Ordu.az-ın xəbərinə görə, qardaş ölkədən gələn şəhid ailələrinin Tərtərə səfərləri başlayıb. Türkiyənin Bursa şəhərində 18 şəhid ailəsi bu gün Tərtər və Ağdərə bölgəsində səfərdə olublar.
Qardaş ölkədən gələn şəhid ailələri ilk olaraq, Tərtərdə dövlət rəmzləri muzeyində olub, burada qonaqlara Azərbaycan dövlətinin müxtəlif dövrlərində olan dövlət atributları, pul nümunələri, müstəqil Azərbaycan respublikasının hərbi birləşmələrinə aid olan geyim, döş nişanları və medallar barədə geniş məlumatlar verilib.
Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov şəhid ailələrinə Azərbaycan kəlağayısı, Xarıbülbül döşnüşanı təqdim edib. Şəhid ailələri Tərtərə səfərləri zamanı 44 günlük Vətən müharibəsi zamanı raket zərbəsi nəticəsində dağıdılan fərdi yaşayış evinə də baş çəkiblər. Səfərin davamı olaraq qonaqlar Ağdərə rayonu Şıxarx qəsəbəsində vətən müharibəsi şəhidlərinin adının əbədiləşdirilməsi məqsədilə salınan "Vətən Bağı"nda ağac əkiblər.
Qeyd edək ki, şəhid ailələrinin səfəri Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri ictimai Birliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, qadınlar və hərbi qulluqçular şöbəsi birgə əməkdaşlığı nəticəsində baş tutub.
Daşqın Güneyli
Ordu.az