Rusiyada 2018-ci ildə baş vermiş 10 əsas hərbi hadisə

2018/12/5c238-1545975319.jpg
Oxunub: 2345     09:31     28 Dekabr 2018    
2018-ci il Rusiya üçün irimiqyaslı manevrlər, hərbi təlimlər və yeni silahların istehsalı kimi hadisələrlə yadda qaldı.

Ordu.az xəbər verir ki, ölkədə baş vermiş 10 əsas hərbi hadisə barəsində hərbi ekspert Mixayıl Xodarenok məlumat verib.

1. “Vostok-2018” təlimi: Bu təlim Rusiyanın müasir tarixindəki ən irimiqyaslı hərbi təlim oldu. Çin və Monqolustan silahlı qüvvələrinin də iştirak etdiyi təlimlərdə insan gücü ilə yanaşı modern və qabaqcıl silahlar və hərbi avadanlıqların bacarıqlarından da istifadə edildi. Təlimdə 25 mindən çox əsgər, 4960-dan çox hərbi avadanlıq, 130 təyyarə və helikopter, 10 PUA, Şərq Hərbi Dairəsinin 29, 35 və 36-cı qoşunlarından 9 bölük, Mərkəz Hərbi Dairəsinin briqadası və tank dəstəsi iştirak etdi.

2. Aralıq dənizində təlimlər: 2018-ci ildə Rusiya Aralıq dənizində ilk əhəmiyyətli hərbi dəniz təlimlərini keçirdi. 28 döyüş gəmisi və köməkçi gəmilər, eləcə də 36 dəniz aviasiya bölməsinin iştirakı ilə keçirilən təlimlərdə “Tu-160” strateji bombardmançıları, “Tu-142” və “II-38” sualtı əleyhinə təyyarələr, “Su-33” və “Su-30SM” qırıcıları iştirak etdi.

3. Rusiya sualtısı “Bulava” ballistik raketlərini sınaqdan keçirdi: Rusiyanın “Borey” sinfli “Yuri Dolqoruki” strateji nüvə sualtısı 4 ədəd “R-30 Bulava” qitələrarası ballistik raketini (ilk atış 28 iyun 2011-ci ildə həyata keçirilib) sınaqdan keçirdi. Sınaq zamanı Ağ dənizdən atılan raketlər Uzaq Şərqdəki Kamçatka yarımadasında yerləşdirilmiş hədəfləri uğurla vurmağa nail oldu. Qeyd edək ki, sözügedən ballistik raketlər 6-10 arası MIRV nüvə başlığını 8 min km məsafəyə çatdırma bacarığına malikdir.

4. “Kh-101” qanadlı raketinin sınaqdan keçirilməsi: Noyabr ayında təkmilləşdirilmiş “Tu-160” strateji bombardmançıları 12 ədəd “Kh-101” raketini sınaqdan keçirdi. Sınaq zamanı raketlər Pemboi sınaq məntəqəsindən atılaraq Qütb Dairəsinin şimalındakı hədəfi uğurla məhv etdi.

5. “Kinjal” hipersəs raketi: 2018-ci il etibarilə “Kinjal” raketləri döyüş missiyalarında istifadə üçün hazır vəziyyətə gətirildi. İl ərzində bu raketlərlə təmin edilmiş rus təyyarəsi Qara və Xəzər dənizlərində 89 patrul uçuşu həyata keçirdi. Əməliyyat mənzili 2 min km olan “Kinjal” saatda 12250 km sürətlə bu məsafəyə 10 dəq ərzində çatır.

6. “Peresvet” lazer sistemlərinin silahlanmaya daxil edilməsi: Dekabrın 1-i etibarilə Rusiya istehsalı “Peresvet” döyüş lazer sistemləri Rusiya HHQ-də silahlanmaya daxil edildi. Bu sistemlər geniş spektrdə istifadə edilə bilir və demək olar ki, istənilən hədəfi vurmağa qadirdir.

7. “Sarmat ICBM”in ilkin sınaqları keçirildi: 2018-ci ildə “Sarmat” qitələrarası ballistik raketi ilkin sınaqlardan keçdi. Qeyd edək ki, “RS-28 Sarmat” maye yanacaqlı, MIRV nüvə başlıqları ilə təmin edilmiş, ağır termonüvə xarakterli qitələrarası ballistik raket sistemidir. 200 tonluq raketlər Yer kürəsi üzərindəki istənilən hədəfi məhv etməyə qadirdir və 10-a qədər nüvə başlığı daşıya bilir.

8. “Knyaz Vladimir”in dəniz sınaqları keçirməsi: Rusiyanın “Borey-A” sinfinə məxsus stels texnologiyası və etibarlılığına görə xarici rəqiblərindən fərqlənən “Knyaz Vladimir” sualtısı bu il dəniz sınaqlarına başladı. Rusiyanın şimal-qərbində Severodvinskdəki “Sevmaş” gəmiqayırma zavodunda artıq bu sualtılardan 3 ədəd istehsal olunub. “Vladimir” hazırda Sakit okean filotiliyasında silahlanmaya daxil edilib.

9. Modern hərbi avadanlıqlarda artım: 2018-ci il etibarilə modern silah və hərbi avadanlıqların Rusiyanın Strateji Təyinatlı Qoşunlarında payı 82%, quru qoşunlarında 48,3%, HHQ-də 74%, donanmada 62,3%, Hava Desant Qoşunlarında isə 63,7%-dir.

10. Rusiya Silahlı Qüvvələrinə 12 min hərbçi qoşuldu: Rusiya hərbi təhsil sistemini uğurla yenidən dizayn etdi və yeni məzun olmuş hərbçilərdən 12 min nəfəri Rusiya SQ-də vəzifələrinin icrasına başladılar.

2019-cu ildən nə gözləməli?

2019-cu il üçün Rusiyanın müdafiə büdcəsi 2018-ci ilə nisbətdə 0,3% azalaraq ölkənin ümumi büdcəsinin 17%-ni, ÜDM-nin isə 2.9%-ni təşkil edəcək. Qeyd edək ki, bu rəqəm ABŞ-ın müdafiə xərclərindən 15 dəfə azdır.

Rusiya üçün qarşıdan gələn ilin ən çox gözlənilən hərbi hadisəsi “Avanqard” hipersəs raketlərinin Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarında silahlanmaya daxil edilməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   2018-ciil  


Bizi "telegram"da izləyin