Ordu.az saytı erməni vəhşiliyinin qurbanı olan, bir çox soydaşlarımızla bağlı silsilə yazıları təqdim edir. Əsas məqsədimiz soydaşlarımıza edilən qeyri-insani davranışları hər kəsin bilməsidir. Bu yazımızda 18 ay erməni əsirliyində olduğu müddət ərzində hər gün işgəncələr görən Aydın Əziz oğlu Məhərrəmovun əsirlik həyatını öz dilindən söylədiyi kimi Sizə çatdırırıq.

O, vətən torpaqlarının dar günündə silaha sarılan minlərlə vətən övladlarından biri olub. Azərbaycan ordusu sıralarında ilk xidməti başlayandan bir neçə istiqamətlərdə erməni hücumlarının dəf edilməsi əməliyyatlarında iştirak edib.
Döyüşlərdən birində yaralanaraq əsir düşən Aydın Məhərrəmovun qonağıyıq. Aydıngilin evini tapmaq bizim üçün o qədər də çətin olmadı. Çünki kəndlərində onu uşaqdan-böyüyə hamı tanıyır. Zahiri görünüşündən onsuz da yaxşı olmayan evin içərisindəki yaşam tərzini bilmək o qədər də çətin deyil. Köhnə, evin sınıq pəncərəsindən çölə sızıb ətrafa yayılan inilti səsi adamı diqqət kəsilməyə vadara edir. Artıq 29 ildir ki, bu evdən gələn bu səs, ağrılar içərisində qıvrılan Aydını təkcə kənd sakinlərinə deyil, elə bu kəndə gələn qonaqlara da tanıdıb. Əsirlik həyatında qazandığı fiziki travmalar artıq Aydının gündəlik yaşam tərzinə çevrilib. Evə daxil olanda yerdə salınmış yataqda sağ böyrü üstə uzanmış, başını qaldırmağa heyi olmuyan Aydın, dil ucu bizə xoş gəlmisiniz deyir. Qarşılaşdığımız mənzərə qarşısında lal olub qalmışıq. Doğrusu hardan başlayıb, hardan qurtaracağımız belə yaddan çıxdı. Bu, indiyə qədər gördüyümüz ən dəhşətli mənzərələrdən biriydi. Əli ilə işarə edib oturmağımızı bildirir. Ailə üzvləri deyir ki, sakitləşdirici vurulub, o qədər effektli olmasa da 10-15 dəqiqəlik təsiri olur. Biz də bir söz demədən onun sakitləşməsini gözləyirik. Azacıq özünə gələndən sonra, udqunaraq aram-aram sözə başlayır:

“Əsir düşəndən sonra, mənə qarşı olan işgəncələr başladı. Yol boyu başıma vurulan avtomat qundağının zərbələri, bədənimin müəyyən yerlərinə batırılan bıçaq, onsuz da yaralı olan bədənimdə ciddi ağrılara səbəb olurdu. Səhəri gün məni bir yerə apardılar. İçəri daxil olanda görünürdü ki, bura işgəncə yeri kimi istifadə olunur. Divarda olan qan ləkələri, yerdə olan saçlar, müxtəlif paltar cırıqları, hətta insan əzalarında qopan ət qırıqları adamda vahimə yaradır. O mənzərəni görəndə öz halım yadımdan çıxdı. Burda insana hansı işgəncə verilir ki, insan əti bu qədər parçalanaraq yerə tökülüb deyə düşünürdüm. Məni aparan kimi, əvvəlcə orda olan dəmir çarpayıya bağladılar. Onlar məni bağlayanda gözüm yerdə olan insan bədəninin ət parçalarına dikildi. Bir anlıq gözümün önünə hansı işgəncəylə və necə öldürüləcəyim gəldi. Amma yanılmışdım, sən demə bir gündə işgəncəylə ölmək, hər gün ölüb dirilməkdən daha dəyərli mükafatıymış. Mənə axşama qədər işgəncə verdilər. Əvvəl yumruq təpiklə vururdular. Ondan sonra ayaqlarımı çarpayının başına bağlayıb əllərində olan rezin dubinka və sonra da dəmir boru ilə döyməyə başladılar. Məni dəmir boru ilə nə qədər döydülərsə boru əllərində əyildi. Ondan sonra ayaqlarımın altına dayanmadan vururdular. Ən çoxda dabanımdan başlayaraq dizimə qədər dəmir parçasıyla dayanmadan vururdular. Ayağımın altına dəyən hər bir zərbədə elə bilirdim ki, gözlərim yerindən çıxacaq. Döyülmə ərəfəsində bir neçə dəfə özümdən getdim. Bir müddət sonra ayılandan daha dəhşətli və şiddətli döyməyə başlayırdılar. Hətta huşumu itirəndən sonra özümə gəlmək üçün, orda olan küt dəmir barçasıyla bədənimin müxtəlif yerlərini kəsməyə cəhd edirmişlər ki, özümə gəlim. Axır küt dişli dəmirlə qolumu kəsəndə oyandım. Ayaqlarıma, qarnıma, kürəyimə o dəmiri sürtərək kəsirdilər. O zaman yerdə olan ət parçalarının hansı üsulla kəsildiyi gözümün önünə gəldi. İşgəncənin təsiri, ağrıların şiddəti o qədər sarsıdıcı olurdu ki, ağrı iliyimə qədər işləyirdi”.
- Heç sizi nədəsə sorğu-sual eləyirdilər, yoxsa heç nə demədən işgəncə verirdilər?
- Əvvəlki günlərdə heç bir söz soruşmadan döyürdülər. Ən çox döydükləri isə arıq və yaralı olanlar olurdu. Məni döyəndə də onları ən çox qıcıqlandıran da o qədər işgəncə fonunda qışqırmadan sakitcə uf çəkməyim olurdu. Axırda ermənilərdən biri məni söyərək dedi ki, heç olmasa qışqır, bizə yalvar səni tez öldürək. Məndə onsuz da sağ qalmağa ümidim yoxuydu deyə, özümə söz vermişdim ki, nə qədər ağır işgəncələr olsa belə qışqırımayacam.
Aydın danışır. O danışdıqca xəyali olaraq o dəhşətli mənzərələri gözümüz önündə canlandırırıq. O yaşadığı anları danışdıqca dərman atmasına baxmayaraq, ara-sıra aldığı travmaların acısından ufuldayıb, bir az danışığına ara verib yenidən söhbətə başlayır:
“Məni otaqdan çıxardılar ki, get maşına min. Ayaq üstündə dura bilmirdim. Addım atanda belə dizlərim bükülürdü. Ermənilərdən biri Azərbaycan dilində o birinə dedi ki, aparma qoy qalsın onsuzda yeriyə bilmir. Bu axşam onu keflə öldürəcəm. Mən bu sözdən sonra özümü cəmləyib ağırının şiddətinə baxmayaraq, maşına tərəf addımlamaq istədim. Ayağımın birini çəkə bilmirdim tək ayaq bir təhər hərəkət elədim. Maşın elə də uzaqda deyildi. Gördülər ki, maşına çatıram arxadan ayaqlarıma vurub yerə yıxdılar. Bir təhər sürünüb maşına mindim. Neçə gün ağrıların dəhşətindən yata bilmədim. Ağrılardan xilas olmaq üçün, Allaha yalvarırdım. Yanımda olanlar məni bir təhər yerə uzandırdılar. Sonra məlum oldu ki, artıq ayaqlarımın bir neçə yerində qırıqlar var. İndi də durub yeriyəndə çox zaman o qırıqlar, sınıqlar səbəbindən yıxılıram.”
Aydın deyir ki, onların üstündə nəzarətçi olan ermənilərdən biri, onu daha çox döyərək işgəncə verib. Bir ay dayanmadan gün ərzində döyülən Aydının sonuncu gün iki qabırğası da sındırılır.

