Taktiki hərbi terminlə desək, TƏM zirehli hərbi texnikanın istifadəsinin qarşısını alır, əngəlləyir və ya gecikdirir. Düşmənin bu TƏM-ləri təmizləmək cəhdlərinə mane olmaq və minatəmizləmə personalının işinə mənfi təsir göstərmək üçün minaları zərərsizləşdirmə əleyhinə vasitələrdən istifadə olunur. Nisbətən bahalı və taktiki cəhətdən daha vacib olan TƏM-i qorumaq üçün icad edilən orijinal qurğulardan biri Piyada Əleyhinə Mina (PƏM) idi. Bu sonuncu qurğu indi qadağan edilib, lakin onlar TƏM-lə birlikdə istifadə olunur. PƏM-lərin bu formada istifadəsi ilə bağlı hüquqi narahatlıq yaranıb.
TƏM-lər bəzən “Piyada Əleyhinə Minalardan başqa minalar” termini ilə də adlandırılır, bu ifadə bir sıra digər mina növlərini də əhatə edir. TƏM və onları qoruyan mexanizmlər münaqişə zamanı və ondan sonra mülki şəxslərə və onların icmalarına ciddi təsir göstərə bilər.
Minaların zərərsizləşdirilməsi əleyhinə istifadə olunan qurğular
Uzun illər ərzində TƏM-lərdə istifadə edilən qoruyucuların və aktivləşdirmə mexanizmlərinin həssaslığı ilə bağlı ciddi narahatlıqlar yaranıb. Maqnit sensorlar, kəsici tellər, üçlü tellər və digər mexanizmlər narahatlıq doğurur. Birləşmiş Krallıq bildirir ki, bu cür qoruyucular daha az həssas olmaq üçün dizayn edilə bilməz, belə görünür ki, texnologiya problemi həll edə bilməyib.
Ottava Müqaviləsinin imzalanmasından sonra Böyük Britaniya və Hollandiya F2 MIACAH adlı naqillə işə düşən minalarını istismardan çıxardılar və məhv etdilər. Bu minalara naqillər quraşdırılır və piyada bu naqili ayağı ilə qırarsa, mina partlayır. Tərəflər bildirir ki, naqillər həqiqətən bir şəxs tərəfindən qırıla bilər. Böyük Britaniya müzakirələri zamanı naqillərin, çubuqların və digər həssas qoruyucuların bir şəxs tərəfindən işə salınmasının “yüksək ehtimal” olduğunu və “tank əleyhinə minaların partladılması üsulları kimi qəbuledilməz olduğunu” qəbul edib. Bu şəkildə fəaliyyət göstərən TƏM-lər buna görə də piyada əleyhinə minalar ilə assimilyasiya edilir və qadağan edilir. 2000-ci illərin əvvəllərində Almaniyada fiber-optik sensor kabel (breakwire) ilə təchiz olunmuş təxminən 10.000 PARM-1 adlı mina ehtiyatı var idi.
Təriflər
1990-cı illərdə nəzərdən keçirilmiş Adi Silahlar və Minalara dair Konvensiyaya dair ilk Protokolda bu məsələnin hüquqi müstəvidə həll edilməsinə dair ilk cəhd göstərildi. Bu tərifə görə, minanın zərərsizləşdirməsi əleyhinə istifadə edilən qurğular (ingiliscə “Anti-handling device”) dedikdə minanın bərkidilən və ya minanın altına yerləşdirilən, minanı qorumaq üçün nəzərdə tutulan və onun tərkib hissəsi olan, minaya müdaxilə etməyə cəhd edildikdə aktivləşən qurğuları nəzərdə tutulur.
Ottava Müqaviləsi üzrə danışıqlar aparan tərəflər faktiki olaraq belə cihazların personala təsir göstərə biləcəyini və təklif olunan qadağaya məruz qala biləcəyini qəbul etdilər. Ottava Müqaviləsi TƏM-lərlə bağlı deyil və buna görə də cihazları işə salmaq üçün istifadə olunan üsulların zərərsizləşdirilməsi əleyhinə olan mexanizmin istifadəsini müəyyən edir.

