Türkiyə-Aİ strateji ittifaqının formalaşdırılması mümkündür? – BAXIŞ BUCAĞI

2025/04/1743579533.jpg
Oxunub: 638     13:33     02 Aprel 2025    
Martın 30-da Fransa və Türkiyə prezidentləri Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu münasibətlə Türkiyə prezidentinin ofisi olduqca qısa məlumat yayıb. Məlumata görə, Fransa prezidenti türk həmkarını Ramazan bayramı münasibətilə təbrik edib və bunun Türkiyəyə və ümumiyyətlə islam dünyasına xeyir-bərəkət gətirəcəyinə əminliyini ifadə edib.

Telefon danışığının Fransa tərəfinin təşəbbüsü ilə baş tutduğu aydındır, lakin eyni zamanda Emmanuel Makronun Rəcəb Tayyib Ərdoğanla Türkiyə prezident ofisinin təqdim etdiyindən daha ciddi məsələləri müzakirə etdiyi də aydındır. Telefon danışıqlarının əsas mövzusunun gizlədilməsi Yelisey sarayının Ankaraya müstəsna təklif etdiyini düşünməyə əsas verir.

Bunu aprelin 1-də yayılan, Türkiyə xarici işlər naziri Hakan Fidanın Parisə səfər edəcəyi barədə məlumat da təsdiqləyir. Görünür, tərəflər Ərdoğanın Parisə səfər imkanını müzakirə edirlər. Daha əvvəl Türkiyə prezidenti dəfələrlə vurğulamışdı ki, Avropa öz ölkəsinin iştirakı olmadan təhlükəsizlik məsələlərini həll edə bilməz. Diqqətəlayiq haldır ki, son vaxtlar Parisdə “Qətiyyətlilər Şurası” adlanan qurumun iclası keçirilib və orada Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsi məsələsi müzakirə olunub. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropanın təhlükəsizlik liderliyi rolunu Fransaya həvalə edib.

Maraqlıdır ki, iki həftə əvvəl Türkiyənin xarici işlər naziri Fidan Vaşinqtona gedərək dövlət katibi Rubio ilə danışıqlar aparıb. Görünür, Vaşinqtonda Türkiyənin narahatlıqlarına qarşı o qədər də həssas yanaşmayıblar. Bunun təsdiqi olaraq, Fidanın Vaşinqton səfərindən sonra İsrail Qəzzaya qarşı hərbi əməliyyatlarını yalnız gücləndirdi, həmçinin Beyruta raket zərbələri endirib və Suriyanın cənub-qərbində iki hərbi aeroportu bombardman edib. Bəzi məlumatlara görə, Suriya hökuməti bu aeroportları daimi hərbi baza çevirmək üçün Türkiyəyə təqdim edib.

Fransa, əlbəttə ki, Avropa İttifaqı adından çıxış edərək, Türkiyəyə hansı “bonus” təklif edə bilər? Mövcud vəziyyətdə Türkiyənin əsas məsələsi Yaxın Şərqdə İsrailin “ekspansionist siyasətinin qarşısını almaq”dır. Hadisələrin gedişi və məntiqi göstərir ki, Amerika Birləşmiş Ştatları bu məsələdə birmənalı olaraq İsraili dəstəkləyir.

Fransa və Avropa İttifaqının Yaxın Şərqdə İsraili cilovlamaq üçün hansı imkanları var? Diqqəti cəlb edən məqam odur ki, Makron-Ərdoğan telefon danışığından sonrakı gün Avropa Komissiyasının mətbuat xidməti qısa bəyanat yayıb. Bəyanata görə, Brüssel ərəb ölkəsinin iqtisadi bərpası və demokratiyanın bərqərar olması naminə Suriyanın yeni hökuməti ilə əməkdaşlıq etməyə hazırdır.

Məlum olduğu kimi, Avropa Komissiyası müdafiə imkanları haqqında “Ağ Kitab” adlı proqram qəbul edib və onun əsas məqsədi hərbi-sənaye kompleksinin inkişafıdır. Son on beş ildə Türkiyə bu sahədə çox əhəmiyyətli irəliləyiş əldə edib. Keçən həftə Ərdoğan yaxın zamanda beşinci nəsil milli qırıcı təyyarəsi KAAN-ın seriyalı istehsalına başlanılacağını bəyan edib. Ciddi iqtisadi problemləri olan Türkiyə, güman ki, Avropa və öz hərbi-sənaye kompleksinin inteqrasiyasına qarşı çıxmazdı.

Lakin ABŞ-Avropa İttifaqı, Aİ-Rusiya ziddiyyətləri və kəskin qarşıdurma fonunda Ankaranın belə bir addımı “düşərgə seçimi etmək” mənasına gələrdi ki, bu da türk diplomatiyasına və xüsusilə də Ərdoğana xas deyil. Bununla belə, geosiyasi vəziyyət dəyişib. Əgər Paris doğrudan da Avropa İttifaqı adından Türkiyəyə “bonus” təklif edirsə, görünür, Ankara bunu qəbul edəcək. Türkiyə-Avropa İttifaqı strateji ittifaqını təsəvvür etmək son dərəcə çətin olsa da, hazırkı geosiyasi qarşıdurmada hər şey mümkündür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə     Rusiya  


Bizi "telegram"da izləyin