Şəhid qardaşı: “Daha ağlamamalıyıq, onların şəhadətinə üzülməməliyik, tökülən qanlar batmadı” – REPORTAJ (FOTOLAR)

2024/01/37-6826070028.jpg
Oxunub: 1312     15:18     29 Yanvar 2024    
“Biz hər il qardaşım üçün iki mərasim günü keçirdirik. Bunlardan biri onun doğum günü, biri isə şəhadətə qovuşduqdan sonra tapılıb torpağa basdırıldığı gündür. Amma iş elə gətirib ki, onun həm doğum, həmdə şəhadət günləri hüzn gününə təsadüf edib”.

Ağdərə rayonu Sırxavənd kənd sakini Elşad Əliyev əməkdaşımızla olan söhbətində bir çox qürur duyulacaq fikirlər səsləndirib.

Ordu.az saytı hər zaman müharibə ilə bağlı olan və bu dəhşətli anların yaralarını gəzdirən şəxslərin təəssüratlarını oxuculara çatdırır. Vətən müharibəsi qələbəsindən sonra, həm müharibə zamanı yaralanan şəxslər, həm də yaxınları şəhid olan şəxslərin fikirlərini sizlərə çatdırırıq. Bu yazımızda daha bir şəhid ailəsi üzvünün qürur dolu sözlərini Sizə çatdıracağıq.


Elşad Sevindik oğlu Əliyev Ağdərə rayonu Sırxavənd kənd sakinidir. Hələ müharibənin ilk günlərindən başlayaraq bir çox həmyerliləri kimi, onların da ailəsində olan kişilər silaha sarılaraq vətənin müdafiəsinə qatılıblar. Natiq Əliyev kiçik qardaşı Natiqin Sovet ordusu sıralarından qayıdıb özünümüdafiə batalayonuna yazılması və keçdiyi döyüş yolundan danışmaq istəmədi. Daha doğrusu dedi ki, mən artıq pozitiv olmaq istəyirəm. “Natiqi şəhid olandan hər il onun anım gününü ürək ağrısı və kövrək hisslərlə keçirmişik. Amma indi daha qürurlu bir hisslərlə qardaşımı anırıq. Təbii ki, buda əbəs yerə deyil. Çünki, qardaşımın bir vaxtlar arzuladığı və uğrunda canın verdiyi torpaqlarımız azad edilib”.

Natiq Əliyevin doğum günü 20 yanvar tarixinə təsadüf edib. Bu səbəbdən də qardaşı Natiqin düşmənə qarşı daha amansız olmağa çalışdığını deyən Elşad Əliyev deyir ki, bu gün artıq torpaqlarımızın düşmən tapdağından azad edilməsi, təkcə onlar üçün deyil, həm də qardaşının ruhunun rahat olmasına əsas verir.


“Natiq əsgərlikdən yarımçıq qayıtmışdı. O, kənd ərazi özünümüdafiə batalyonunda yazılmışdı. İlk günlərdən kənddə yalnız ov tüfəngi olsa da, sonralar gətirilən iriçaplı pulemyotu o götürüb. Niyə başqa silah götürmürsən deyəndə deyirdi ki, bu silah bir az uzaq vurur ona görə də mənə pulmeyot sərf edir. Kəndimiz elə yerdə yerləşirdi ki, ermənilərlə aramızı cəmi bir neçə metr məsafə ayırırdı. Bizim hətta həyətyanı sahələrimiz belə ermənilərlə çəpər-çəpərəydi. Amma postlarımız yüksəklikdə yerləşdiyi üçün ordan ermənilərin hərəkətini daha yaxşı nəzarətdə saxlamaq olurdu. Ermənilər bir neçə dəfə kəndlərimizdə dinc sakinləri atəşə tutaraq şəhid etmişdilər. Həmin anlarda Natiqin erməniləri atəş altında saxlamaq üçün etdiyi fəallıq hamının dilində səslənir”.


E. Əliyev qardaşı ilə bağlı xatirələrini danışarkən bugünkü uğurların fonunda keçirdikləri qürur və sevinc hisslərinə də toxunub. “Mən və ailəm, yaxınlarımız belə düşünürük ki, artıq şəhidlərimiz üçün ağlamaq, göz yaşı tökmək, qəm-qüssə saxlamaq lazım deyil. Səbəbi isə çox sadədir. Bizim şəhid olan yaxınlarımızın əsas istəyi və amalı bu vətən torpaqlarının azadlığı olmayıbmı? Məgər onlar bu vətən üçün xidmətə qalxıb sinələrini düşmən gülləsinə sipər etmək istəyinə dolanda ölümü gözə almamışdılarmı? Təbii ki, ürəklərinə vətən sevgisi dolan hər bir kəs öz qanı ilə vətən torpağın yoğurmağa hazır olub. Çox şükürlər olsun ki, illərdir onların tökülən qanları ilə yoğrulan vətən torpaqlarında qələbə soraqlı toxumlar cücərib. Yəni, qısacası onu deyim ki, şəhidlərimizin tökülən qanları batmadı. Biz onlar üçün daha ağlamamalıyıq, onların şəhadətinə üzülməməliyik, bu gündən sonra onların ruhu qarşısında bu qələbəni daha qürurlu bir şəkildə qeyd etməliyik”.

İndi düşmənin qarşısında daha əzmli və başı uca durmalıyıq deyən E. Əliyev 2020-ci ildən başlayaraq əldə edilən uğurlarımızın bundan sonra da davam edəcəyinə inandığını bildirib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ağdərə   Şəhi  


Bizi "telegram"da izləyin