Qısaca olaraq Ağdərə rayonuna xəyali ekskursiya edək: Ağdərə, 70 il sovetlər rejimi dönəmində Qarabağ regionunda ərazisinə görə ən böyük rayon olub. Qarabağda müharibənin aktiv dövründə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə Ağdərə rayonu statusu ləğv edilərək ərazisi 3 rayon ərazisinə birləşdirilib. Qarabağda aparılan uğurlu antiterror əməliyyatlarından sonra, ölkə başçısı tərəfindən Ağdərənin rayon statusu bərpa edildi.
Son illər əldə edilən uğurlarımızın fonunda Ağdərənin rayon statusunun bərpa edilməsi demək olar ki, Ağdərə sakinləri üçün, ikiqat sevinc olub.
Bəs Ağdərəlilər bu sevinc dolu anlarını necə yaşayırlar?
Ordu.az saytının əməkdaşı, Ağdərə rayonu Sırxavənd kənd sakini, Qarabağ müharibəsi iştirakçısı İbad Əfkərovla həmsöhbət olub.
- İbad bəy salam, necəsiniz?
- Çox sağ olun təşəkkür ediəm, ayrıca olaraq Sizi də xoş gördük.
- Çox sağ olun, təşəkkür edirəm. Ağdərəli günləri necə xatırlayırsınız?
- Əslində bu mövzu mənim ən yaralı yerimdir deyə bilərəm. Çünki, uzun illər Ağdərəlilərin bir rayon ətrafında cəm olmamaları bizə çox mənfi təsirlər göstərib. Rayonumuz baxmayaraq ki, parlament səviyyəsində ləğv olunmuşdu, amma uzun müddət sənədləşmələrin aparılmasında çox böyük çətinlilklərlə üzləşdik. Bu da təbii ki, bizə psixoloji təsir etməyə bilməzdi. İndi o qədər sevinirik ki, artıq həm rayonumuzun statusu bərpa edildi, həm torpaqlarımız işğaldan azad olundu, həm illərdir ki, alnımızda olan tarixi qara ləkə təmizləndi. Çox sevincliyik.
- Yaxın gələcəkdə yurda dönüşün reallaşacağına az qalıb. Doğma yurdda məşğuliyyət üçün nələri düşünürsünüz?
- Mən təsərrüfatçıyam bu vaxta qədər hər il təsərrüfatımı müəyyən rayonlara daşımalı olurdum. Fikir verin nə az, nə çox, düz otuz il, müxtəlif rayonların yaylaqlarına köç etmişik. Söz yox ki, bu da mənim üçün həm çətin, həm də müəyyən mənada maddiyyat və vaxt itkisinə səbəb olurdu. Amma kəndimiz elə yerdə yerləşirdi ki, orda təsərrüfatın saxlanılması üçün ilin bütün fəsillərində münbit şərati varıydı. Nə təsərrüfatı gəzdirməyə, nə də ona əlavə vaxt sərf etməyə ehtiyac qalmırdı. İndi kəndimizin işğaldan azad olunması mənim növbəti illərdə əlavə yer axtarmağıma ehtiyacın olmamasına işarədir. Düşünürəm ki, İnşallah bu ilin yayında təsərrüfatımı öz kəndimizə apara biləcəm.
- Az öncə Ağdərə rayon statusunun ləğv olunması və keçirdiyiniz gərginlikdən danışdınız. Təbii ki, bunlar asanlıqla unudulacaq anlar deyil.
- Əlbəttə, elədir. Əslində bu gün həm mən, həm ailəm və yaxınlarım o qədər sevincliyik ki, o anları bir daha xatirlamaq istəmirik. Amma bu faciələrimizi unutmağımız anlamına gəlmir. Çünki, əsrlər boyu başımıza gətirilən müsibətləri dilimizə gətirib danışmağa çəkinmişik. Ata-babalarımız öz başlarına gətirilən faciələri bizdən gizlədiblər. Amma mən düşünürəm ki, biz özümüz belə o keçmişdən nəticə çıxarmalıyıq. Böyüklərimizin etdiyi səhvləri indi biz etməməliyik. Əksinə, övladlarımıza hər hadisəni incə detallarıyla nəql etməliyik. Zatən başımıza gələn yeni müsibətlər və faciələr, ondan öncə düşdüyümüz vəziyyətləri tez unutmağımızdan irəli gəlib. Amma bu gün buna son qoymaq üçün çalışmalıyıq. Nə başımıza gətirilən müsibətləri, nə düşdüyümüz vəziyyətlərdə çəkdiyimiz əzabları gizlətməli deyilik. Bu gün bizim hər birimiz tariximizi sözlə də olsa övladlarımızın beyninə yazmalıyıq.
- İşğaldan azad ediləndən sonra kəndə getmisiniz?
- Yox, mən getməmişəm, amma ordan çəkilən videogörüntülər olub ki, onları izləmişəm. Çox təsirlidir, illərdir tikilib, qurulan kənd indi xarabalığa dönüb. Adamın inanmağı gəlmir ki, bunu insan eləsin. Bu mənzərəni görəndə düşünürsən ki, biz daha da prinsipial olmalı və düşmənin sənə, elinə, obana, yurduna vurduğu yaraları daha tez məlhəm qoyaraq sağaltmalıyıq. Bu bizim mənəvi borcumuzdur. Daha nə deyim? İnanın ki, bu dəqiqənin özündə əgər getmək mümkün olsa, elə indidən köçməyə hazıram.
- Düşünürəm ki, artıq yekun sözü dediniz...
- Əslində həm kədərli və hüzünlü, həm də sevincli və qürurlu o qədər təəssüratlarımız var ki, onu nə yazmaqla, nədə danışmaqla qurtarmaz. Sinəmizdə o qədər deyiləsi sözlərimiz var ki, bu hissləri sadəcə ruhumuzla yaşayırıq.
- Çox sağ olun, dəyərli vaxtınızı ayırdığınız üçün Sizə təşəkkür edirəm.
- Əslində mən təşəkkür edirəm. Onu da demək istəyirəm ki, saytınızın daimi izləyicisiyəm. Hərbi sahədə olan yenilikləri və bu istiqamətdə digər məlumatları yalnız sizin sayt vasitəsilə alıram. Tam obyektiv və dəqiq olduğunuza görə də Sizə minnətdaram.
Daşqın Güneyli
Ordu.az