Rusiya XKX belə nəticəyə gəlib ki, Qərbin Ukraynanın hərbi sənaye kompleksinin bərpası və modernləşdirilməsi planı var. Belə başa düşülür ki, Rusiya hazırkı təmas xətti boyunca müharibəni dayandırmaq, bufer zona yaratmaq və Ukrayna tərəfində Avropa “sülhməramlı qüvvələrini yerləşdirmək” planına qarşıdır. ABŞ-nin nüfuzlu KİV-lərinin yazdığına görə, bu plan Ukrayna böhranının həlli üçün “Tramp planıdır”.
Bundan əvvəl Rusiya ABŞ-nin yeni seçilmiş prezidentinin komandasının Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndə təyin etmək niyyətində olması ilə bağlı səsləndirdiyi fikrə müsbət cavab verməyib. Görünür, Ağ Evin gələcək “sahibi” Moskvanın bədbinliyini ciddi qəbul etməyib və bununla belə, planlaşdırılan təyinatı həyata keçirəcək. Mətbuatın yazdığına görə, təqaüddə olan general Kit Kelloq Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin olunacaq.
Sonuncu Trampın prezidentliyinin birinci dövründə vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini tutub. Kelloq daha əvvəl Ukraynanı “yeni Sparta” adlandırıb və Kiyevə hərbi yardım göstərmək siyasətini tam dəstəkləyib. Lakin indiki mərhələdə önəmli olan Kelloqun, hətta ABŞ-nin seçilmiş prezidentinin mövqeyi yox, Vladimir Putinin Trampın inadına boyun əyib-əyməyəcəyi, Ukrayna məsələsi üzrə xüsusi nümayəndə-elçi təyin edib-etməyəcəyi məsələsidir.
Putinin KTMT sammitindəki çıxışının vurğularına əsaslansaq, o öz nöqteyi-nəzərini saxlamaqda davam edir: Ukrayna ilə nizamlanma ancaq Moskvanın şərtləri ilə baş tuta bilər. Bu isə o deməkdir ki, o, “Tramp planı”nı qəbul etmir. Bu mənada Rusiya XKX-nin mətbuat bürosunun yaydığı məlumat kəşfiyyat məlumatlarının təhlilinə əsaslanan nəticə olmaqla yanaşı, həm də siyasi bəyanatdır.
ABŞ mətbuatı ABŞ prezidenti Cozef Baydenin yaxın ətrafına istinad edərək yazır ki, Vaşinqton Putinin nüvə silahından istifadə ilə bağlı hədələrini ciddi hesab etmir. Bəlkə də bu, informasiya yemidir və ya ABŞ Rusiya prezidentinin ictimai bəyanatlarında nə qədər barışmaz olsa da, danışıqlar aparmağa qadir olduğu görüntüsü yaradır.
Diplomatiya üçün vaxt hər gün daralır və Rusiya-Ukrayna müharibəsi elə kulminasiya nöqtəsinə çatıb ki, siyasi həll geciksə, texnoloji rəqabət geri dönüşü olmayan həddə çata bilər. Təsadüfi deyil ki, Rusiya prezidenti açıq mətnlə “Oreşnik” raketlərinin kompleks zərbələrinin nüvə silahı ilə eyni dağıdıcılığa səbəb olacağını deyir.
Maraqlıdır ki, Tramp Ukrayna məsələsi ilə bağlı xüsusi nümayəndə təyin etmək qərarı verib və ya bu barədə məlumat KTMT sammitindən cəmi bir gün sonra açıqlanıb. ABŞ-nin yeni seçilmiş prezidenti yəqin bu mesajla Putinə eyham vurub ki, onun edə biləcəyi maksimum güzəşt Rusiya-Ukrayna münaqişəsini dondurmaq planıdır. Putin bu “ultimatum”u qəbul edəcəkmi?
Görünür, Rusiyanın KTMT məkanında dominant mövqedə qalıb-qalmaması məsələsi Ukrayna nizamlanmasından asılıdır.
Asif Cəfərov
Ordu.az