Əsrin ilk soyqırımı isə Ağdərə rayonunun Umudlu kəndində törədilib. Bu soyqırım zamanı ermənilər 350 nəfər kənd sakinini vəhşicəsinə qətlə yetiriblər. Kənd sakinlərinin bildirdiyinə görə, o qanlı və cəhənnəmi xatırladan gecədən yalnız 3 nəfər sağ qurtulub. Onlar Eyvaz, Minə və Pəriyyə adlı kənd sakinləri olublar. Ötən əsrin sonlarına kimi, yaşayan kənd sakini Pəriyyə Məmmədova, Umudlu kənd sakini Mahizər Əzizbəylinin nənəsi olub.
Mahizər nənənin bildirdiyinə görə, o faciədən uzun illər keçməsinə baxmayaraq, Pəriyyə nənə hələ də o gecənin şokunu yaşayırmış. Hər zaman erməniləri görəndə onun halı dəyişər, sakit səslə onlara qarğış edərmiş.
O, müxtəlif vaxtlarda Pəriyyə nənənin dilindən eşitdiklərini bizə belə nəql edib: “Pəriyyə nənə həmişə fikirli və düşüncəli olardı. Elə hey qaşqabaqlı durar, birdən “Allah evinizi yıxısın, belə zülm edərlər insana?” deyərdi. Belə olanda da ondan kimə qarğıdığını soruşardıq. Elə “heç” deyib keçərdi. Bir gün ürəyinin yumşaq vaxtına düşmüşdü. Elə bil nağıl danışırdı. O, ermənilərə inanmamalı olduqlarını, onların çox vəhşi millət olduğunu deyərdi”.
Pəriyyə nənənin nəql elədiyinə görə, 1905-ci ildə ermənilər kəndi hər tərəfdən ara-sıra atəşə tuturdular. Hələ atışmalarda ölənlər də var idi. O zaman Qarabağ qəzasında olan rus ordusunun əsas qərargahlarından biri Tərtərdə yerləşib. Umudlu kəndinin kəndxudası olan İsmayıl kişi, Tərtərdəki rus ordusunun zabitinin yanına gedib və İsmayıl kişiyə nə deyiblərsə, o geri dönəndə kənd camaatına köç üçün hazırlıq görmələrini tapşırıb.
Kənd camaatının baş biləni olan İsmayıl kişi deyib ki, ruslar köçün Ağdam istiqamətində getməsini əmr edib. Lakin, kənddən bir qrup adam buna qarşı çıxaraq, Kəlbəcər istiqamətinə getməyi məsləhət biliblər. Hamı kənddən çıxdığı üçün, bu məşvərəti də yolda ediblər. Hələ camaatın hansı istiqamətə getməsinə tam qərar verilməmiş İsmayıl kişinin qonşu kənddən olan Abram adlı erməni dostu onların yanına gəlib. O, camaatın təşvişini görüb İsmayıl kişiyə deyib ki, biz neçə ilin dostuyuq, sən narahat olma, mən sizi Ağdam tərəf keçirəcəm. Abramın sözünə inanmayanlar ayrılaraq Kəlbəcər tərəfə gediblər. İsmayıl isə Abrama inanaraq kənd camaatının bir hissəsini, Ağdam tərəfə gətirib. Heyvalı kəndi ərazisindəki, Şahbaz dərəsinə çatanda Abram İsmayıla deyib ki, sən uşaqlarınızdan silahları yığ, arabalara qoy heç kimdə silah qalmasın. Yoxsa bizim uşaqlar silahı görüb səhv başa düşərlər, elə bilərlər ki, siz onlara hücum edirsiniz. İsmayıl kişi camaatdan silahları arabaya yığmalarını tapşırıb. Köç edən camaat gecəyə düşdüyündən Heyvalı kəndi ərazisindəki Şahbaz dərəsində köç salıblar. Camaat düşərgədə olan vaxt, Abram yenə onların yanına gəlir “silahları tam yığımısınızmı?” deyə İsmayıl kişidən soruşur. Hə cavabını eşidəndən sonra “mənə sizi bura gətirməyi tapşırmışdılar. Mən öz işimi gördüm” deyərək atını geri çevirib ordan uzaqlaşır. Elə bütün faciə də bundan sonra başlayır.
Ermənilər hər tərəfdən şeypur çalaraq düşərgəyə doğru hücum edirlər. Pəriyyə nənənin həmişə bu yerdə bütün vücudunun titrədiyini özünü ələ ala bilmədiyini nəql edən Mahizər nənə deyirdi ki, o, bu səsin vahiməsinin onlarda həyəcan yaratdığını və camaatın hələ nə baş verdiyini anlamadan ermənilərin başlarının üstünü aldığını deyərdi. Mahizər nənə nəql edirdi ki, bu yerdə həmişə Pəriyyə nənənin əlləri və dodaqları əsər və sadəcə pıçıltıyla danışardı. Elə bil kiminsə eşidəcəyindən qorxardı.
“Bir neçə hamilə gəlini soyundurub xəncərlə qarınlarını yarırdılar. Qarından çıxan körpəni süngüyə taxıb o yan, bu yana atırdılar. Bu hadisə baş verəndə toran qarışmışdı. Aləm bir-birinə dəyəndə qaçıb iri ağacın gövdəsinə girdim. Heç kimə rəhm etmirdilər. Hələ dünyaya gəlməyən körpələri belə süngüyə taxıb sapand daşı kimi atırdılar. Ermənilər sonra heç kimin qalmadığına əmin olduqdan sonra bir az aralaşdılar. Gecə gözümə yuxu getmədi. Səhərə yaxın ağacın gövdəsindən çıxıb qaçdım”, - deyə Pəriyyə xala nəql edib.
Umudlu soyqırımı törədilən bu ərazi ermənilər tərəfindən sonradan “Türk Qırılan dərə” adlandırıldı. Umudlu kənd sakini Sabir Qasımov uzun illərdən sonra həmin yerdə hələ də faciəni əks etdirən qalıqların olduğunu deyib.
“Mən institutu birtirdikdən sonra təyinatımı Çıldıran kəndinə aldım. Ara məsafəsi uzaq olsa da, hər gün Umudludan bura dərsə gedib gəlirdim. Bir gün gələndə bir erməni ilə yol yoldaşı olduq. O, mənim ermənicə bildiyimi bilmirdi. Şahbaz dərəsinə çatanda o ermənicə türklərin ünvanına söyüb, öz dilində “Türk Qırılan dərə” dedi. Tez onun yaxasından tutub nə dediyini təkrar eləməsini tələb etdim. O məndən qorxub “mən heç nə demədim” dedi. Mən ondan soruşanda ki, “ermənilər türkləri burda qırıb?”, o, “mən bilmirəm” deyərək yaşına uyğun olmayan cəldliklə qaçdı. Mən yolumu dəyişib dərəyə endim. Oradan hələ də çürüməyən insan saçlarını, araba təkərlərinin və taxta uşaq beşiyinin qırıqlarını tapdım”, - deyə Qasımov həmin günü xatırlayır.
Təssüf doğuran hal odur ki, nə həmin vaxt, nə də Sovet rejimi dövründə bu qanlı faciəyə hüquqi qiymət verilməyib. Əksinə, həmin bu soyqırımın əsas təşkilatçılarından biri olan erməni silahlılarının rəhbəri Dro erməni qəhrəmanı kimi təqdim edilib. Hətta həmin soyqırımın həyata keçirildiyi Heyvalı kəndinin adı sonralar dəyişdirilərək onun şərəfinə Drmbon qoyuldu.
Daşqın Güneyli
Ordu.az