Çünki bu bölünmələrin əsas kəsim xətlərindən biri də Katolik dünyasının özündən, xüsusilə onun daha güclü və çağdaş hissəsi olan Avroatlantik blokdan keçir. Əslində, yeni Papa seçimi prosesi ABŞ-nin yeni hakimiyyət strukturları ilə Avropa İttifaqının mövcud dominant elitaları arasında yaranmış qarşıdurmanın təsirini daşıyacaq. Şübhəsiz ki, istənilən namizədin seçilməsi hansısa tərəfin qəti qələbəsini təmin etməyəcək, lakin bu prosesin özü qarşıdurmada olduqca əhəmiyyətli və həlledici faktor ola bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Roma   Papa  


Bizi "telegram"da izləyin