Türkiyənin Maşınqayırma və Kimya Sənayesi (MKE) şirkətinin baş direktoru İlhami Keleş qeyd edib ki, UÇA Təyyarədən Atıla Bilən İdarə Olunan Ağıllı Sualtı Minası Layihəsi dünyada bir ilk və oyun dəyişdiricidir:
“Bu məhsul oyun dəyişdiricidir. Çox meydan oxuyan bir məhsuldur. Belə ki, bu məhsul uzaqdan, daha doğrusu ağıllı sualtı minası məsələsində uzaqdan hücum minalaması ilə bağlı dünyada bir ilkdir. Bu aspekt çox vacibdir. Belə ki, hava vasitələrimizi düşmənin alçaq və ya orta hündürlükdə hava hücumundan müdafiə çətirinin içərisinə salmadan, belə təhlükə ilə qarşılaşmadan 70 kilometrdən 70 milədək məsafədəki liman çıxışlarını və ya dayaz keçidləri uzaqdan göndərməklə minalamaq imkanımız olacaq. Eyni zamanda, bunlar havada uçarkən radar tərəfindən aşkar edilməyəcək. Zatən radar bölmələri “Mk84” həndəsəsindən istifadə edir. Eyni zamanda, bir radar absorberlə örtüləcək. Buna görə də havada uçarkən radar tərəfindən aşkar edilməyəcək. O, həmçinin heç bir hava hücumundan müdafiə təhlükəsi ilə üzləşmədən uçacaq. Suyun altına daxil olduqdan sonra uzanacağı yerə qədər olan məsafədə və ya gözlədiyi nöqtədə bu dəfə sonar sistem tərəfindən aşkar edilməyəcək. Çünki o, həm də akustik absorber örtük qabiliyyətinə malik olacaq, dolayısıyla hədəf ölkənin Hərbi Dəniz Qüvvələri üçün çox ciddi təhlükə yaradacaq. Onun üçün hansı platformadan nə vaxt atıldığı, hara düşdüyü və indi harada olması həmişə sual işarəsi olaraq qalacaq. Dolayısıyla, bu, çox ciddi təhdid, çox ciddi çəkindiricilik anlamına gəlir. Ona görə də bu cəhəti ilə həm çox əhəmiyyətli bir çəkindirmə qabiliyyəti qazanacaq, həm də ciddi müdafiə aləti kimi döyüş meydanında, yəni döyüş mühitində öz yerini tutacaq”.
Dosta güvən, düşmənə qorxu
Haqqında məlumatlar az olan UÇA bir çox mərhələni keçdikdən sonra ortaya çıxdı. MALAMAN və Qanadlı Tuşlama Dəsti olmasaydı, bu mərhələlər keçilməsəydi, UÇA olmazdı. Qeyri-müəyyənliklər isə Türkiyənin rəqiblərini son dərəcə narahat edir. UÇA Türkiyəyə zərər vermək istəyən ölkələrin donanması üçün sözün əsl mənasında kabus olacaq. Eyni zamanda, bu donanmaların hərəkəti məhdudlaşdırılacaq. UÇA-nın təmin edəcəyi ən böyük çəkindirmələrdən biri psixoloji müharibə sahəsində olacaq.
Düşmən donanması daim qorxu içində yaşayacaq. Bu, düşmənin mənəviyyatını və motivasiyasını aşağı salacaq. UÇA bütün bunları təmin etməyə qadir olan innovativ məhsuldur. İstənilən əraziyə kifayət qədər uzaqdan atılır və sonra hədəfini ovlamaq üçün dənizin dibində gözləyir. Üstəlik, bütün bunları radar və sonar sistemə tutulmadan edə bilir. Həm texnoloji infrastruktur, həm təcrübə, həm də bu konsepsiyanı yaradan ağıl bir araya gəldikdə UÇA ortaya çıxdı.
Necə ortaya çıxdı?
“Makine ve Kimya Endüstrisi AŞ”, “Koç Savunma” və TÜBİTAK SAGE-nin öz resursları ilə başladılan UÇA Layihəsi MK-84 tipli ümumi məqsədli bombalara “Gökçe” Qanadlı Tuşlama Dəsti (KGK), ağıllı hədəf aşkarlama və mina atəş bölməsi inteqrasiya edilərək bunların dəniz hücum minasına çevrilməsini əhatə edir. Türkiyənin özünü təsdiq etmiş milli texnologiyaları arasında yer alan “Gökçe” KGK və MK seriyalı təyyarə bombaları düşdüyü yerdən çox uzaqlara uça bilən və hədəfə dəqiq zərbələr endirən sistemlərə çevrilir.
Təyyarələr və hücum tipli Pilotsuz Uçuş Aparatları (PUA) UÇA-nın aerodinamik xüsusiyyətləri və imkanları ilə düşmən hərbi dəniz bazasının çıxışlarını və tranzit yollarını riskə atmadan uzaqdan hücum minalaması həyata keçirə biləcək. Tamamilə yerli və milli resurslarla inkişaf etdirilən UÇA dünya ədəbiyyatında ilk uzun mənzilli ağıllı sualtı minası olmağa namizəddir.
F-16, F-4, “Bayraktar Akıncı”, “Aksungur” kimi MK-84 ümumi məqsədli təyyarə bombalarını ata bilən inventardakı hava platformaları ilə daşınacaq UÇA aşağı-orta hündürlükdə hava hücumundan müdafiə sistemlərinin mənzilindən kənarda yüksək hündürlüklərdən, yüksək sürətlərdə buraxılacaq, planer uçuşu ilə minalama nöqtəsinə qədər irəliləyəcək, radar absorber örtük qabiliyyəti sayəsində radara tutulmadan hədəf nöqtəsindən dənizə daxil olacaq.
Akustik absorber örtüyü sayəsində UÇA suda sonar sistemlərə tutulmadan hədəf gəmini gözləyəcəyi dəniz dibində dəqiq yerləşə biləcək. UÇA sahib olduğu sensorları ilə hədəfləri akustik, maqnit və təzyiq izlərinə görə aşkar və təsnif edərək düşmən gəmilərinin və sualtı qayıqlarının hərəkətini məhdudlaşdıran, MALAMAN hədəf aşkarlama və atəş sisteminin xüsusiyyətləri ilə effektiv idarə olunan strateji sursat rolunu oynayacaq.
Sualtı Akustik IFF (Dost-Düşmən Tanıma) Sisteminə sahib olacaq mina üzərində təzyiq, vibrasiya, maqnit anomaliyası və akustik sensorlar olacaq. UÇA bu qabaqcıl sensor birləşmə texnologiyası ilə hədəf gəmiləri aşkar etmək və məhv etmək qabiliyyətinə malik olacaq. MALAMAN ağıllı sualtı minasının işlənməsi proseslərində qazanılan təcrübə və əldə edilən texnoloji biliklərlə fərqli ehtiyaclara cavab verən daha bir funksional döyüş sursatı hazırlanır. İnkişaf proseslərinin tezliklə başa çatdırılması və bu il ərzində sınaq proseslərinə başlanılması hədəflənir.
UÇA-nın sınaqlarının bu il ərzində başa çatdırılması və 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi nəzərdə tutulur. IDEF 2023 sərgisi zamanı Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) və MKE A.Ş. arasında Havadan Həssas Dəniz Minalaması (UÇA) Layihəsi Əməkdaşlıq Protokolu və GRP Ağıllı Sualtı Minası (MALAMAN) Kütləvi İstehsalat Əməkdaşlıq Protokolu imzalanıb.
Firuz Bağırov
Ordu.az