MSN 2018-ci ildə hansı fəaliyyətləri ilə yadda qaldı? – HESABAT

2018/12/clip_-1545986755.jpg
Oxunub: 4365     16:52     30 Dekabr 2018    
Ordu.az yekun hesabatın hazırlanmasında MSN, ADEX-2018 sərgisinin rəsmi açıqlamalarından, o cümlədən saytımız daxilində yayımlanmış materiallardan istifadə edib.

MSN hər il olduğu kimi, 2018-ci ildə də Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdə davam etdi. Ötən dövrdə nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. Eləcə də, 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismara verilib.


2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6.8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb. İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. Son illərdə isə bu nisbət 90 faizi keçib.

Yarandığı qısa müddət ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri 1200 adda müxtəlif növ silah sitemlərinin, o cümlədən atıcı silahların, snayper tüfənglərinin, optik cihazların, minaların, aviasiya bombalarının, zirehli maşınların, kəşfiyyat-patrul maşınlarının, “Orbiter” ailəsinin PUA-larını, “Aerostar-BP”, “Pegasus” və “Zərbə”tipli pilotsuz uçuş aparatlarının və digər hərbi və mülki təyinatlı avadanlıqların kütləvi istehsal prosesini tam mənimsəyiblər.


Nazirlik fəaliyyətə başladığı gündən ümumilikdə 251 mövzu üzrə müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb. Onlardan Müdafiə Nazirliyi və digər güc strukturlarının tələbatına uyğun 138 mövzu üzrə 370 adda müdafiə təyinatlı məmulatın yaradılma işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Məmulatların yaradılması zamanı 344 müxtəlif növ sınaq keçirilib. Hazırda müəssisələrdə 113 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir.


Ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. 2017-ci illə müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9.2 faiz artım olub. MSN müəssisələrinin istehsal həcmi, əsasən atıcı silahların satışı hesabına artır. Potensial müştərilər arasında Asiya, Afrika və Yaxın Şərq ölkələri üstünlük təşkil edir.


2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi ətrafındakı mövqelərin düşməndən azad edilməsində, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilməsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının koordinatlarının müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı.


Dövlət başçısının tapşırığına əsasən Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən beynəlxalq müdafiə sərgilərinə qatılır. ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq sərgilərdə Azərbaycan brendi olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Bu günədək 35-dən çox beynəlxalq sərgidə təmsil olunan nazirliyin qatıldığı hər bir sərgidə nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.


2005-ci ildə yaradılan və qısa zamanda fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi beynəlxalq müdafiə sərqilərinə qatılmaqla yanaşı, bu qəbildən olan sərgilərin təşkilatçısına da çevrilib. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ildə Azərbacanda “ADEX” adı altında ilk dəfə Beynəlxalq müdafiə sərgisi keçirildi. Artıq ənənə halını alan “ADEX” sərgisi hər iki ildən bir keçirilir. Cari ilin sentyabrında keçirilən “ADEX-2018” sərgisində Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak etdi.

İştirak edən dövlətlərdən 11 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olundu.


Sərgidə Azərbaycanı AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” Elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi ilk dəfə təmsil olunurdu.

Azərbaycan hərbi sənaye müəssisələri “ADEX 2018” sərgisində zirehli personal daşıyıcılarını, yeni taktiki raketlərini, aviasiya bombalarını, artilleriya vasitələrini, müxtəlif təyinatlı PUA sistemlərini, snayper tüfənglərinin, pulemyotların və atıcı silahların çoxsaylı modellərini, onların istifadə etdiyi həm NATO, həm də Sovet nümunəli döyüş sursatlarını və təlim məqsədli texniki təqlid vasitələrini təqdim etdilər.


Hər bir dövlət hərbi doktrinasının tələblərinə uyğun olaraq Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün müxtəlif təyinatlı PUA-lar əldə edir. Hazırda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə İsrail arasındakı hərbi-texniki sahənin bütün spektrlərini əhatə edən əməkdaşlığın yüksək səviyyədə olmasını sübüt etməyə ciddi bir ehtiyac yoxdur. Azərbaycan MSN tabeliyində olan müəssisələrdə illərdir ki, İsrail lisenziyalı PUA-ların geniş çeşidlərini uğurla istehsal edir. Bu əməkdaşlıq 2018-ci ilin iyulun 11-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə İsrailin “Aeronautics” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ilə bir az da möhkəmlənib. Bu memorandum Azərbaycan MSN-ə İsrailin “Aeronautics” şirkəti tərəfindən istehsal edilən “Pegasus 120” çoxqanadlı PUA-sının istehsalına dair əməkdaşlıq etməyə imkan verib.


