Paşinyan Qriqoryanı həbsxanaya qaytarmağa çalışır? - DETALLAR

2019/01/45654-1546863919.jpg
Oxunub: 25370     16:12     07 Yanvar 2019    
"Ermənistanın Apelyasiya məhkəməsi Manvel Qriqoryanın girov müqabilində həbsdən azad edilməsinin əleyhinə prokurorluğun təqdim etdiyi etiraz ərizəsini müzakirə edəcək. Apelyasiya məhkəməsi Manvel Qriqoryanı həbsxanaya qaytara bilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Manvel Qriqoryanın vəkili Arsen Mkrtçyan bildirib.

O qeyd edib ki, Apelyasiya məhkəməsinə xüsusi ümidlər bəsləmir, çünki məhkəmənin hakimi Manvel Qriqoryanın həbsdə qalmasına daim tərəfdar şəxs olub.

Qriqoryana qarşı irəli sürülən ittihama gəldikdə isə vəkil bunun yalan olduğunu vurğulayıb.

"Qoy elə bir təsəvvür yaratmasın ki, mən Manvel Qriqoryanı müqəddəsləşdirməyə çalışıram. Müharibə yolu keçən şəxs, müqəddəs olmur. Mən də o qədər məntiqsiz deyiləm ki, hüquqlarını müdafiə etdiyim şəxsin heç bir günahının olmadığını iddia edim. Lakin konkret olaraq ictimailəşdirilən, cəmiyyətə və rəhbərliyə təqdim olunan ittiham yalandır. Bu elə bir səviyyədə ağ yalandır ki, onun altından çıxmaq lazımdır", - deyə o qeyd edib.

Vəkil işin yekunlaşmasında iki yol gördüyünü bildirib: "Birinci halda istintaq qrupu bəyan etməlidir ki, Manvel Qriqoryan mənimsəmə faktına yol verməyib. İkinci halda Manvel Qriqoryana qarşı irəli sürülən ittiham dəyişdirilməlidir".

Mkrtçyanın sözlərinə görə hazırda hüquqlarını müdafiə etdiyi şəxs öz bağ evindədir.

"Səhhəti həbsxanada olduğu vəziyyətdən fərqlənmir. Manvel Qriqoryanı deputat toxunulmazlığından məhrum etdikdən sonra keçən ilin iyun ayında qanunsuz silah saxlama, hərbi qulluqçular üçün nəzərdə tutulmuş ərzaq məhsullarının mənimsənilməsi ittiamı ilə həbs etmişdilər.

Xatırladaq ki, 2018-ci ilin 17 iyun tarixində Ermənistanın milli təhlükəsizlik xidməti video məlumat yayaraq, "Yerkrapah" birliyinin sədri Manvel Qriqoryana aid olan Armavir vilayətinin Arşaluys kəndində yerləşən istirahət zonasında, həmçinin Üçmüədzin şəhərində yerləşən fərdi evində aparılan axtarışları yayımlayıb. Manvel Qriqoryan qanunsuz yolla silah əldə etmə və saxlama həmçinin külli miqdarda əmlak mənimsəmədə ittiham edilir. Həmçinin xatırladaq ki, İrəvan məhkəməsi 21 dekabr 2018-ci il tarixində 25 milyon dram girov müqabilində general-leytenant Manvel Qriqoryanın azad edilməsinə dair qərar qəbul edib. Bundan dərhal sonra Üçmüədzin şəhərində etiraz aksiyaları başlamışdı. Ehtimal olunan hadisələrin qarşısını almaq məqsədi ilə Qriqoryan Armavir vilayətinin Aknalic kəndindəki fərdi evinə gedib. Polis ev ətrafında fasiləsiz nəzarət həyata keçirir.

Ermənistan Baş prokurorluğu 24 dekabr 2018-ci il tarixində Apelyasiya məhkəməsinə Manvel Qriqoryana qarşı tətbiq edilmiş həbs qətiimkan tədbirinin dəyişdirilməsi qərarının əleyhinə etiraz təqdim edib. Məhkəmə prokurorluğun etiraz iddiasını icraata qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin