Serbiya Kremli tərk edir? Vuçiç “rəngli inqilab”ın qarşısını almağa çalışır?

2025/01/1738229518.jpg
Oxunub: 938     15:30     30 Yanvar 2025    
Yanvarın 28-də Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verib. O bu barədə mətbuat konfransında şəxsən bildirib, prezident Aleksandar Vuçiçlə uzunmüddətli görüş keçirdiyini deyib və arqumentlərini təqdim edib.

“Düşünürəm ki, biz bu şəkildə məsuliyyəti öz üzərimizə götürmüşük”, - deyə Vuçeviç qərarını əsaslandırıb. KİV-lərin bildirdiyi kimi, Serbiya konstitusiyasına görə, Baş nazir istefa verərsə, bütün hökumət istefaya göndərilir. Bundan əvvəl Vuçiçin hökumətdə əhəmiyyətli dəyişikliklər etməyə hazırlaşdığı barədə məlumatlar peyda olmuşdu.

Serbiyada kütləvi etirazlar ötən ilin payızında başlayıb. Etirazların səbəbi Novi-Sad şəhərində dəmir yolu vağzalının talvarının uçması nəticəsində 15 nəfərin həlak olmasıdır. Bu münasibətlə Serbiya prezidenti bəyanat verərək, Qərb xüsusi xidmət orqanlarının ölkədə “rəngli inqilab planlaşdırması”ndan danışıb. Lakin o, hökumətin problemlərin dialoq yolu ilə həllinə üstünlük verdiyini və etirazçılara qarşı güc tətbiq etməyəcəyini bildirib.

Vuçeviç istefasını “ictimai müqaviməti aradan qaldırmaq” zərurəti ilə əsaslandırıb. Bu ifadə artıq daxili deyil, xarici siyasi kontekstə malikdir. Serbiya Rusiya ilə siyasi və ticari-iqtisadi əlaqələri kəsməyən azsaylı Avropa ölkələrindən biridir. Lakin ötən ilin noyabrında Vuçiç Kazanda keçirilən BRİKS sammitində iştirak etməyib, Serbiya nümayəndə heyətinə Vuçeviç rəhbərlik edib.

O, istefa ərizəsini təqdim etməklə, əslində, Vuçiçə yeni hökuməti formalaşdırmaq imkanı verir. Siyasi məntiq onu deməyə əsas verir ki, Serbiya prezidenti Baş nazir və hökuməti tamamilə dəyişdirməklə, “rəngli inqilab”ın qarşısını almağa çalışır. Buradan belə nəticə çıxır ki, belə bir qərar vəziyyətin ciddi qiymətləndirilməsi və mümkün hadisələrin proqnozu əsasında qəbul edilib. Serbiya son bir neçə ildə Avropa İttifaqı (Aİ) ilə ağır danışıqlarda iştirak edib.

Qısaca desək, belə çıxır ki, Belqrada Aİ-yə üzvlük müqabilində Kosovonun müstəqilliyini tanımaq təklif olunur. Vuçiç Serbiyanın heç vaxt bu addımı atmayacağını bəyan edib. Lakin Vuçeviçin istefası və yeni hökumətin formalaşdırılması zərurəti Serbiya cəmiyyətinin müəyyən dairələrinin Avropa seçiminə tərəfdar olduğunu deməyə əsas verir. Siyasi şərhçilər hesab edir ki, Serbiyada hökumət əleyhinə etirazların dəqiq təşkilatçısı yoxdur və hələlik geosiyasi seçimdən söhbət gedə bilməz.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya     Rusiya  


Bizi "telegram"da izləyin