Anlaşma Memorandumunu Azərbaycan Müdafiə Sənayesi nazirin müavini Yəhya Musayev və ”Aeronautics”in sədri Yedida Yaari imzalayıb. Memorandumda Azərbaycanın ”Azad Systems” şirkətində adıçəkilən PUA-nın yeni versiyasının birgə istehsalı nəzərdə tutulub.

Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbiçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakultəsinin tələbələri və eyni zamanda sıravi vətəndaşlar da var idi.

Bu gün nazirliyin müəssisələri rəqabətədavamlı, yüksək dəqiqliyə malik, ən müasir silah, sursat, optik vasitələr və s. məhsullar istehsal etməklə həm Milli Ordunun, həm də digər güc strukturlarının sifarişlərini yerinə yetirir. İstehsal olunan silah və vasitələr həm təlimlərdə, həm də real döyüşlərdə uğurla tətbiq edilir. Ölkəmizdə də müştərək hərbi sənaye müəssisələrinin yaradılması üzrə beynəlxalq əməkdaşlığa da böyük diqqət yetirilir.


Müdafiə Sənayesi Nazirliyi bu sərgidə bir neçə adda yeni məmulatı ilk dəfə olaraq nümayiş etdirdi. Bu məmulatlardan HP-7.62 tipli hücum pulemyotu, AZ-50 avtomatik tüfəngi, 81 millimetrlik minaatan (NATO standartlarına uyğun), müxtəlif təyinatlı snayper tüfəngləri, zirehli texnikalar, pilotsuz uçuş aparatları, NSVT-12.7 pulemyotlu məsafədən idarə olunan döyüş modulu ziyarətçilər və mütəxəssislər tərəfindən böyük maraqla qarşılandı. Qısaca olaraq bəzi yeni silah və sistemlərin texniki xüsusiyyətlərini xatırlayaq.

“Pegasus 120” PUA-sı


“Pegasus 120”, kvadrokopter və oktokopter konfiqurasiyasında hazırlana bilər və 120 kq maksimum qalxma kütləsinə malikdir. Bu mültikopter 75 kq faydalı yükün 10 km məsafəyə daşına bilməsi üçün nəzərdə tutulur. “Pegasus 120”nin elektrik mühərriki aparatın 120 dəqiqə havada qalmasına imkan verir. Elektrik mühərriki aşağı səs siqnallarına malik olmaqla yanaşı, PUA-nın 85 km/saat sürətlə uçuşunun təmin edilməsinə imkan yaradır. “Pegasus 120” multikopterləri, İsrailin “Aeronautics” şirkətinin digər istehsalı olan “Orbiter 2” və “Orbiter 3” PUA-larının yerüstü idarəetmə mərkəzindən də idarə edilə bilir. “Pegasus 120” aparatlarında yüksək avionik imkanlarla yanaşı yeni datalink, məsafə, yük sensorları, əlaqə vasitələri və müşahidə cihazları tətbiq edilib.


“Pegasus 120”nin yaradılması konsepsiyasının əsası, keçilməsi mümkün olmayan ərazilərdə fəaliyyət göstərən şəxsi heyətə və ya xüsusi təyinatlı vəzifələri yerinə yetirən qruplara ehtiyac olan döyüş və digər təchizat vasitələrinin vaxtında çatdırılmasını təmin etməkdən ibarətdir. Bu aparat meşəlik, dağlıq və sərt qayalıq ərazilərdə də kifayət qədər səmərəlidir.

HP-7.62 pulemyotu

HP-7.62 tipli pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.


HP-7.62 tipli pulemyotdan atəş iki ayaqdan və ya müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər. Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilik yayıcı sipər, yeni növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl qundağı tətbiq olunub. Əl qundağının aşağı və yan tərəflərində, eyni zamanda lülə qutusunun qapağı üzərində yerləşən “Pikatinni” tipli tamasalar (NATO-nun MİL-STD-1913 standartına uyğun) müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun taktiki imkanlarını artıran döyüş fənəri, əlavə dəstək, lazer hədəf göstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir.

Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu patron qutulara yığılır. Pulemyotdan atəş aparmaq üçün 7.62 x 54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur.