Bu yeni tərif mahiyyətcə minanın zərərsizləşdirilməsinə cəhd hərəkətini müəyyən edir. Yuxarıda təsvir olunduğu kimi, bu cihazların məqsədi minadan təmizləməni dayandırmaqdır. Buna görə də Ottava Müqaviləsi minaya qəsdən müdaxilə edən şəxs və ya qəsdən müdaxilə etməyən şəxs kimi müəyyən edilən insanın niyyətinə əsaslanır.
Bu arqumentin bir neçə qüsuru var:
Fərq qoymama - Birincisi: Bu cihazlar minaya müdaxilədə qəsdən və qəsdən olmayan hərəkəti necə ayırd edə bilər? Belə bir cihaz minatəmizləmə maşınını və ya mülki traktoru, minanı çıxarmağa cəhd edən hərbçini və ya onunla oynamaq istəyən uşağı necə ayırd edəcək? Mövcud texnologiya bu suala cavab vermir.
Ekspert sübutları deməyə əsas verir ki, bu cihazlar ciddi humanitar problemlər yarada bilər.
İkincisi: Dünya üzrə minatəmizləyicilərinin əksəriyyəti ölkələrini təhlükəli minalardan və partlamamış hərbi sursatlardan təmizləmək üçün çalışan mülki vətəndaşlardır. Zərərsizləşdirmə əleyihə qurğlarla təchiz edilən TƏM-lər bu mülki humanitar personalı da hədəf alır.
Zərərsizləşdirmə əleyihə qurğular, buna bənzər cihazlar və tətikləmə mexanizmləri ilə təchiz olunduqda, TƏM-lərin böyük piyada əleyhinə minalara çevrildiyi və Ottava Müqaviləsinin əhatə dairəsinə düşdüyü iddia edilir.
Yuxarıda göstərilən arqumentlərə əlavə olaraq, dövriyyədə olan bəzi həssas qoruyucular və zərərsizləşdirmə əleyihə qurğular müxtəlif müntəzəm fəaliyyətlərlə aktivləşdirilə bilər:
Maqnit sahələri – Sistem (hərbi) texnikanın metal gövdəsinin yaratdığı maqnit sahəsindəki dəyişiklikləri hiss edən zaman TƏM-ləri partladan qoruyucular istehsal edilib. Bununla belə görünür ki, praktikada bu maqnit sensorlar hətta insanlar tərəfindən edilən daha kiçik maqnit dəyişikliklərini də hiss edə bilir və minanın partlamasına səbəb ola bilər.
Hərbi və minatəmizləmə işçiləri tez-tez belə bir minaya və ya daşınan radio və ya metal əşyaları daşıyan qurğuya bilərəkdən yaxınlaşmayacaqlarını bildirirlər, çünki radiotezliklər və hətta metalın yaratdığı maqnit sahəsindəki kiçik dəyişikliklər minanın partlamasına səbəb ola bilər.
Bundan əlavə, bəzi zərərsizləşdirmə əleyhinə qurğular minalarda təmizləyicinin metal detektorunu hiss etdikdə partlatmaq üçün nəzərdə tutulub. Bu cür qurğular Adi Silahlar haqqında Konvensiya ilə qadağandır.
Fərdi maqnit sahələri – Maqnit təsirli sistemlər bir çox “müasir” TƏM-lərdə istifadə olunur. Birləşmiş Krallıq hökuməti iddia edir ki, “pis dizayn edilmiş maqnit təsir sensorları minaları həssas edə bilər, yaxşı dizayn edilmiş maqnit təsir sensorları isə hərbi və humanitar tələblər arasında uyğun balansa nail ola bilər”.
İnsan tərəfindən yaradılan maqnit sahəsinin dəyişməsinə belə reaksiya verən maqnit sensorlar hazırlandığı da məlumdur. Belə sensorlar Konvensiya ilə məhdudlaşdırılmır.
