Ordu.az xəbər verir ki, Milli Qəhrəmanın abidəsi önündə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub.

Anım tədbirində çıxış edən Masallı Rayon İcra Hakimyyəti başçısının müavini Aybəniz Qafarova, Rayon Təhsil Şöbəsi müdirinin müavini Samit İslamov, Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov, aktyor Cəmaləddin Əliyev və başqaları Milli Qəhrəman Səfəralı Məmmədovun keçdiyi ömür yolundan, Qarabağ savaşındakı şücaətindən söz açıblar.
Qeyd olunub ki, şəhid Səfəralı Məmmədov 1990-cı ildə Ağdam Rayon Daxili İşlər Şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992-ci ilin fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman onun komandir olduğu tağım minaya düşüb. İgid döyüşçü aldığı xəsarətlərdən 29 yaşında dünyasını dəyişib.
Diqqətə çatdırılıb ki, Milli Qəhrəman Səfəralı Məmmədov doğulub boya-başa çatdığı Sərçuvar kəndində dəfn olunub. Ona 1992-ci ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib
Masallı şəhərində küçələrdən birinə, igid döyüşçünün təhsil aldığı məktəbə onun adı verilib, məktəbin həyətində büstü ucaldılıb, Milli Qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı film çəkilib.
Mərasimdə çıxış edən Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Mərasimdə məktəblilər qəhrəmanlarımızı vəsf edən şeirlər söyləyib, Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında “Ölümümə inanma, ana!” mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib.
Ordu.az