Ermənistan ordusunda itki, yaralanma, intihara cəhd və qəza hadisələri – AYLIQ HESABAT

2018/12/34534-1546251032.jpg
Oxunub: 1719     13:16     31 Dekabr 2018    
Ordu.az 2018-ci ilin dekabrın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Dekabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si təyyarə qəzası, 2-si intihar (daha bir intihar edən hərbi qulluqçunun ölüb-ölməməsi ilə bağlı məlumat açıqlanmayıb), 1-i qar uçqunu nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 16 düşmən hərbçisi (5-i güllələnmə, 4-ü qar uçqunu, 3-ü mina partlayışı, 2-si intihara cəhd, 1-i təhlükəsizlik qaydalarının pozulması nəticəsində, 1-i naməlum) yaralanıb. Bununla yanaşı, ən azı 2 fərarilik, 1 oğurluq faktı da aşklarlanıb.

1 dekabr

Ayın ilk günündə Ermənistan ordusunda müqaviləli hərbi qulluqçu ölüb.

Saat 20:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin müdafiə zolağının döyüş mövqeyində aldığı odlu silah yarasından 1987-ci il təvəllüdlü, Nor Nork komissarlığından çağırılmış, 2016-cı ildən erməni ordusunda xidmət edən müqaviləli hərbi qulluqçu Qor Ağvanoviç Sarkisyanın meyiti aşkarlanıb.

Bildirilir ki, təhdid, qəddar münasibət və ya davamlı ləyaqətinin alçaldılması yolu ilə şəxsin intihara sürüklənməsi maddəsi üzrə Ermənistan İstintaq komitəsinin hərbi istintaq baş idarəsinin 8-ci qarnizon istintaq şöbəsində hadisənin baş vermə səbəblərinin araşdırılması məqsədilə cinayət işi açılıb.

2 dekabr

Ermənistanın Qeğarkunik vilayətində hərbçi qəza törədib.

Saat 20:40 radələrində Qeğarkunik vilayətinin Qeğamasar kənd sakini 24 yaşlı Viktor Tsavakyan idarə etdiyi "Mercedes" markalı avtomobillə Martuni-Vardenis-Kəlbəcər yolunun 38-ci km-də piyada, Armavir vilayətinin Koğbavan kənd sakini 29 yaşlı Varujan Harutyunyanı vurub.

Hadisəni törədən Ermənistan Müdafiə Nazirliyinin müqaviləli hərbi qulluqçusu olduğuna görə, nazirliyin hərbi polis idarəsinin Vardenis polis şöbəsində müvafiq araşdırma materialları toplanır.

4 dekabr

Saat 10:20 radələrində gündəlik hazırlıq planına uyğun olaraq, təlim uçuşu həyata keçirən Ermənistan Silahlı Qüvvələrinin Su-25 tipli döyüş təyyarəsi ilə əlaqə kəsilib. Ermənistan Müdafiə Nazirliyindən yayılan açıqlamaya görə, döyüş təyyarəsi təlim uçuşu üzrə marşruta Gümrü hava limanından saat 10:06-da çıxıb.

Daha sonra məlum olub ki, Su-25 döyüş təyyarəsinin axtarış xilasetmə tədbirləri Şirak vilayətinin Artik və Maralik ərazisində, o cümlədən ətraf kəndlərdə aparılıb. Polis və hərbçilərin cəlb edildiyi axtarışlar nəticəsində rabitə əlaqəsi kəsilən Su-25 döyüş təyyarəsi Maralik ərazisində, dağlarda aşkar edilib.

Erməni pilotlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan qəza ərazisində ölü olaraq aşkar edilib.

5 dekabr

Ermənistanın Sisian (Qarakilsə) vilayətində beş nəfərdən ibarət müqaviləli hərbi qulluqçu qar uçqununa düşüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirirdi ki, bir nəfərdən başqa, qalanlarını tapmaq mümkün olub.

Daha sonra qar uçqunu altında qalan bir nəfər ölü tapılıb. Onun müqaviləli hərbi qulluqçu 1995-ci il təvəllüdlü, Sisian şəhər sakini Hayk Samveloviç Karamyan olduğu bildirildi.

11 dekabr

26 yaşlı Vardan Şahnazarayan saat 16:40 radələrində öz evlərində 16 mm-lik təklüləli ov tüfəngi ilə özünə atəş açaraq, intihar etməyə cəhd edib.

Polis hadisə yerindən ov tüfəngini maddi sübut olaraq götürüb. Baş verən hadisə ilə bağlı Şahnazaryanın qohumları polisə məlumat verib.

Məlumata görə, Vardan Şahnazaryan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edir. Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun intihar etməsi barədə yayılan xəbərləri inkar edib.

13 dekabr

Saat 15:30 radələrində Ermənistanın Sünik vilayətinin İrəvan-Meğri yolunun 75-ci km-də "Opel" markalı avtomobillə "Scania" markalı avtobus toqquşub.