Məsələn, FFV 028 özünü zərərsizləşdirən TƏM. Bu mina ətrafındakı elektromaqnit sahəsindəki dəyişikliklərlə işə salınır. Ərazidə metal tərkibinin artması (məsələn, onun üzərindən keçən avtomobil) və ya sadəcə minanın hərəkət etdirilməsi (yəni yerin maqnit sahəsinə münasibətdə oriyentasiyasının dəyişdirilməsi) onu işə sala bilər. O, partlayanda normal olaraq üzərindəki texnikanı tamamilə məhv edəcək (“fəlakətli ziyana” səbəb olacaq) və 150-225 metr radiusa qəlpələr saçacaq. Partlayan zaman 1 km-ə qədər ərazi təhlükəlidir. Minalar xüsusi maşın vasitəsilə dəqiqədə 13 ədəd olmaqla yerləşdirilə bilər.
Kanada qüvvələri minanın qəsdən törədilən hərəkətlə işə salına biləcəyinə inanır. Kanada bu minaları ehtiyatda olanlarla birgə siyahıya alıb. Belə ki, 1996-cı ildə başlanmış və 1997-ci ilin oktyabrında başa çatan 5-6 milyon dollar dəyərində olan prosesdə Hollandiyadan əlavə 12.000 mina aldığı bildirilir. Bu minanın Ottava Konvensiyasına uyğunluğu ilə bağlı hansı addımların atıldığı bəlli deyil.
Minanın hərəkət etdirilməsi - Merkuri açarları və maqnit qoruyucuları çox vaxt qəsdən müdaxilə edildikdə minanın işə düşməsinə səbəb olmaq üçün idarəedici qurğular kimi istifadə olunur. Mexanizmin içərisində olan civə, əyildiyi təqdirdə, iki nöqtə arasında hərəkət edəcək və minanı işə salan elektrik bağlantısı yaradacaq. Digər maqnit qoruyucuları yerin maqnit sahəsində hər hansı bir hərəkəti hiss edir, mina yerindən tərpənə və partlayış baş verə bilər. Buna nümunə olaraq bir neçə NATO ölkəsi tərəfindən istifadə edilən Almaniya istehsalı AT-2 minasını göstərə bilərik. AT-2-nin maqnit birləşməsi onun idarəolunma qurğusu ilə yanaşı, minanın qəsdən törədilmiş hərəkətlə, məsələn, minanın üstünə basma və ya büdrəmə nəticəsində yaranan yüngül hərəkət nəticəsində partlamağa imkan verir.
Aşağı təzyiqlə aktivləşmə
Uzun müddətdir hesab olunurdu ki, əksər TƏM-lər 150 kq-dan çox təzyiqlə işə salındığından onlar mülki piyadalar üçün təhlükə ola bilməz. Böyük Britaniyanın məşhur idman elmləri ilə məşğul olan Loughborough Universiteti tərəfindən aparılan biomexanikanın öyrənilməsinə əsaslanan araşdırma, insanın bu cür təzyiqlərə yaxın və ondan yuxarı olan ekvivalent qüvvəni çox asanlıqla göstərə biləcəyinə dair çox güclü sübutlar təqdim edir. Məsələn, 30 kq ağırlığında olan 8 yaşlı uşaq ayaqqabısı ilə qaçarkən 146 kq qüvvə tətbiq edir. Çəkisi 40 kq olan 9 yaşlı qız çılpaq ayaqları ilə yoxuş aşağı qaçaraq 167 kq güc tətbiq edir. Yetkin bir kişi qaçışda 213 kq çəki ilə yerə ayaq basır.

2003-cü ilin əvvəlində İsveçrə “Pz Mi 60” tipli bütün TƏM-ləri istismardan çıxardı və onları məhv etdi. Çünki “Pz Mi 60”ın qoruyucusu 30 kq təzyiqə reaksiya verir.
5. Müəyyən edilməyən TƏM-lər
Narahatlıq doğuran daha bir sual ondan ibarətdir ki, TƏM-lərin bir hissəsi mövcud metal detektorlar tərəfindən faktiki olaraq aşkar edilməyəcək hala gətirilir. Hərbi nöqteyi-nəzərdən bu, düşmənin yollarda və relslərdə mina tapıb təmizləməsini çətinləşdirir və vaxt aparır. Bununla belə, bu, münaqişədən sonrakı minalardan təmizləmə prosesinə oxşar təsir göstərir. Yollarda minaların aşkarlanması və beləliklə, onları yardım, qaçqınların hərəkəti və digər humanitar işlər üçün sürətlə açmaq daha çətin, vaxt aparan və baha başa gəlir.