“Bu cür vəziyyətdə günlərlə yerdə yatılı qaldım. Bir gün gəlib hamını çölə çıxartdılar. Dura bilmədiyimi görəndə məni də sürüyüb cərgəyə qoydular. Ağrıyırdım deyə ayaq üstə dura bilmirdim. Amma bir az da əziyyət çəkim deyə məni ayaq üstə durmağa məcbur edirdilər. Elə bil ki, kim daha çox yaralı və xəstəydisə ən çox ona işgəncə verirdilər. Hər işgəncə verəndə elə bil onlara ləzzət edirdi. Həmin yoxlamadan sonra bir erməni varıydı, bir ay dayanmadan hər səhər növbəyə gələndə ancaq məni çıxarıb divara söykəyib döyürdü. Əvvəl yavaş-yavaş vururdu, birdən necə zərbə vururdusa elə bilirdim ki, ağır bir çəkiylə vurublar məni. Özümdən gedirdim, çox vaxt ayılanda özümü yerdə, yıxılı qalan görürdüm. Digər əsirlərə də imkan vermirdilər ki, mənə kömək eləsin. Nə qədər vaxta özümdən getdiyimi belə bilmirdim. Axırıncı dəfə məni xeyli döydü. Amma əvvəlki günlərdən fərqli olaraq bu dəfə çox möhkəm döyürdü. Elə bil ki, həmin günü daha da aqressivləşmişdi. Məni divara söykədi dedi ki, əgər yıxılsan səni ağıla gəlməyən işgəncəylə öldürəcəm. Divara söykənsəmdə ayaqlarım taqətsiziydi. Amma buna baxmayaraq bir təhər ayaq üstə durmağa çalışırdım. Mənə dedi ki, başını arxaya edib çənəni qaldır. O deyən kimi elədim hiss etdim ki, boğazıma zərbə vurmaq istəyir. O boğazıma vurmaq istəyəndə çənəmi sinəmə sıxdım, yumruğu çənəmə dəydi. Boğazıma vura bilmədiyinə görə mən dayanmadan döydü. Həmin gün iki qabırğamı döyə-döyə sındırdı”, - deyə Aydın həmin ağır günləri xatırlayır.
Ermənilər əsirlikdə olan azərbaycanlılarıdan ancaq xəstə və əmək fəaliyyətini itirən şəxsləri dəyişirlər. 1995-ci ilin may ayının 5-də əsirin növbəti dəyişdirilmə prosesində Aydın da qaytarılır. İndi aradan illər ötsə də, dəhşətli anların günləri uzaqlaşsa da, Aydın üçün hər ötən gün bir o qədər də yaxınlaşır. Bədənində baş qaldıran ağrılar ona əsla o anları unutmağa imkan verməyəcək.
Daşqın Güneyli
Ordu.az