Rusiya XİN-in Njde açıqlaması Ermənistanda Hitlerə pərəstişi artırıb

2018/04/567567_1523532664.jpg
Oxunub: 26704     15:02     22 Oktyabr 2019    
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yenidən Qareqin Njdenin məsələsinə toxunub. Brifinq zamanı o, yerli sakinlərin erməni kilsəsindən Njdeyə görə vurulan lövhənın çıxarılmasının tələb edildiyi Rusiyanın Armavir şəhərində yaranmış vəziyyətlə bağlı suala cavab verib. Yerli sakinlərə bu məsələdə Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov kömək edəcəyini vəd edib.

Zaxarova konkret həmin vəziyyətdən xəbərsiz olduğunu bildirib.

“Bu məsələyə daha qlobal baxsaq, düşünürəm ki, məsələyə tarixi baxımdan yanaşma nəzərə alınmalıdır. Artıq bununla bağlı fikrimiz bildirilib. Rusiya Xarici İşlər Nazirliyinin mövqeyini qurumun veb saytındakı müvafiq hesabatda tapa bilərsiniz. Bu qiymətləndirmə aktualdır”, - deyə Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyi İrəvanda Njde abidəsi qurulandan sonra mənfi qiymətləndirmə verib. Onun nasist Almaniyası ilə əməkdaşlıq etdiyi və erməni legionunu yaratdığı faktdır.

Ermənistanın “Lragir.am” nəşri Zaxarovanın açıqlamasına sərt reaksiya verərək, vaxtilə sovetləri nasistlərlə əməkdaşlıq etməkdə günahlandırıb, hətta sonda Hitlerin şəxsiyyətinə pərəstiş nümayiş etdirməkdən belə çəkinməyib.

“Əslində Moskva demək olar ki, II Dünya müharibəsindən qaçır, bu başadüşüləndir. Sovet İttifaqı, İkinci Dünya müharibəsinə görə nasist Almaniyası qədər eyni dərəcədə məsuliyyət daşıyır. Bu, Rusiya Xarici İşlər Nazirliyi, Almaniyanın hücumunun qarşısını almaq və ya təxirə salmaq, böyük itki verməmək üçün gülünc bir bəhanə ilə izahat verdiyi Molotov-Ribentrop aktından başlayıb. Bu təkcə gülünc bir izahat deyil, həm də reallığa tamamilə ziddir. Məsələ burasındadır ki, Moskva alman ordusunun yaranmasında, qızıl, metal, yeməklə təmin olunmasında, bazalarının almanlara verilməsində həlledici rol oynayıb. Alman pilotları və digər hərbi mütəxəssislər Sovet İttifaqında təhsil alıblar. Bununla da, almanlar Sovet ordusunun real vəziyyətindən və sonradan hücumu asanlaşdıran vacib obyektlərin yerləşməsindən də xəbərdar olublar. Keçən əsrin 20-ci illərinin əvvəllərindən başlayaraq, Rusiyanın 1921-ci il müqavilələri ilə “erməni əraziləri”nin hədiyyə edildiyi Birinci Dünya müharibəsində məğlubiyyətə uğrayan Türkiyəyə yardım etdiyi dövrlə tanış vəziyyətdir. Məlum bir həqiqətdir və qeyd etmək lazımdır ki, Hitler II Dünya müharibəsinədək Madriddən Londona, Ankaradan Moskvaya qədər Avropada böyük rəğbətə malik idi”, - deyə müəllif bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı vurğulayıb ki, biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik və təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir.

"Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur", - deyə Prezident İlham Əliyev qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Njde   Faşist  


Bizi "telegram"da izləyin