Ordu.az xəbər verir ki, bu sözləri ASELSAN baş direktoru Ahmet Akyol müdafiə sənayesinə dair həm texnoloji, həm də ticarət sahəsindəki yeniliklərlə bağlı mühüm bəyanatında bildirib.
Onun sözlərinə görə, süni zəkaya əsaslanaraq qərar verən, bu qərarı “Military 5G” sürətində ötürə bilən, hər bir təhdid dəstəsini analiz edərək düzgün atəş tapşırıqları ilə cavab verən, çoxqatlı və müxtəlif sensor-silah sistemləri ilə təchiz olunmuş bir müdafiə arxitekturası inkişaf etdirirlər.
O əlavə edib ki, bu sistemlər Türkiyənin təhlükəsizlik və davamlılığı baxımından strateji əhəmiyyət daşıyır.
“Çelik Kubbe” layihəsi çərçivəsində bu il ərzində daha çox alt-sistem və silah platformasının TSQ-nin istifadəsinə veriləcəyi gözlənilir. Akyol bu barədə deyib: “Layihəmiz uğurla davam edir. Bu il daha çox sistemi silahlı qüvvələrə təhvil verəcəyik”.
2024-cü ildə ASELSAN tərəfindən imzalanan yeni müqavilələrin dəyəri 6,5 milyard ABŞ dolları olub. Bu, şirkətin sifariş portfelini 14 milyard dollara çatdırıb. Dollar ifadəsində ASELSAN ötən il 18% böyüyərək dünyada ən sürətli inkişaf edən müdafiə sənayesi şirkətləri arasında 10-cu yeri tutub. Milliləşdirmə sahəsində də mühüm nailiyyətlər əldə edilib. 2023-cü ildə milliləşdirilən məhsullar sayəsində ölkədə saxlanılan valyutanın dəyəri ilk dəfə 1 milyard ABŞ dollarını keçib. Bu isə şirkətə orta hesabla 22% maya dəyəri üstünlüyü qazandırıb.
Akyol qeyd edib ki, ASELSAN davamlı böyüməsini məhz yerli istehsal və yüksək əlavə dəyərli texnologiyalara yönəlmiş sərmayələrlə təmin edir. Bu strateji yanaşma uzunmüddətli rəqabət qabiliyyətini birbaşa dəstəkləyir.
İxrac siyasəti baxımından Avropa bazarına daha çox diqqət ayrıldığı bildirilir. “Avropa mərkəzli əməkdaşlıqlarla böyüməyimizi taclandırmaq istəyirik. Artıq konkret əməkdaşlıq danışıqları aparırıq və 2024-cü ilin ilk rübündə nəticələr əldə etməyə başlamışıq”, - deyə ASELSAN rəhbəri vurğulayıb.
Şirkət bu ilin ilk rübündə də yüksək həcmli və davamlı artım tempini qorumağa nail olub. Bu da ASELSAN-ın yalnız texnoloji deyil, iqtisadi güc baxımından da bölgədə önəmli bir aktor kimi rol oynamaqda davam etdiyini göstərir.
Sevinc Əliyeva
Ordu.az