HP-7.62 tipli pulemyotun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atış tezliyi dəqiqədə 650-750 atəş, döyüş atış tezliyi dəqiqədə 250 atəş, çəkisi isə 8.6 kiloqramdır. Pulemyotu ətraf mühitin ±50ºC temperaturunda, istənilən hava şəraitində - dumanda, çiskində, qarda, yağmurda, tozda istifadə etmək mümkündür. İkiayaqlı konfiqurasiyaya malik silah davamlı və uzunmüddəli istifadə üçün nəzərədə tutulur. Silahın atəş tezliyi qaz tənzimləyicisi vasitəsilə nizamlanır. Texniki xidmət istənilən zaman istənilən ərazidə qısa zamanda yerinə yetirilə bilər. Ehtiyat lülənin dəyişdirilməsi minimal zamanda həyata keçirilir. Uzunluğu plastik qundağın qatlanması ilə nizamlanan HP-7.62 pulemyotundan atəş qısa (10 atışa qədər), uzun (30 atışadək) qatarlarla və fasiləsiz aparıla bilər. “Pikatinni” tamasası isə əlavə avadanlıqların quraşdırılmasına imkan verir.

7.62 mm-lik AZ- 50 avtomat tüfəngi


7.62 mm-lik AZ- 50 avtomat tüfəngi də bu il istehsal edilən yeni silahlardan biridir. Yeni AZ-50 tüfənginin mərmisinin ölçüsü 7.62x39 mm, atış məsafəsi isə 1000 metrdir. Silahın boş çəkisi 3.6 kq-dır. Avtomat 6 vəziyyətdə sabitləşdirilə bilən teleskopik qundaqla təmin olunub. İlk dəfə olaraq sənayemiz avtomat silahı 50 ədəd mərmi yerləşdirə bilən xəzinə ilə təchiz edib. Bu da daha uzun müddət effektiv döyüş aparmağa imkan verir. Tüfəngin hədəfə tuşlanması optik, lazer və ya mexaniki nişangahlarla yerinə yetirilir. Avtomat 400 metr məsafədə səmərəli olan lazer tuşlayıcı ilə də təmin olunub. Hazırda mühəndislər 60 ədəd mərmi yerləşdiriləcək xəzinəni hazırlamağa çalışırlar. Silahın digər xüsusiyyətləri AK74M silahından fərqlənmir.

ST-12.7 anti-material snayper tüfəngi


MSN müəssisələri tərəfindən marağa səbəb olan yeni silahlardan biri də ST-12.7 yarımavtamat anti-material snayper tüfəngidir. Daim yerli audiotoriyada mübahisələrə səbəb olan bu snayperin təyinatı tam fərqlidir. Bu snayper tüfəngi əsasən uzaq məsafələrdə yerləşən vasitələri məhv etmək məqsədilə dəqiq atəş açmaq üçün nəzərdə tutulur.

Snayper tüfəngi aşağıda göstərilən döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub:

- Yüngül zirehli hədəflərlə, pilotlu və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq;
- 2000 m-ə qədər məsafələrdə yüngül sığınacaqlar arxasında qorunan, qısa müddətdə görünən, hərəkət edən və etməyən, açıq və maskalanmış hədəfləri məhv etmək;
- Mühəndis sursatlarını təhlükəsiz məsafədən məhv etmək;
- Döyüş, nəqliyat, rabitə, kəşfiyat, idarəetmə, kəşfiyyat vasitələrini, radiolokator və peyk rabitə sistemlərinin antenalarını, raket və artilleriya qurğularını, tankların xarici avadanlığını sıradan çıxarmaq;
- Sərhədlərə nəzarət etmək və su hövzəsi sahillərini kiçik gəmilərdən qorumaq.


12.7x108 mm-lik mərmilərdən atəş açan ST-12.7 tüfəngi müxtəlif istismar şəraitində - havanın 93-97% nisbi rütübətliliyində, -50 dərəcədən +50 dərəcə temepratura qədər effektiv istifadə oluna bilir. Yağış, toz və qar şəraitində etibarlı işləyir. O, vacib düşmən hədəflərinə tək-tək və dəqiq atəşin açılması üçün nəzərdə tutulub. Tüfəngin hədəfə tuşlanması optik və mexaniki nişangahlarla yerinə yetirilir. Snayper tüfəngi yerli müəssisədə hazırlanan daha müasir optik nişangahla və ya “Aselsan Pyton” termal görüntüləmə nişangahı ilə təchiz olunur.

