“Fugro” və “Damen” Niderland Kral Donanmasına yüksək texnologiyalı müşahidə gəmisi təqdim edəcək

2025/04/1745060698.jpg
Oxunub: 558     15:21     21 Aprel 2025    
Niderland Müdafiə Nazirliyi ölkənin Şimal Dənizi sularında təhlükəsizlik və müşahidə qabiliyyətlərini artırmaq üçün “Fugro” və “Damen” şirkətləri ilə yeni əməkdaşlığa imza atıb. Razılaşmaya əsasən, Niderland Kral Donanmasına bir ədəd “Damen FCS 5009” tipli müşahidə və təhlükəsizlik gəmisi təqdim olunacaq.

Ordu.az xəbər verir ki, bu platforma həm suüstü, həm də sualtı təhlükələrə qarşı müasir sensorlar və texnologiyalarla təchiz ediləcək. Gəmi, xüsusilə dənizdəki kritik infrastrukturun – kabel xətləri və boru kəmərlərinin təhlükəsizliyini təmin etməyə yönəlib.

Əməkdaşlıq çərçivəsində “Fugro” və “Damen” şirkətləri həmçinin əməliyyat heyəti dəstəyi də təqdim edəcək. Müqavilə 2 illik ilkin kirayə müddəti ilə başlayır və iki dəfə 1 illik uzatma opsiyası ilə ümumilikdə 4 ilə qədər davam edə bilər.

“Damen Shipyards” CEO-su Arnout Damen bu ittifaqın milli dəniz təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Fugro” CEO-su Mark Heyne isə bildirib: “Sualtı infrastrukturu qorumaq təhlükəsizlik baxımından prioritetdir və biz bu missiyanı “Damen” və Niderland Kral Donanması ilə birgə yerinə yetirməkdən qürur duyuruq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fugro   Damen  


Bizi "telegram"da izləyin