Hadisə yerində 3 nəfər ölüb, bir neçə yaralı isə Sisian şəhərinin Ağitudakı hərbi hospitalına yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyi qəza nəticəsində ölən və ya yaralananların hərbi qulluqçu olub-olmaması ilə bağlı məlumat yaymayıb.

14 dekabr

İşğal altında olan Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən çavuş Artuş Petrosyan təhlükəsizlik qaydalarını pozduğuna görə bel fəqərələrinin sınığı diaqnozu ilə hərbi hospitala təxliyə edilib.

Baş sürücü-mexanik A.Petrosyan təlim mərkəzində praktiki atışlar zamanı ağır xəsarət alıb. Həkimlər hərbi qulluqçunun vəziyyətinin ciddi olduğunu bildiriblər.

Davo adlı həkimin dediyinə görə, 2017-ci ilin yanvarından müqaviləli xidmətdə olan və Gorus hərbi komissarlığından xidmətə çağırılan A.Petrosyan ömürlük şikəst ola bilər.

Xəbərdə hadisə şahidlərinin, həmçinin səhlənkarlığa yol verən, hələlik soyadları açıqlanmayan Erik və Harut adlı zabitlərin artıq istintaqa cəlb olunduğu da bildirilir.

*****

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində qanunsuzluqlar, nizamnamədən kənar münasibətlər və digər səbəblərdən fərarilik halları baş verməkdə davam edir.

Bu günlərdə 6-cı dağ atıcı alayının daha bir hərbi qulluqçusu Artyom Bağdasaryan xidmət yerini özbaşına tərk edib.

Hadisə barədə hərbi polisə məlumat verilib. Fərarilik edən A.Bağdasaryanın axtarışı davam edir.

*****

İşğal altında olan Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu buraxılışda olarkən oğurluq ediblər.

Hərbi qulluqçular Artur Ohanyan və Qaqik Ter-Qazaryan mülki obyektlərdən oğurluq etdikləri üçün saxlanılıblar.

*****

İşğal olunmuş Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrində xidmət yerindən özbaşına qaçma halları artmaqda davam edir.

2015-ci ildən müqaviləli xidmətdə olan 3-cü taborun hərbi qulluqçusu Artur Poğosyan xidmət yerini özbaşına tərk edib.

Axtarışı davam etdirilən A.Poğosyanın hansı səbəbdən fərarilik etməsi barədə hərbi hissədən açıqlama verilməyib. Hərbi qulluqçunun yaxınları isə xidmətdən qaçmanın səbəbinin hərbi hissədə hökm sürən özbaşınalıq və qanunsuzluqlar olduğunu deyirlər.

*****

İşğal olunmuş Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində daha bir hərbi qulluqçu xidmətin çətinliyinə dözməyərək özünə qəsd edib.

Belə ki, 3-cü taborun əsgəri Şavarş Qalacyan xidmətin ağırlığına və məruz qaldığı təhqirlərə dözməyərək ona təhkim olunmuş avtomat silahdan atəş açaraq özünü vurub.

Hələlik öldüyü, yaxud sağ olduğu gizlədilən hərbçi barədə məlumatı Allahverdiyan soyadlı zabit də təsdiq edib.

*****

İşğal altında olan Xocalı yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən hərbi qulluqçu hələlik məlum olmayan səbəbdən yaralanıb.

Əsgər Narek Asaturyan güllə yarası ilə hərbi tibb məntəqəsinə yerləşdirilib.

Növbətçi hərbi həkim A.Mikolyan hərbi qulluqçunun vəziyyətinin orta ağır olduğunu bildirib.

Baş vermiş hadisə hüquq-mühafizə orqanlarından gizlədilir.

15-16 dekabr

Ermənistan Silahlı Qüvvələrində baş vermiş 5 hadisə nəticəsində 7 hərbi qulluqçu yaralanıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan erməni hərbi qulluqçuların vəziyyəti ağır sabit olaraq qiymətləndirilib.

Məlumata görə, onlardan 3-ü dekabrın 15-də cəbhə xəttində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan Qevorq Hovhannisyan İrəvana köçürülüb.

Qevork Hovhannisyanın sol dabanı amputasiya edilib, sol sifət nahiyəsindən xəsarətlər alıb və gözü zədələnib. Həm Xankəndində, həm də İrəvanda əməliyyat olunan erməni hərbi qulluqçusu hazırda nəzarət altındadır. Onun vəziyyəti ağır sabit olaraq qiymətləndirilib.

Xankəndi hospitalına eyni hadisə nəticəsində Arayik Balayan və Hraçik Köçəryan adlı erməni hərbi qulluqçuları da köçürülüblər. Hospitaldan bildiriblər ki, onların da vəziyyəti qənaətbəxşdir.

Həmin gün işğal altında olan Qarabağda xidmət edən 20 yaşlı, Aparan hərbi komissarlığından çağırılmış erməni əsgəri Arqişti Hakobyan odlu silah yarası ilə (qarın və döş qəfəsi nahiyəsindən) Xankəndi hərbi hospitalına, oradan isə İrəvanın "Muratsan" hərbi hospitalına təxliyyə edilib.