Taktiki-Texniki göstəriciləri:

- Sursat 12.7x108 mm;
- Çapı 12.7 mm;
- Atəş tezliyi 15 atəş/dəq;
- Başlanğıc sürət B-32 845 m/san;
- Silahın uzunluğu 1800 mm;
- Lülənin uzunluğu 1000 mm;
- Hədəf məsafəsi 2000 m;
- Xəzinə tutumu 7 ədəd;
- Çəkisi 16 kq.

Silahdan 12.7x108 mm-lik çaplı snayper, zirehdələn-yandırıcı (B-32 və BS), zirehdələn-yandırıcı-izburaxan (BZT-44) və adi təsirli yandırıcı gülləli (MDZ) mərmilərlə atəş açılır.

12.7 mm-lik snayper tüfəngi cəbhədə Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla istifadə olunur.

23 mm İST-23 snayper tüfəngi


MSN tərəfindən istehsal edilən ağır snayperlər ailəsindən digər bir silah, 2000 metr atəş məsafəsinə malik 23 mm çaplı İST-23 snayper tüfəngidir. Bu snayper tüfəngi də əvvəlki ST-12.7 kimi maddi vəsaitlərin sıradan çıxarılması funksiyalarını tam yerinə yetirməklə yanaşı PDM, BTR kimi zirehli vasitələrin və dayanacaqda olan aviasiya vasitələrinə qarşı səmərəli mübarizə apara bilir.

Taktiki-Texniki göstəriciləri:

- Sursat 23x115 mm;
- Çapı 23 mm;
- Atəş tezliyi 6 atəş/dəq;
- Silahın uzunluğu 1770 mm;
- Lülənin uzunluğu 1000 mm;
- Hədəf məsafəsi 2000 m;
- Çəkisi 34 kq;
- İş prinsipi mexaniki.


81 m-lik 20N5 “Mortar” minaatanı


Nazirliyin müəssisələrində hazırlanan yeni məhsullardan biri də NATO standartına uyğunlaşdırılan 81/82 mm-lik 20N5 minaatanlarıdır.

Bu minaatanlar:


- Düşmənin açıqda və ya sığınacaqda olan canlı qüvvəsinin və ya atəş vasitələrinin məhv edilməsi və ya basdırılması;
- Əks yamaclarda, dərin dərələrdə və meşələrdə yerləşən olan canlı qüvvənin və odlu silahların basdırılması;
- Səngərlərin, xəndəklərin, hərəkət yollarının və yüngül taxta sığınacaq qurğularının məhv edilməsi;
- Piyadaların müşayiət edilməsi və dəstəklənməsi;
- Düşmənin hücum və əks hücumlarının qarşısının alınması üçün təyin olunub.

4 nəfər heyət üzvünə, 1100 mm lülə uzunluğuna, 3.1 kq-lıq minaya və 47 kq döyüş kütləsinə malik minaatanın mərmisi 220 m/san sürətə və 91-5400 metr arasında atəş məsafəsinə sahibdir.

Aviasiya bombaları

MSN müəssisələrində Türkiyənin ASELSAN şirkəti ilə müştərək hazırlanan idarəolunan yeni 270 kiloqramlıq "QFAB-250 LG" aviabombaların seriya istehsalına artıq start verilib.


Azərbaycan sənayesi artıq eskperimental taktiki raket istehsalına da start verib. “ETR-M” adlanan raketin çapı 203 mm, ümumi kütləsi 250 kq, döyüş başlığının kütləsi isə 50 kq-dir. Müdafiə Sənayesi Nazirliyi mütəxəssislərinin hazırladığı raketin uzunluğu 2400 mm, uçuş məsafəsi isə 10 km-dən 60 km-ə qədər-dir. Start mühərrikinin işləmə müddəti 1.1 saniyə, mars mühərrikinin işləmə müddəti isə 200 saniyədən az deyil. Raketin tuşlanmasında İNS və GPS sistemlərindən istifadə edilir. Raket bir neçə moduldan ibarətdir. Modulların hər birini ayrılıqda sökmək, dəyişmək mümkündür. Raketin atıcı qurğusu da Azərbaycanda istehsal edilir.


Digər yeni istehsal olunan aviabomba Türkiyənin ASELSAN şirkəti ilə müştərək hazırlanan 250 mm çaplı “QFAB-250 LG” adlanan lazer başlıqlı qəlpəli fuqas bombasıdır. Aviasiya bombasının çəkisi 250 kiloqram, hədəfdən yayınması isə 10 metrdir.

