Suriyanın dövlət informasiya agentliyi SANA Dəməşq ətrafında bir mülki şəxsin öldüyünü, Hama və Dəra şəhərlərində isə dörd nəfərin yaralandığını bildirib. Digər mənbələrin məlumatına görə, gərginliyin başlanmasından bu yana ilk dəfə İsrailə məxsus hərbi helikopter Suriyanın ərazisində, Sveyda şəhəri yaxınlığında eniş edib və bir neçə dəqiqədən sonra yenidən İsrailə qayıdıb.
İsrail mediasının məlumatına əsasən, Suriyada hökumət dəstəyindən faydalanan silahlı qruplarla toqquşmalar zamanı odlu silah yarası almış beş druz döyüşçü xüsusi tibbi mərkəzlərə köçürülüb. Qüds yaxınlığında yaşayan israilli druzlar etiraz aksiyası keçirərək İsrail ordusundan Suriyada təqib olunan druzları qorumağa çağırıblar.
“Əl-Məyadin” bildirir ki, druzlarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaara bu yaxınlarda Livandakı druz icmasının lideri Cüblatla görüş keçirib. Cüblat bildirib ki, Livan druzları “beynəlxalq yardıma ehtiyac duymur”. Görünür, o, bu sözləri ilə İsrail baş naziri Netanyahunun “İsrail regiondakı druzları qoruyacaq” bəyanatına işarə edib.
Mayın 3-nə keçən gecə, İsrail hava hücumları həyata keçirdiyi anda, havaya bir qrup türk qırıcı təyyarəsi də qalxıb. Məlumata görə, Hmeymim hərbi bazasında yerləşən rus qırıcıları da xəbərdarlıq xarakterli uçuşlar həyata keçiriblər.
Londonda yerləşən Suriya İnsan Hüquqlarının Müşahidə Mərkəzinin bildirdiyinə görə, bu, ilk dəfədir ki, Türkiyə bu cür cavab addımı atır. Türk qırıcılarının Suriyanın hava məkanını pozub-pozmadığı, yoxsa Türkiyə ərazisində fəaliyyət göstərdiyi barədə dəqiq məlumat yoxdur.
Əhəmiyyətli məqam ondan ibarətdir ki, bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən bəyan etmişdi ki, Ankara Suriyanın etnik-dini parçalanmasına imkan verməyəcək. O bildirib ki, bu istiqamətdə planları olanlar “bizimlə qarşılaşacaqlarına” hazır olmalıdırlar.
İsrailin Suriyanı federal dövlətə çevirmək planı varmı, yoxsa bu ölkənin cənubunda və Colan təpələrində möhkəmlənərək mümkün hücumlardan müdafiə olunmağa çalışır, bunu demək çətindir. Fakt budur ki, Yerusəlim Suriyanın keçid hökumətini qanuni qəbul etmir və onun tabeliyindəki silahlı qüvvələri “terrorçu qruplar” adlandırır.
Türkiyə mediası Suriyanın keçid dövrü üzrə prezidentinin atası Hüseyn əl-Şaaranın sosial şəbəkə paylaşımına istinad edərək xəbər verir ki, o, İsraili “sionist düşmən dövləti” adlandırıb. Suriyada vəziyyət, keçid hökumətinin ABŞ-nin “İbrahim sazişi”nə qoşulmaqla bağlı təklifini rədd etməsindən sonra daha da qeyri-sabit hal alıb. Rəsmi Dəməşq Vaşinqtonu məlumatlandırıb ki, İsraillə yalnız onun silahlı qüvvələri Colan təpələrindən, Homs əyalətinin ələ keçirilmiş hissələrindən və tampon zonalardan geri çəkildikdən sonra münasibət quracaq ki, bu da 1974-cü il razılaşmasına əsasən nəzərdə tutulur. İsrail isə bəyan edib ki, bu razılaşma artıq hüquqi qüvvəyə malik deyil, çünki Dəməşqdə legitim hökumət mövcud deyil.
Astana formatı çərçivəsində əldə olunmuş Rusiya-Türkiyə-İran razılaşmaları – əslində Suriya üzrə təsir zonalarının bölüşdürülməsi razılaşması – artıq dağılmış vəziyyətdədir. Yeni status-kvonun formalaşması ehtimalı isə olduqca qeyri-müəyyəndir. İndi ya Türkiyə Suriyanın cənubunun İsrailin nəzarət zonası olduğunu qəbul etməlidir, ya da İsrail razılaşmalıdır ki, onun şimal sərhədlərində türk silahlı qüvvələri yerləşəcək. Bu, geosiyasi maraqların aydın şəkildə toqquşduğu bir vəziyyətdir ki, onu diplomatik yolla nizamlamaq çox çətin görünür.
Asif Cəfərov
Ordu.az