Trampın “intiqamı” gecikmədi: Qəzzada “cəhənnəm qapıları” açılır

2025/03/1741584857.jpg
Oxunub: 682     14:33     10 Mart 2025    
Qəzza əhalisinə humanitar yardım çatdıran beş beynəlxalq təşkilat “Washington Post”a məlumat verib ki, “yük daşımalarının məhdudlaşdırılması barədə” İsrail hökumətindən bildiriş alıblar. İsrail mənbələrinin məlumatına görə, Netanyahunun hərbi kabineti bir keçid məntəqəsi istisna olmaqla Qəzzaya bütün giriş məntəqələrini bağlamağa qərar verib. Üstəlik, İsrail tərəfi bu keçid məntəqəsində “göndərilən yüklərin növünü yoxlamaq üçün skanedici avadanlıq” qurmağı planlaşdırır.

Qəzzaya humanitar yük daşımalarını həyata keçirən şirkətlər eyni zamanda ABŞ Dövlət Departamentindən məlumat alıblar ki, “xərclərin səmərəliliyini yoxlamaq barədə prezident Donald Trampın təcili sərəncamı ilə əlaqədar” USAID kanalları ilə edilən maliyyələşdirmə əhəmiyyətli dərəcədə azaldılır.

Faktiki olaraq, ABŞ prezidenti Donald Tramp daha əvvəl səsləndirdiyi Qəzzada “cəhənnəm qapılarını açmaq” təhdidini yerinə yetirir. İki gün əvvəl Ərəb Dövlətləri Liqasının sammiti Qəzza əhalisinin təxliyə edilməsi və ərazinin nəzarətinin ABŞ-yə verilməsi ilə bağlı ABŞ prezidentinin təklifini rədd etmişdi. Bu münasibətlə Trampın “qisas alacağını” proqnozlaşdırmışdıq. Belə təəssürat yaranmışdı ki, o, ərəb dünyasının nüfuzlu ölkələrinə - Səudiyyə Ərəbistanı, Qətər, Misir və ya İordaniyaya diplomatik təzyiq göstərməyə çalışacaq.

Gördüyümüz kimi, Ağ Evin “sahibi” “zəif halqanı sıxmaq” variantını seçib və Qəzzaya yük daşımalarını həyata keçirən beynəlxalq təşkilatların maliyyələşdirilməsini dayandırmağı əmr edib. Şübhə yoxdur ki, İsrail hökuməti Qəzzaya giriş məntəqələrini Vaşinqtonla razılaşdırılmış şəkildə bağlayıb. İsrail mənbələrinin ayrı-ayrı məlumatlarına görə, Netanyahunun hərbi kabineti yaxın gələcəkdə Qəzza bölgəsinin enerji təchizatını da dayandıra bilər.

Hökumət mənbələrindən biri “Haaretz” qəzetinə müsahibəsində təəccüblənərək bildirib ki, dünyada elə presedent yoxdur ki, bir ölkə “öz düşməninə elektrik enerjisi təchiz etsin və dəqiq bilsin ki, bu ona qarşı raketlərin istehsalını təşkil etmək üçün istifadə olunur”. O, həmçinin BMT xidmətlərini “humanitar yüklər adı altında HƏMAS-a partlayıcı və təkrar istifadə edilə bilən materiallar çatdırmaqda” ittiham edib.

BMT İsrailin onun qurumlarına qarşı bütün ittihamlarını təkzib edib, lakin Baş nazir Netanyahu tələblərini daha da artırıb. Onun sözlərinə görə, Qəzzaya yeganə giriş məntəqəsində nəzarəti İsrail təhlükəsizlik qüvvələri həyata keçirməlidir ki, tərk edilmiş yaşayış məntəqələrinə qayıdanlar adı altında terrorçular Fələstin anklavının ərazisinə daxil ola bilməsinlər. Hərbi kabinetin iclası haqqında məlumat sızıntısından məlum olduğu kimi, İsrail hakimiyyəti Qəzzanın şimalına qayıtmış şəxsləri cənub bölgəsinə qayıtmağa təşviq etmək niyyətindədir.

Söhbət faktiki olaraq köçürülmə planından gedir ki, bunun da tərəfdarı ABŞ prezidenti Donald Trampdır. Ağ Evin rəsmi bəyanatında bu münasibətlə qeyd edilib ki, fələstinlilər qeyri-insani şəraitdə yaşaya bilməzlər, belə ki, onların evləri dağıdılıb və hər addımda partlamamış döyüş sursatları var.

Lakin Qəzzadakı vəziyyət getdikcə gərginləşir. Baş nazir Netanyahu bəyan edib ki, HƏMAS-a qarşı müharibə qələbə ilə başa çatdırılmalıdır. Ərəb dünyası Qəzzada hakimiyyətin HƏMAS-dan Fələstin Milli Administrasiyasına ötürülməsini təklif edib. Görünür, ABŞ prezidenti üçün bu qəbuledilməzdir, o, Qəzzanın fələstinli əhalidən boşaldılmalı olduğunda israr etməyə davam edir. Ərəb Liqası ölkələri ya Tramp-Netanyahu planına razılaşmalı, ya da “atılmış əlcəyi qəbul etməli” olacaqlar. Son dərəcə riskli vəziyyətdə Türkiyənin mövqeyi təsirli və həlledici olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qəzza  


Bizi "telegram"da izləyin