Dekabrın 16-da, cəbhə xəttində daha bir erməni hərbi qulluqçu, Rafiq Vahanyan odlu silah yarası alıb. Göz nahiyəsindən yaralanan Vahanyanı Xankəndindən İrəvana köçürüblər. Onun vəziyyəti orta sabit olaraq dəyərləndirilib. Daha sonra erməni hərbi qulluqçunu Malayan adına oftalmologiya mərkəzinə köçürüblər.

Növbəti yaralanan erməni əsgəri isə Sünik hərbi hissələrindən birində xidmət edib. Məlumata görə, saat 23:40 radələrində Ermənistan respublikası Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində Baş leytenant Q.M. adlı hərbi qulluqçu döyüş mövqeyinin qazmasında silahla davranış qaydalarını pozması nəticəsində ona təhkim edilmiş AKM markalı silahdan atəş açaraq müqaviləli hərbi qulluqçu Armen Xaçaturoviç Harutyunyanı sol omba nahiyəsindən dəlib keçən odlu silah yarası ilə yaralayıb.

17 dekabr

Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən, Ararat vilayətinin sakini, 19 yaşlı erməni əsgəri Andranik Hovhannisyan başından güllə yarası alıb.

Ararat komissarlığından hərbi xidmətə çağırılan yaralı erməni əsgəri xəstəxanaya yerləşdirilib.

Həkimlər onun həyatını xilas edə bilsə də, o, reanimasiya bölməsinə yerləşdirilib.

27 dekabr

Dekabrda Ermənistan ordusunun hərbi hissələrində özbaşınalıq və qanunsuzluq səbəbindən bir çox cinayət xarakterli hadisələr baş verib.

Düşmən ordusunun iki hərbi qulluqçusu özünə qəsd edib, biri isə xidmət yoldaşı tərəfindən güllələnib.

Üzləşdiyi haqsızlığa dözməyən altıncı dağ atıcı alayının zabiti leytenant Manruq Mirzoyan hərbi hissədə odlu silahdan atəş açaraq özünü yaralayıb. Zenit-raket alayının müqaviləli hərbi qulluqçusu Vardan Şaxnazaryan isə ov tüfəngi ilə özünə qəsd edib. İlk olaraq hadisənin ailə-məişət zəminində baş verdiyi bildirilib. Araşdırma zamanı V.Şaxnazaryanın yüksək rütbəli zabit tərəfindən təhqir edilməsinə görə bu addımı atdığı məlum olub.

Daha bir məlumata əsasən, döyüş mövqeyində növbədə olarkən iki erməni hərbçi arasında baş verən mübahisə qanlı cinayətə səbəb olub. Üçüncü əlahiddə motoatıcı alayının hərbi qulluqçusu Artyom Movsesyan xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində çiynindən güllə yarası alıb. Hər üç faktla bağlı araşdırılma aparılır.

*****

Ermənistanın Sünik vilayətində avtoqəzaya düşənlər hərbi hospitala təxliyyə edilib.

Saat 16:00 radələrində İrəvan-Meğri yolunda 24 yaşlı Arsen Aramyanın idarə etdiyi "Mercedes" markalı avtomobil və İran İslam Respublikasının vətəndaşı 46 yaşlı Məhəmməd Əli Reza Həsən Bəy Borucerdinin idarə etdiyi "Scania" markalı avtobus toqquşub.

Avtoqəza nəticəsində sürücü 24 yaşlı Arsen Aramyan, onun həmkəndliləri olan sərnişinlər 50 yaşlı Jasmin Qazaryan Ağitu hərbi hospitalına, digərləri 18 yaşlı Lilit Qazaryan vı 52 yaşlı Suren Avanesyan isə Sisian şəhər mərkəzinə təxliyyə ediliblər.

"Mercedes" markalı avtomobilin sürücüsü 24 yaşlı Arsen Aramyan saat 17:10 radələrində təxliyyə edildiyi hərbi hospitalda ölüb. Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yaymayıb.

28 dekabr

Erməni hərbi qulluqçu Ararat rayonunun Artaşat şəhər inzibati ərazisində maşınla hərəkət edərkən piyadanı vurub.

Saat 19:00 radələrində Ararat vilayətinin Artaşat şəhər inzibati ərazindəki İrəvan-Yerasx yolunda Ararat şəhər sakini 24 yaşlı Qriqor Kerimyan idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun icazə verilməyən hisssindən keçən piyada, Ararat vilayət Vostan kənd sakini, 63 yaşlı Edvard Arşakyanı vurub. Nəticədə, 63 yaşlı piyada Edvard Arşakyan Artaşat şəhər xəstəxanasına təxliyyə edilsə də orada ölüb.

24 yaşlı Qriqor Kerimyan Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edən müqaviləli xidmət hərbi qulluqçusudur.

Şahin Qocayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İtki   Yaralı   Fərarilik   Ölüm  


Bizi "telegram"da izləyin