Türkiyə “yüksək liqa”ya çağırılacaq – Strateji səbr ehtiyatı nüvə silahından daha güclü amildir

2024/12/1733315845.jpg
Oxunub: 502     09:37     05 Dekabr 2024    
Ötən günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dünyanın taleyi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün öhdəsinə buraxıla bilməz, 194 ölkənin taleyini 5 ölkə həll etməməlidir.

Türkiyə prezidenti bu barədə yeni danışmır. O, 2021-ci ildə Afrikaya səfəri zamanı bu məsələni Anqola parlamentində qaldırmışdı. Ankara bəlkə də bu mövzuda açıq danışan yeganə ölkədir, ancaq, əlbəttə, BMT Təhlükəsizlik Şurasının islahatı baxımından yeganə benefisiar dövlət deyil. Türkiyə Təhlükəsizlik Şurasında daimi yer tutmaq fikrindədir.

Digər tərəfdən “qapıları döyməy”in səbəbi odur ki, beynəlxalq müzakirələrdə digər iddiaçıların adları səslənsə də, qəsdən Türkiyənin adını səsləndirmirlər. Məsələn, həm ABŞ, həm də Rusiya deyir ki, BMT Təhlükəsizlik Şurasında Hindistana, Latın Amerikasına yer vermək lazımdır. Burada daha çox Braziliya nəzərə alınır. Hətta Afrikadan da danışırlar, amma Türkiyəni “yuxarı liqa”ya götürmək, qəbul etmək haqqında hər hansı bir söhbət yoxdur.

Təbii ki, bu, rəsmi Ankaranı ciddi şəkildə narahat edir. Narahatlıq odur ki, bu mexanizm gec-tez dəyişdiriləcək, lakin bu dəyişiklik Türkiyə olmadan edilə bilər. Türkiyə Yaxın Şərq, Qafqaz və Aralıq və Qara dəniz regionunda söz sahibi olsa da, bunu qəbul etməkdən yayınırlar. Ümumiyyətlə, bu, çox ədalətsiz qiymətləndirmədir, çünki Ankara kifayət qədər iddialı geosiyasi subyekt, böyük strategiya həyata keçirən bir aktordur.

NATO-nun ikinci ən böyük ordusuna ev sahibliyi edən Ankara bir tərəfdən sabitliyin və sülhün lehinə çıxış edə, digər tərəfdən qeyri-sabitliyin qarşısının alınması üçün aktiv hərəkətə keçə bilər. O, hər hansı bir regionun və ya zonanın partladıcısı, yaxud yandırıcısı olan aktorları zərərsizləşdirə bilər. Bu, bu gün məsələn, Suriyada, dünən Kosovoda olduğu kimi, o biri gün də başqa yerdə ola bilər. Bununla belə, onun fəaliyyətləri böyük güclər tərəfindən həzm edilə bilən şəkilə çatmayıb.

Buna görə də Ərdoğan BMT beşliyi ilə bağlı haqlı olaraq sərt çıxışlar edir və qapıları döyür. Nəticə etibarilə deyə bilərik ki, Türkiyənin üzünə “yüksək liqa”nın qapılarının açılmasının praktiki perspektivi mövcuddur, çünki Türkiyədə bunun üçün tələb olunan strateji xüsusiyyətlər var və burada məsələ heç də nüvə silahı standartı deyil. Ən əsası Türkiyənin geosiyasi mübarizə üçün lazım olan strateji səbr ehtiyatının güclü olmasıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   BMT   Ərdoğan  


Bizi "telegram"da izləyin