Bu üsul günəş işığını toplamaq, kimyəvi enerjiyə çevirmək və lazer şüaları ilə kosmosa ötürmək məqsədi daşıyır. Bu texnologiya Mars missiyaları üçün davamlı enerji təmin etməyi hədəfləyir, onun Yerdə təmiz enerji istehsal etmək üçün də istifadə oluna biləcəyi təxmin edilir.
Elm adamları Marsa səyahət etmək üçün lazerlərdən istifadə edə biləcək yeni bir üsul kəşf ediblər. Bu texnologiya bitkilərin və bakteriyaların fotosintez yolu ilə işığı kimyəvi enerjiyə çevirməsindən ilhamlanır və Yer kürəsində təmiz enerji istehsal etmək üçün də istifadə edilə bilər.
Lazer şüalarına çevriləcək
Planlara görə, elm adamları bəzi fotosintetik bakteriyaların işıq toplayan antenalarını təkrar istifadə edərək, günəş işığından alınan enerjini artırmağı və sonra bu enerjini lazer şüalarına çevirərək, kosmosa ötürməyi hədəfləyirlər.
Bundan əlavə, süni komponentlər əvəzinə üzvi materiallardan lazerlərin istehsalı sayəsində lazerlər kosmosda effektiv şəkildə bərpa edilə bilər. Bu o deməkdir ki, lazerləri Yerdən ehtiyat hissələri göndərmədən işlək vəziyyətdə saxlamaq olar.

APACE kimi tanınan layihə hazırda laboratoriya şəraitində hazırlanır və daha sonra kosmosda tətbiqlər üçün uyğunluğu yoxlanılacaq. “Heriot-Watt” Universitetinin Fotonika və Kvant Elmləri İnstitutundan professor Erik Qauqer bu texnologiyanın inqilabi potensialını belə izah edir: “Adi günəş işığı ümumiyyətlə lazeri birbaşa gücləndirmək üçün çox zəifdir, lakin bu xüsusi bakteriyalar mürəkkəb işıq yığan strukturları sayəsində günəş işığını toplamaqda və yönləndirməkdə inanılmaz dərəcədə effektivdir”.
Professor Qauqerin sözlərinə görə, bu bakteriyalar günəş enerjisini artıra bilər.

Sistem son dərəcə aşağı işıq şəraitində yaşamaq üçün inkişaf etmiş və təbiətin ən səmərəli günəş işığı toplayıcıları olan bakteriyalardan istifadə edəcək. Alimlər bu strukturları həm təbii, həm də süni versiyalarda inkişaf etdirərək, yeni lazer materialları yaradacaqlar.
İlk sınaqlar üç il ərzində
Elm adamları ilk prototipinin üç il ərzində sınaq üçün hazır olacağını gözləyirlər. Bu texnologiya nəinki Mars missiyalarını asanlaşdıra bilər, həm də Yerdə təmiz, simsiz enerji həlləri təmin edə bilər.
Qauqer qeyd edir: “Yeni texnologiyamız kosmik stansiyalarda inşa edilib istifadə oluna bilsəydi, bu, yerli enerji istehsalına kömək edə, hətta infraqırmızı lazer şüalarından istifadə edərək, peyklərə və ya Yerə enerji göndərmək üçün bir yol təklif edə bilər”.
Alimlər aldıqları işığın hər bir fotonunu tutmaq üçün təkamül keçirmiş bakteriyaları tədqiq etməklə başlayacaqlar. Bu komponentlər daha sonra daha böyük sistemlərdə sınaqdan keçirmək üçün yeni tip lazer materialına çevriləcək.
Kosmik agentliklərin Mars həyəcanı
Tapıntı kosmik agentliklərin və özəl şirkətlərin Marsı kəşf etmək səylərini gücləndirdiyi bir vaxta təsadüf edir. “SpaceX”in dünyanın ən güclü raketi olan “Starship”i gələcək Mars missiyaları üçün öz imkanlarını inkişaf etdirməyə davam edərkən, altıncı sınaq uçuşuna hazırlaşır.
Bu kosmik gəmi həm NASA-nın Ay missiyalarında, həm də “SpaceX”in Baş direktoru İlon Maskın Marsı koloniyalaşdırmaq vizyonunda mühüm rol oynayacaq. Çin də kosmosda irəliləməyə davam edir və 2031-ci ilə qədər “Tianwen-3” missiyası ilə Marsdan torpaq nümunələri gətirməyi planlaşdırır.
Bakteriya əsaslı lazer texnologiyası bu iddialı Mars missiyaları üçün davamlı enerji həllini təmin etməklə, kosmik tədqiqatların ən böyük problemlərindən birini həll edə bilər.
Sevinc Əliyeva
Ordu.az