Bugünü və gələcəyi əhatə edən bu razılaşmalar xammal hasilatı, mavi iqtisadiyyat (dəniz iqtisadiyyatı) və kosmik iqtisadiyyat kimi innovativ sahələrdə AR-GE və elmi əməkdaşlığa yönəlir. İki ölkənin kosmos agentlikləri arasında imzalanan anlaşma isə kosmik fəaliyyətlərdə birgə işləri gücləndirməyi hədəfləyir. Bundan əlavə, güclü əməkdaşlıq xalqlar arasında idman diplomatiyası və EURO 2032-nin birgə təşkilatçılığı ilə də özünü göstərir.
Türkiyə-İtaliya münasibətlərinin iqtisadi tərəfi
Masada bir çox müxtəlif mövzu da müzakirə olundu və bunların hamısı ikitərəfli münasibətləri daha da gücləndirməyə yönəlmişdi. Baş nazir Meloni ilə Prezident Ərdoğan orta müddətdə ikitərəfli ticarət dövriyyəsini 40 milyard dollara çatdırmağı hədəfləyən birgə bəyanat yayımladı. Bu iddialı hədəf iqtisadi göstəricilərin və iş potensialının yaxşılaşmasına dair müsbət dinamikanı əks etdirir. İkitərəfli ticarət dövriyyəsi uzun müddətdir ki, sabit artım nümayiş etdirir. 2019-cu ildə 19 milyard dollardan 2023-cü ildə 26 milyard dollara, nəhayət 2024-cü ildə isə 32 milyard dollara çatıb. Bu əhəmiyyətli artım, həm pandemiyadan sonra, həm də qlobal iqtisadi dalğalanmalar dövründə həm İtaliyanın, həm də Türkiyənin dayanıqlılıq və bərpa qabiliyyətini ortaya qoyur. Bu böyümə müvafiq sənaye və iş sahələrinin ənənəvi uyğunluğuna əsaslanır. İtalya şirkətlərinin Türkiyədəki fəaliyyəti və investisiyaları, eləcə də Türkiyə şirkətlərinin İtaliyadakı inkişafı mühüm səviyyəyə çatıb. Balanslı ikitərəfli ticarət axını və tamamlayıcı iş mühiti sayəsində bu gün İtaliya, Aralıq dənizində Türkiyənin birinci, Avropa miqyasında isə ikinci ticarət tərəfdaşı kimi önə çıxır. “Made in Italy” naziri Adolfo Ursonun sözləri ilə desək, “İtaliya və Türkiyə Aralıq dənizində iqtisadi inkişafın ağciyərləridir”.
Türkiyə və İtaliya: Aralıq dənizinin ağciyərləri
Türk-İtalyan əməkdaşlığının çatdığı nöqtə Cənubi Avropadan başlayıb Aralıq dənizini aşaraq Cənub-Şərqi Asiyaya qədər uzanan yeni bir geosiyasi istiqaməti işarə edir. Buna görə də, çoxsaylı və müxtəlif xarakterli çətinliklərin olduğu proqnozlaşdırıla bilməyən qlobal mühitdə məqsəd mənfi təsirləri minimuma endirmək üçün Türk-İtalyan oxunu möhkəmləndirməkdir. Bu baxış çərçivəsində enerji, iqtisadiyyat, innovasiya və yeni texnologiyalara fokuslanan qabaqcıl istehsal, infrastruktur, əlaqə və müdafiə kimi əsas sektorlarda əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün çoxsaylı sahibkar və iş adamlarından ibarət geniş heyət biznes forumunda dövlət başçılarına qoşuldu. Birgə fəaliyyət və investisiyalarla təchizat zəncirlərinin gücləndirilməsi, beynəlxalq arenada strateji müstəqillik yolunda İtaliya və Türkiyənin açar rol oynamasına imkan yaradır. Bu sinerjilər Ankara ilə Romanın Aralıq dənizi coğrafiyasında sabitlik və təhlükəsizliyi təmin etmək kimi tarixi məsuliyyətində müxtəlif formalarda özünü göstərir.
Enerji sahəsində əməkdaşlıq müxtəlif başlıqlar üzərindən konkretləşir: Türkiyə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində əsas tərəfdaş kimi iştirak edir, Sakarya hövzəsindəki İtalya investisiyaları isə getdikcə artır. Müdafiə sənayesi isə yeni Türk-İtalyan ortaqlığının ön plana çıxan sahəsinə çevrilib. Zirvə zamanı “Leonardo” ilə “Baykar”, İtaliyada Türk istehsalı Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsalına dair anlaşma memorandumu imzaladı. Bu addım daha əvvəl “Koç” ilə “Whirlpool” arasında uğurla həyata keçirilən birgə layihə ilə müqayisədə güclü əməkdaşlıq nümunəsi kimi seçilir. Yaranan sinerjilər üçüncü bazarlara inteqrasiya və yeni birgə investisiyalar hesabına yatırımların daha da artmasına imkan yaradacaq.
Meloni və Ərdoğanın beynəlxalq gündəmə verdikləri önəm də bu əməkdaşlıq baxışını dəstəkləyir. Roma üçün Türkiyənin Avropadakı rolu danılmaz şəkildə açar olaraq qəbul edilir, Meloni isə Ərdoğana Ukrayna məsələsində apardığı vasitəçilik səyləri və nizamsız miqrasiyaya qarşı mübarizədəki töhfələrinə görə təşəkkürünü bildirib. Suriyanın sabitliyinin təmin edilməsi və ərazi bütövlüyünün qorunması, Qəzzada davamlı atəşkəsin təmin olunması və Liviyanın sabitliyinə dair ortaq öhdəliklər iki liderin görüşlərində əsas gündəm mövzuları olub. Bütün mövzular səmimi və dostluq şəraitində müzakirə edilib.
Nəticə etibarilə Meloni, “4-cü Hökumətlərarası Zirvə Türkiyənin dost ölkə, müttəfiq və strateji tərəfdaş kimi qeyri-adi rolunu bir daha ortaya qoydu” sözləri ilə zirvənin mesajını yekunlaşdırıb. Ərdoğan isə Meloninin “Türk-İtalyan həmrəyliyini gücləndirməkdəki cəsarətini” vurğulayaraq, İtaliya-Türkiyə münasibətlərinin yeni mərhələsinin və Türk-İtalyan oxununun regional və beynəlxalq dinamikalar üçün əsas istinad nöqtəsi kimi təsdiqləndiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az