Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

2024/01/ae99c-1705573300.jpg
Oxunub: 427     14:08     18 Yanvar 2024    
Müharibə veteranları, qazilərin, şəhid övladları iştirakı ilə 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib.

Ordu.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsinin və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı tədbirdə faciə qurbanları anılıb.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva bildirib ki, gənclər xoşbəxt nəslin nümayəndələridir: “Çünki taleyimizə üç möcüzəni öz gözlərimizlə görmək və yaşamaq nəsib olub. Bu möcüzələrdən biri 44 günlük Vətən müharibəsi, ikincisi, 2023-cü ilin sentyabrındakı birgünlük antiterror əməliyyatı, üçüncüsü isə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasıdır. Bu möcüzələri yaradan isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun sərkərdəliyi ilə Azərbaycan Ordusudur”.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 34 il ötdüyünü, həmin gün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qıra bilinməyəcəyini nümayiş etdirdiyini bildirib: “Eyni zamanda tarix göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı əzəli düşməndən təmizlədi”.

Tədbirdə 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin balaca aktyorlarının ifasında “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda şəhid övladlarına Bakı Şəhər İcra Hakimiyyətinin çap etdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” və Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilən “Bizim böyük qələbəmiz” adlı kitablar və hədiyyələr təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Bakı   20-Yanvar-faciəsi  


Bizi "telegram"da izləyin