6. Humanitar Təsir və TƏM-lərin istifadə nümunələri
TƏM Əfqanıstan, İraq və Anqola da daxil olmaqla bir sıra ərazilərdə mülki və hərbi şəxslər arasında fərq qoymadan istifadə edilib və dünya üzrə münaqişədən sonrakı icmalarda mülki əhalinin sayının artmasına və yaralanmasına görə məsuliyyət daşıyır. Bu təsir xüsusilə BQXK tərəfindən sənədləşdirilib. Bundan əlavə, TƏM-lər hərbi məqsədlə döşəndiyi hallarda belə, hərbi məqsəd artıq sübuta yetirilə biməz, çünki bu silahların davamlı istifadəsi mülki şəxslərə təhdid yaradır.
Yollarda və digər ərazilərdə TƏM-lərin və ya digər minaların olması ilə bağlı şübhələrin yayılması nəqliyyat və kommunikasiya marşrutlarını effektiv şəkildə bağlayır və kənd təsərrüfatına, iqtisadi dirçəlişə mane olur.
Aşağıda TƏM-lər yayılması və ölüm, xəsarət və humanitar problemlərlə bağlı humanitar agentliklərdən və mediadan bir sıra nümunələr verilib.

“Humanitar minatəmizləmə təşkilatlarından və minalarla mübarizə mərkəzlərindən alınan məlumatlar aydın göstərir ki, təmizlənmiş TƏM-lərin sayı təmizlənmiş PIM-lərin sayı ilə müqayisədə nisbətən azdır. BQXK-nın topladığı rəqəmlər göstərir ki, təmizlənmiş TƏM-lərin faizi təmizlənmiş ümumi minaların 4%-dən çox deyil. Sənaye ölkələri qeyri-sənayeləşmiş ölkələrlə müqayisədə daha geniş miqyasda TƏM-lərdən istifadə ediblər. Minatəmizləmə təşkilatlarının 2000-ci illərin əvvəllərində verdiyi məlumatına görə, Kosovo, Küveyt və Qarabağda təmizlənmiş TƏM-lər onların təmizlədikləri minaların ümumi sayının müvafiq olaraq 62,2%-ni, 34,5%-ni və 70,9%-ni təşkil edib”.
Hətta PƏM-lərdən daha az sayda istifadə edilən TƏM-lər münaqişə bölgələrində mülki əhalinin həyatına və minalardan təmizləmə və yardım təşkilatlarının fəaliyyətinə ciddi təsir göstərir.
Tək bir TƏM və ya bu cür minaların olması qorxusu, nəqliyyat marşrutlarını aylarla, hətta illərlə bağlaya bilər və böyük ərazilərdə malların, zəruri yardım materiallarının daşınmasına və insanların hərəkətinə mane ola bilər. Məsələn, Mozambikdə Milanj və Morrumbalanı birləşdirən yolda yerləşən tək TƏM bu iki rayonun paytaxtını 10 ildən çox müddətə dünyanın qalan hissəsindən ayırıb.
Habelə Hindistan Hindi okeanından Himalaya qədər 3000 km-dən çox uzanan Pakistanla sərhədinə milyonlarla mina basdırır. Plan bəzi yerlərdə beş kilometr dərinliyə qədər piyada və tank əleyhinə mina sahələri ilə dünyanın ən uzun möhkəmləndirilmiş sərhədini yaratmaqdır. Hindistan və Pakistan tank və piyada əleyhinə minalar istehsal edir. Hindistanda dörd milyondan çox, Pakistanda isə altı milyona yaxın mina ehtiyatı olduğu təxmin edilir. Mütəxəssislərin hesablamalarına görə, təhlükəsizlik qüvvələri bütün sərhəd boyu hər metrə ən azı bir mina yerləşdirməlidir ki, bu da 3 milyondan çox mina deməkdir.
(Ardı var...)
Dəyanət Ağalarlı
Ordu.az