Türkiyə bir çox texnologiyada dünyadakı rəqibləri arasında fərq yaradarkən, yeni bir texnologiyanı da təqdim edib. Türkiyəli mühəndislərin əlində “möcüzə materialı” olaraq xarakterizə edilən və “super material”a çevrilən qrafenin daha təsirli modeli hazırlanıb, kütləvi istehsal və ixraca başlanılıb.
Türkiyəli mühəndislər hazırladılar
“Ahlatcı Holding”in yüksək texnologiyalı materiallar sahəsində fəaliyyət göstərən törəmə şirkəti olan “Nanografi Nanoteknoloji AŞ” “möcüzə materialı” olaraq xarakterizə edilən və Nobel mükafatına mövzu olan qrafenlə bağlı işlərini yeni ölçüyə daşıyıb.
Şirkət poladdan 200 dəfə güclü, misdən yüzlərlə dəfə daha keçirici, eyni dərəcədə elastik və yüngül olan qrafeni daha da inkişaf etdirərək, “super qrafen” əldə edib.
“Nanografi” şirkətinin iş inkişaf etdirmə üzrə direktoru Yunus Emre Deli bildirib ki, qrafen 10 ildən artıqdır bütün dünyada ən çox danışılan materiallardan biridir. 2011-ci ildə bu sahədə fəaliyyətə başladıqlarını, istehsal modellərini inkişaf etdirdiklərini və 2020-ci ilin əvvəlində Ankarada dünyanın ən böyük kütləvi istehsal sınaqlarından birini qurduqlarını xatırladan Deli istehsal aparılarkən məhsul inkişaf etdirmə işlərinin də fasiləsiz olaraq davam etdiyini qeyd edib.
Yeni texnoloji məhsullar istehsal etməyə başladıqlarını vurğulayan Deli ötən il rəqabətli bazarları olan onlarla ölkəyə ixracat həyata keçirdiklərini deyib: “Biz məhsullarımızı Avropa və Şimali Amerikadakı universitetlərə və yüksək texnologiya şirkətlərinə təqdim edirik. Dövriyyəmizin demək olar ki, 90 faizindən çoxu ixracat olub. İstehsal etdiyimiz məhsulların müştəriləri ümumiyyətlə yüksək texnologiya universitetləri və institutlarıdır. Kosmos-aviasiya da daxil olmaqla müdafiə sənayesi, elektronika, kimya tədqiqatlarında dünyanın qabaqcıl yüksək texnologiya şirkətləri türkiyəli mühəndislər tərəfindən hazırlanan məhsullardan istifadə edirlər”.

Yunus Emre Deli Nobel mükafatına layiq görülən və birdən-birə dünya gündəminə gələn qrafenlə bağlı son 10 ildə böyük müzakirələr, inkişaflar olduğunu, materialın yeni məhsullarda istifadə olunmağa başladığını açıqlayıb və deyib:
“Qrafen hazırda hazırkı modelində demək olar ki, bütün dünyada müxtəlif sektorlarda istifadə olunur. Əvvəlkindən daha çox istehsalçı var. Universitetlərdə şöbələr yaradılıb və elmi-tədqiqat işlərinə daha çox vəsait ayrılıb. Bu araşdırmaların ən əhəmiyyətlisi onun sənayeyə necə daha sürətli inteqrasiya oluna biləcəyi və daha effektiv şəkildə necə istifadə ediləcəyi idi. Elm dünyasının bu axtarışına cavab verəcək və məhsuldakı bəzi qüsurları aradan qaldıracaq həllər üzərində işləyirdik.
Nəşrlərdə adı hallanan, qrafenin fərqli bir forması adlandıra biləcəyimiz, qrafen üzərində yeni müdaxilələrlə fərqli bir hal qazandırılmış forması ilə bir “holey” qrafen tərifi verildi. Üzərində dəliklər və boşluqlar olan qrafenə yeni xüsusiyyətlər vermək hədəflənirdi, lakin bu, əsasən akademik olaraq nəşrlərdə qalmışdı. Belə bir məhsulun ortaya çıxması arzu edilirdi.
“Nanografi” olaraq, “Ür-Ge” və “Ar-Ge” infrastrukturumuzla bir müddətdir bu məhsul üzərində işləyirdik və akademik nəşrlərdə “holey” qrafen olaraq xatırlanan, “super qrafen” olaraq təyin etdiyimiz bir məhsul yaratdıq. Çünki biz onların imkanlarına görə məlum qrafendən qat-qat təsirli, yetkin performanslara sahib olduğunu gördük və bunu elm aləmində paylaşdıq. Əldə etdiyimiz məlumatlarla ultra yüksək keçiricilik dəyərlərinə, çox daha böyük səth sahəsinə və elektrokimyəvi xüsusiyyətlərinə malik olan, məlum qrafendən çox-çox yüksək keyfiyyətli məhsul əldə etdik”.
