Finlandiyalı nazir: Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etmək tezdir

2025/02/1739869771.jpg
Oxunub: 341     13:04     18 Fevral 2025    
Finlandiya Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsi ilə bağlı qərar qəbul etməyib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkianen “Yle TV1” telekanalının efirində bildirib.

"Finlandiya kiçik cəbhəyanı ölkədir və məhz buna görə biz bu məsələ üzərində çox diqqətlə düşünürük, lakin indiki vəziyyətdə qiymət vermək də tezdir. Biz heç bir qərar qəbul etməmişik. Bu müzakirə çox erkən mərhələdədir", - o qeyd edib.

A.Hakkianen əlavə edib ki, sülhməramlıların göndərilməsi "inkişaf etməkdə olan uzaq ölkədə əməliyyat" deyil, söhbət Rusiya üçün "çəkindirici amil"in yaradılmasından gedir.

Daha əvvəl KİV-də yayılan məlumata görə, Avropa İttifaqının bir sıra ölkələri Rusiya ilə gələcək sülh sazişinin yerinə yetirilməsinə kömək üçün Ukraynaya qoşun göndərilməsi planı üzərində gizli işləyir. Bu məsələ Fransa prezidenti Emmanuel Makronun Parisdə keçirdiyi təcili sammitdə də müzakirə olunub.

Sammitdə Almaniya, İtaliya, Polşa və İspaniya öz silahlı qüvvələrinin Ukraynaya göndərilməsinə qarşı çıxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin