Ərdoğandan Putinə Suriyada Əməkdaşlıq Təklifi: Cənubi Qafqazda Nələr Dəyişəcək?

2025/02/1740729096.jpg
Oxunub: 559     11:39     29 Mart 2025    
Martın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib ki, Ankara Ukraynada davamlı sülhün əldə olunmasına hər cür dəstək verməyə, o cümlədən sülh danışıqlarının təşkilinə hazırdır. Bu barədə Türkiyə Prezident Administrasiyasının məlumatına əsasən “Anadolu” xəbər yayıb.

İki ölkə liderləri ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Türkiyə prezidenti Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş xoş niyyət addımlarının Rusiya və Ukrayna arasında sülh prosesinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Bundan əlavə, Ərdoğan Moskva və Ankaranın Suriyada davamlı sülh və sabitliyə nail olmaq üçün birgə işinin vacibliyini vurğulayıb və YPG-nin buraxılması təklifini irəli sürüb.

Görünür, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Diqqətçəkicidir ki, İstanbul bələdiyyə başçısının həbsindən sonra Türkiyədə baş verən kütləvi etirazların ertəsi günü Vladimir Putinin mətbuat katibi Peskov Putinin Türkiyəyə səfər dəvətini qəbul etdiyini açıqlayıb. Türkiyə mətbuatı bu bəyanatı Rusiya prezidentinin Ərdoğana dəstəyi kimi qiymətləndirib.

Bu vəziyyətdə demək olar ki, Ərdoğan da “borclu qalmayıb”. Son günlərdə Türkiyə Ukrayna məsələsində ritorikanı yumşaldıb və Avropanın Ukraynaya dəstək təşəbbüslərindən mümkün qədər uzaqlaşır. Ankara daha əvvəl Avropanın təhlükəsizlik sisteminə layiqli töhfə verməyə hazır olduğunu bildirmişdi.

Əlbəttə, Avropanın Türkiyənin iştirakına ciddi ehtiyatla yanaşması istisna deyil. Lakin İstanbulda baş verən kütləvi etirazlar Türkiyədə yenidən qərb düşmənləri mövzusunu aktuallaşdırıb. Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli Türkiyəni həyat bahasına müdafiə etməyin vacibliyini bəyan edib.

Bu kontekstdə Rusiya-Türkiyə dialoqunun yenidən başlaması tamamilə məntiqli görünür. Türkiyə ciddi seçim qarşısındadır və Rusiyanın dəstəyi daxili siyasi vəziyyəti millətçilik istiqamətində dəyişə bilər. Hazırda ekspertlər Türkiyədə hakimiyyət və müxalifətin şanslarını demək olar ki, bərabər qiymətləndirirlər.

Ərdoğan-Putin telefon danışığı ilə bağlı rəsmi məlumatda Suriyada iki ölkənin əməkdaşlıq perspektivlərinin vurğulanması diqqətəlayiqdir. Son vaxtlara qədər bu ərəb ölkəsindən Rusiyanın iki hərbi bazasının çıxarılması üçün açıq təbliğat aparılırdı.

Görünür ki, Ankarada ABŞ-nin Suriyanın şimal-şərqindən məhdud sayda qoşunlarını geri çəkməyəcəyinə inanırlar. Ərdoğan Putinə YPG-ni ləğv etmək üçün birgə səylər göstərməyi təklif edir. Faktiki olaraq söhbət Suriyada PKK qruplaşmasının aradan qaldırılmasından gedir. Lakin belə bir problemi həll etmək üçün ABŞ-nin razılığına ehtiyac olacaq.

Ərdoğan beləliklə, Vaşinqtonla müzakirələrdə Moskvanın Suriyaya dair “himayə” məsələsini qaldırmasını təklif edir. Rusiya Suriyaya görə məsuliyyəti bölüşə bilərmi? ABŞ bu variantı qəbul edəcəkmi? Putin və Ərdoğan regional məsələləri də müzakirə ediblər. Görünür, onlar həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə toxunublar. İrəvanın “ekspert” yanaşmasını gözləmək lazımdır. Cənubi Qafqazda nələr dəyişəcək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Putin  


Bizi "telegram"da izləyin