Ordu.az xəbər verir ki, uçuşların məqsədi və təyyarələrin daşıdığı yüklər haqqında rəsmi açıqlama verilməyib, bu isə beynəlxalq müşahidəçilər və müdafiə analitikləri arasında geniş müzakirələrə səbəb olub.
Y-20 təyyarələri Çin tərəfindən ağır və strateji logistik daşımalar üçün istifadə olunur. Hər bir təyyarə 60 tonadək yük daşımaq qabiliyyətinə malikdir və bu miqyasda əməliyyatların adətən sırf logistik xarakter daşımadığı bildirilir.
Təyyarələrin Misirə bu qədər qısa zamanda və koordinasiyalı şəkildə göndərilməsi, Pekin və Qahirə arasında hərbi və texnoloji əməkdaşlığın yeni mərhələyə keçdiyinin siqnalı kimi dəyərləndirilir. Regionda Çinin təsirinin artması, xüsusilə ABŞ və Fransa kimi tərəfdaşlarla paralel şəkildə Misirə silah tədarükü kontekstində yeni qüvvə balansını ortaya qoyur.
Misir ordusunun Çin istehsalı olan “Wing Loong” PUA-lar, “K-8E” təlim təyyarələri və HHM (hava hücumundan müdafiə) sistemləri daxil olmaqla, müxtəlif Çin texnologiyalarından istifadə etdiyi məlumdur. Bu son daşımaların həmin sistemlərin modernizasiyası və ya yeni partiya ilə bağlı olması ehtimal olunur.
Bununla yanaşı, Çin və Misir arasında enerji, logistika və infrastruktur sahəsində dərinləşən strateji tərəfdaşlıq da bu prosesin fonunda mühüm rol oynayır.
Sevinc Əliyeva
Ordu.az