EHSİM şirkəti EDPOD sistemində mühüm texnoloji rol alır – F-16-lar üçün milli elektron hərb modulu

2025/04/Ekran-1745060598.jpg
Oxunub: 803     15:38     21 Aprel 2025    
Türkiyənin müdafiə sənayesində elektron hərb texnologiyaları sahəsində ixtisaslaşmış EHSİM A.Ş., F-16 döyüş təyyarələri üçün nəzərdə tutulan EDPOD (Elektronik Dəstək Podu) layihəsində “Elektronik Hərb Kompleks İdarəetmə Alt Sistemi”ni inkişaf etdirir. Layihənin baş podratçısı TÜBİTAK BİLGEM-dir.

Ordu.az xəbər verir ki, EDPOD sistemi Türkiyənin F-16 təyyarələrində döyüş şəraitində elektron dəstək və əks-tədbir imkanlarını artırmaq məqsədi ilə hazırlanıb.

Sistem real döyüş şəraitində düşmən radar siqnallarını aşkar edir, sinxron şəkildə analiz edir və yüksək dəqiqliklə məlumat toplayaraq pilotlara operativ qərar dəstəyi təmin edir. EHSİM-in inkişaf etdirdiyi alt sistem – Elektronik Hərb Kompleks Yöneticisi – EDPOD-un F-16-nın digər avionik sistemləri və elektron hərb qurğuları ilə sinxron işləməsini təmin edir. Bu modul, həmçinin təyyarəyə quraşdırılmış əks-tədbir sistemləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Şirkətin paylaşdığı məlumata əsasən, EHSİM bu layihəyə təkcə proqram təminatı ilə deyil, həm də RASSİM (Radar Sinyal Simulyatoru) adlı test və simulyasiya sistemi ilə də dəstək verir. Bu sistem EDPOD-un laboratoriya şəraitində sınaqları və tapşırıq fayllarının yoxlanması üçün istifadə olunur.

EDPOD-un əsas xüsusiyyətləri:

Düşmən radar siqnallarını müəyyən etmə və təsnif etmə;

Yüksək həcmli xam məlumatların yadda saxlanması;

Yüksək dəqiqliklə mövqe müəyyənləşdirmə funksiyası;

Digər platformalarla real vaxt məlumat paylaşımı.


Bununla yanaşı, sistemin missiya sonrası təhlil üçün radar əlaqələri, siqnal detallarını və mövqe koordinatlarını qeyd etmə qabiliyyəti, döyüş əməliyyatlarının dərin analizini və təkmilləşdirilməsini təmin edir. Bu isə EDPOD-un təkcə döyüş meydanında deyil, əməliyyatlardan sonrakı hazırlıq prosesində də önəmli rol oynadığını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EHSİM   EDPOD  


Bizi "telegram"da izləyin