Qəlpəli-fuqas aviabombasının uçuş məsafəsi 12 min metrdir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi isə 270 kq-dır.


Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində sabit hədəfləri məhv etmək üçün digər bir özütuşlanan aviasiya bombası istehsal edilib. 203 mm çaplı “QFAB-50 İSAB” bombasının uçuş məsafəsi təyyarənin sürətindən asılı olaraq 10 km-dən 60 km-ə qədər dəyişir. Uzunluğu 1600 mm, diametri 230 mm olan bombanın kütləsi isə 65 kq-dır.

Son istehsal edilən məhsullar


Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi MRAP tipli zirehli maşınların yeni modifikasiyaları üzərində çalışmalarını davam etdirir.

Xüsusi təyinatlılar üçün yeni snayper tüfənglərinin istehsalına da başlanılıb.

"ADEX-2018" III Beynəlxalq müdafiə sərgisində nümayiş olunan, 1500 metr atəş məsafəsinə və 11 kq çəkiyə malik yeni adsız snayper tüfənginin də artıq seriya istehsalına başlandığı ehtimal edilir.

115 kiloqram kütləyə malik 30 millimetrlik “AT30” avtomatik topunun da istehsal prosesi tam mənimsənilib.


Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin ASELSAN şirkətinin idarə heyətinin sədri-baş direktor Haluk Görgünün başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edərək, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr apardı. Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında isə Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair Anlaşma Memorandumu imzalandı.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi nəzdindəki Elmi Araşdırmalar İnstitutunun təkmilləşdirdiyi sursatlara ASELSAN-ın istehsal etdiyi lazer idarəetmə blokunun inteqrasiyası uğurla tamamlanıb və yeni sursatın artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin “Su-25” döyüş təyyarələrində sınaqlarının birinci mərhələsi yekunlaşıb.


Sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin rəsmilərinin Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin nümayəndə heyətləri, şirkət rəhbərləri ilə görüşləri təşkil olundu. İkitərəfli görüşlərdə mövcud əməkdaşlıqların davam etdirilməsi və yeni əməkdaşlıqların qurulmasına dair geniş müzakirələr aparıldı.

“ADEX-2018” sərgisi dünyanın sürətlə inkişaf edən bazarlarında strateji əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində əlverişli platforma rolunu oynadı. Beynəlxalq istehsalçılar, alıcılar və sənaye sahəsi üzrə ekspertlərin iştirak etdiyi bu sərgi əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş fürsətlər yaratdı. Yüzlərlə beynəlxalq müqavilələr, niyyət protokolları, anlaşmalar imzalandı. Sərgi çərçivəsində əldə edilmiş razılığa əsasən bu il oktyabrın 23-də Moskvada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin rəsmiləri ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyin rəsmiləri arasında görüş keçirildi. Görüşün davamı olaraq dekabrın 6-da Bakıda hər iki ölkənin müdafiə sənayesi qurularının nümayəndələri arasında geniş tərkibli iclas keçirildi. Yaxın zamanlarda isə Ankarada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Cumhuriyyətinin aidiyyəti qurumları arasında sahə üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi nəzərdə tutulur.

Keçən ilin yadda qalan hadisələrindən biri də iyulun 23-də Müdafiə sənayesi naziri Yavər Camalovun dünyasını dəyişməsi oldu.

Yuxarıda qeyd olunduğu kimi, mərhum nazirdən sonra da qarşıda duran yeni inkişaf hədəflərinin müəyyən edilməsi və bu istiqamətdə konkret işlərin həyata keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müvafiq işlər davam etdirilib. Belə ki, müxtəlif istiqamətlər üzrə müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, idxalı əvəz edəcək məhsulların yerli istehsalının təşkili, ixrac potensialının artırılması, eləcə də hazırda fəaliyyət göstərən istiqamətlərin təkmilləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.


İstehsal müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün özünütəminetmə səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə görüləcək ən mühüm işlərdən biri müdafiə təyinatlı məmulatlarla yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məmulatların da istehsalını genişləndirməkdir.

Son dövrlərdə müdafiə təyinatlı məhsulların yaradılması istiqamətində görülən işlər bir neçə adda yeni məmulatın yaxın gələcəkdə seriyalı istehsalına başlanılacağı təminatını verir. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan AZ 7.62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılıb və 2019-cu ildən seriya istehsalı başlanılacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN   2018   ADEX  


Bizi "telegram"da izləyin