3 dəfə yüksək keçiricilik
Qrafenin bu yeni formasının mövcud qrafendən demək olar ki, 3 qat daha yüksək keçiricilik dəyərinə sahib olduğuna diqqət çəkən Yunus Emre Deli keçiricilik performansının 16 min 500 mikrosiemenə qədər artdığını bildirib.
Bundan əlavə, Deli daha yüksək səth sahələrinə sahib bir materiala çatdıqlarını ifadə edərək, “super qrafenin” nə təmin edəcəyi ilə bağlı aşağıdakı qiymətləndirmələri verib:
Kosmos-aviasiyada, elektron tədqiqatlarda, enerji saxlama sistemlərində materialın ən çox axtarılan xüsusiyyəti onun keçiricilik dəyəridir. Keçiriciliklərin yüksək olması materiala və sistemin özünə daha yüksək axın daşıma, daha yüksək məlumat transferi imkanı verir. Digər tərəfdən, daha yüksək və aktiv səth sahəsi təklif edərək, xüsusilə membran sistemlərində, batareya tədqiqatlarında və super kondansatörlərdə yeni bir aktiv sahə təqdim edir. Digər tərəfdən, super qrafen ilə elektrokimyəvi performansların artması ilə, xüsusilə batareya və biosensor tədqiqatlarında üstünlüklər ortaya çıxdı. Geyinilə bilən, daşına bilən və daha yüksək performansla daha az enerji sərf edən biosensor tədqiqatlarının və ya qaz sensoru inkişaf etdirmə tədqiqatlarının artdığını, xüsusilə super qrafen ilə bu təcilin çox daha sürətlənəcəyini gördük. Bu anda indi deyə bilərik ki, qrafendən yuxarı versiya olan ultra xassələrə malik material hazırlanıb istehsal edilib”.
Əlavə dəyər ikiqat artacaq
Yunus Emre Deli “super qrafen”i kütləvi istehsal xətlərinə inteqrasiya etdiklərini və daha çox istifadəçiyə xidmət edəcək yüksək tutumlu, ucuz istehsal üçün işləri sürətləndirdiklərini bildirib.
Qrafenin dünyada məhdud sayda ölkə/şirkət tərəfindən inkişaf etdirilə və istifadə edilə bilən yüksək əlavə dəyəri olan bir məhsul olduğuna diqqət çəkən Deli öz işləri ilə karbondan yeni bir material yaratdıqlarını qeyd edib. Yunus Emre Deli “super qrafen” haqqında bu məlumatları verib:
“Deyə bilərik ki, super qrafenin əlavə dəyəri keyfiyyətləri yaxşılaşdırmaq və performansları artırmaqla yaxşılaşmağa davam edəcək. Hazırda polimer sənayesi tərəfindən istifadə edilən qrafenin qiymət diapazonu kiloqramı üçün 1000-2000 dollar aralığında olsa da, elektron texnologiyalar üçün bu dəyişə bilər. Qrafen hər istifadə üçün yenidən fərdiləşdirilə bilər.

Orta qiymətlər bu səviyyədə olsa da, super qrafen qramı 1380 avro dəyərində müştərilər tapa bilir. Artıq 8 aylıq imkanımıza çatdıq. Tezliklə yeni istehsal modeli ilə bu gücü daha da genişləndirəcəyik. Bu araşdırmalarla ölkəmiz üçün yeni bir ixrac maddəsi ortaya çıxdı, həm də bu texnologiya ilə qram başına ən yüksək ixrac dəyərini inkişaf etdirdik. Bu yaxınlarda ilk ixracımızı Avstraliyaya etdik. İnanırıq ki, bu, dünyanın qalan hissəsində əhəmiyyətli bir sürət qazanacaq. Bunu xüsusilə elektron və tibbi tədqiqatlarda görəcəyik.
Tibbi araşdırmalarda DNT keçidlərini, ardıcıllığı və dizaynı sürətləndirəcək və monitorinqi asanlaşdıracaq bir texnologiyanın super qrafenlə mümkün ola biləcəyini gördük. Dərman daşıma sistemlərində, xərçənglə mübarizədə, biosensorlarda artıq qrafenin çox daha sürətli istifadəyə təqdim olunacağını, sınaqdan keçiriləcəyini bilirik, gördük. Super qrafen həm əlavə dəyəri, həm yaradacağı texnoloji qazanclar, həm də yaradacağı yeni texnoloji məhsullardan təmin edəcəyi faydalar baxımından əhəmiyyətli bir məhsul olacaq”.
Sevinc Əliyeva
Ordu.az