Rusiyanın yeni silahı “Oreşnik” raketi haqqında nə məlumdur? - FOTOLAR

2024/11/1732779050.jpg
Oxunub: 4715     19:30     02 Dekabr 2024    
ABŞ və Böyük Britaniyanın Kiyevə uzun mənzilli hücum icazəsi verməsindən sonra Rusiya “Oreşnik” adlı yeni raketlə Ukraynanı vurdu. Ötən ay Ukraynaya qarşı ilk dəfə istifadə edilən silah nüvə silahı daşıma gücünə malikdir.

ABŞ mətbuatının yazdığına görə, Rusiyanın Ukraynaya əvvəllər heç vaxt istifadə olunmayan silahla hücumu çaxnaşma və xaosa səbəb olub. İddia olunub ki, bu xaos Rusiya prezidenti Vladimir Putinin istədiyi bir şeydir. Beləliklə, “Oreşnik” raketinin müharibəyə cəlb olunması nüvə müharibəsinin ilk xəbərçisi ola bilərmi?

Rusiya üç ildən artıq davam edən müharibədə ilk dəfə Ukraynaya qarşı yeni ballistik raketdən istifadə edib. “Oreşnik” adlı orta mənzilli ballistik raket Dneprdəki silah zavodunu hədəfə alıb. Raketin döyüş meydanına strateji təsiri və onun Avropadakı NATO ölkələri üçün nə demək olduğu barədə müzakirələr davam edir.


Putin raketi Qərbin iqtisadi sanksiyalarından təsirlənməyən yerli rus texnoloji uğuru kimi qiymətləndirib. “Oreşnik” həm də Moskvanın nüvə müharibəsi təhlükəsini artırdığı bir vaxtda nüvə silahı daşımaq qabiliyyətinə malik olması ilə seçilir.


Yeni bir silah?

Pentaqon bildirir ki, “Oreşnik” Rusiyanın 2011-ci ildən sınaqdan keçirilən RS-26 “Rubezh” raketinin dəyişdirilmiş versiyasıdır. Hərbi ekspertlər “Oreşnik” adının “fındıq ağacı” mənasını verdiyini bildirir və bunun onların fındıq salxımlarına bənzəyən döyüş sursatı ilə bağlı olduğunu ehtimal edirlər.


Rusiya Strateji Raket Qüvvələrinin baş komandanı Sergey Karakayevin sözlərinə görə, dünyada “Oreşnik” raketinə bənzər sistem yoxdur. Rusiyaya görə, bu silah göstərilən missiya və məsafədən asılı olaraq hətta bütün Avropadakı hədəfləri vura bilir.


ABŞ mətbuatında dərc olunan xəbərdə Rusiyanın Ukraynaya daha əvvəl heç istifadə edilməmiş silahla hücumunun çaxnaşma və xaosa səbəb olduğu bildirilib. İddia edilib ki, bu, məhz Putinin istədiyi bir şeydir.


“FoxNews”un məlumatına görə, Putin hazırda Kiyevi dəstəkləyən ABŞ və NATO liderlərinə strateji mesaj vermək və psixoloji təzyiq yaratmaq istəyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Oreshnik   ABŞ  


Bizi "telegram"da izləyin