Bərdədə Vətən müharibəsi şəhidi anılıb - FOTOLAR

2024/01/45sdf-1704898962.jpg
Oxunub: 904     19:02     10 Yanvar 2024    
Bərdədə Vətən müharibəsi şəhidi Fəxri Qəribzadə anılıb. Bu məqsədlə rayonda geniş anım tədbiri keçirilib.

Ordu.az xəbər verir ki, qeyri-sabit hava şəraiti olmasına baxmayaraq şəhidin doğum günü mərasimi şəhidin məzarı ziyarət etməklə başlayıb. Bərdə rayon şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərin əklil və gül dəstələri düzülüb, şəhidin ruhuna dualar oxunub.

Ordu.az xəbər verir ki, tədbirin ikinci hissəsi, Bərdə mədəniyyət mərkəzində keçirilib. Tədbirdə çıxış edənlər şəhidin həyat yolundan söz açıb, onun hərbi xidmət dövründə keçdiyi yollardan danışıblar. O da bildirilib ki, şəhidlərimizin hərb tariximizdə öz qanlarıyla yazdıqları bu şanlı tarix, xalqımızın qürur mənbəyi olmaqla, düşmənlərimizin göz dağına çevrilib.

Rəsmi hissədən sonra, Bərdə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı”nın şəhidin həyat yolundan bəhs edən “SƏHƏR QONAĞI” adlı mini tamaşa nümayiş etdirilib.

Aktyorların hazırladıqları müharibə səhnələri və şəhidin hərbi xidmət obrazı zalda duyğusal anlarla yadda qalıb. Tədbirin yekununda şəhidin anası Mehparə Qəribova öz adından şəhidin doğum gününə çəkdikləri əziyyətə görə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Fəxri Qəribzadə 10 yanvar 1994-cü ildə, Bərdə rayon Güloğlular kəndində anadan olub. 2001–2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb. Orta məktəbi başa vurduqdan sonra, 2012–2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub.

Ağdərə istiqamətində gedən döyüşlərdə şəhadətə yüksələn Fəxri Qəribzadə ölümündən sonra Azərbaycan Respublikasının prezidnetinin sərəncamıyla "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Bərdə   Şəhid  


Bizi "telegram"da izləyin