Azərbaycan Cənubi Sudana niyə sülhməramlı göndərir? – ARAŞDIRMA (FOTOLAR)

2018/11/35-4630229499.jpg
Oxunub: 4881     17:00     28 Noyabr 2018    
Sudan 1983-cü ilə qədər Afrikada Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya ilə sərhədləri olan vahid dövlət olub. Böyük Britaniya və Misir müstəmləkəsindən xilas olan Sudan, 1952-ci ilin yanvarın 1-də müstəqilliyini elan edərək Respublika üsul-idarəsini qəbul edib. Rəsmi dövlət dil ərəb və ingilis dilləridir. İslam dininə mənsub dövlətdir.

Tarixi

1983-cü ildə ölkədə baş verən vətəndaş müharibəsi Sudanı iki hissəyə – müsəlmanlardan ibarət şimal və xristianlardan ibarət cənub hissələrinə böldü. Bölgəyə böyük maraq göstərən ABŞ əvvəlcə Xartumdakı hökumətə, yəni nəzarətləri altında olan ərazilərdə şəriət qanunlarını tətbiq edən müsəlmanlara dəstək verdi ki, bu da mübarizəni daha da şiddətləndirdi. 22 ilə qədər, yəni 2005-ci ilədək davam edən müharibə "İkinci Vətəndaş Müharibəsi" adını aldı. Bu illər ərzində aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarında 2 milyondan çox insan həlak oldu, 4 milyondan artıq insan isə qaçqın düşdü. Sudanda baş vermiş bu hadisələr ölkəni böhrana sürüklədi.

1989-cu ildə müsəlmanlardan ibarət olan şimalda hərbi çevriliş baş verdi. Hakimiyyəti əvvəlkindən daha radikal qüvvələr ələ keçirdi. Bu dəfə ABŞ cənubdakı qiyamçılara dəstək verməyi qərara aldı.


1990-cı ildə ABŞ-ın "Chevron" şirkəti tərəfindən Sudanda neft yataqlarının aşkar edilməsi problemi daha da qızışdırdı. Məhz neftlə zəngin rayonlarda müharibə ən şiddətli xarakter aldı. Tərəflərdən hər biri onların üzərində nəzarəti ələ keçirməyə çalışırdı. Döyüş əməliyyatları ABŞ-ın neft sənayeçilərinə neft hasilatını nizama salmağa mane olurdu. Ona görə də 1994-cü ildə ABŞ-ın təzyiqi ilə Sudanın İslam hökuməti ilə Cənubi Sudandakı qiyamçılar arasında ölkənin yeni dövlət quruluşu haqqında bəyannamə imzalandı. Lakin bu sənəd yalnız 1997-ci ildə yenə də ABŞ-ın və onun NATO üzrə müttəfiqlərinin təzyiqi altında qüvvəyə mindi.

1998-ci ildə ABŞ aviasiyası Şimali Sudanın paytaxtı Xartum şəhərini bombardman etdi. Bundan sonra Xartumda parlament çoxpartiyalılığı təsbit edən yeni Konstitusiyanı qəbul etdi və müxalifətə seçkilərdə iştirak etməyə icazə verildi. Lakin müharibə dayanmadı.

Yalnız 2005-ci ildə cənubla şimal silahlı qarşıdurmaya son qoymaq haqqında razılığa gəldi. Keçid dövrü haqqında razılıq əldə edildi. Sülh prosesi kifayət qədər uzun çəkdi. 2011-ci ildə keçirilən referendumundan sonra Cənubi Sudan müstəqillik əldə etdi və ölkə iki hissəyə bölündü: Şimalı Sudan və Cənubi Sudan.

ABŞ isə hər iki tərəfə dəstək, o cümlədən hərbi dəstəyini hələ də davam etdirir. Çünki neft cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir ki, bu da hər iki ölkənin hökumətlərini ABŞ-ın iqtisadi və hərbi yardımından asılı vəziyyətə salır.

Şiddətin yayılması

2013-cü ilin dekabrın 15-də Cənubi Sudanın paytaxtı Cubada baş verən hadisələr, sürətlə ölkənin digər bölgələrinə yayıldı, bu isə dərin milli siyasi böhrana səbəb oldu və təhlükəsizliyə təhdidlər törətdi. Münaqişə ölkənin on əyalətindən yeddisinə yayıldı. Orta Ekvator, Jongley, Yuniti və Üst Nil əyalətləri döyüş əməliyyatlarından daha çox zərər gördü.


Hökumətlə BMT-nin Cənubi Sudandakı missiyası arasındakı böhran getdikcə artdı, onları tərəfsiz olmamaqda və hökumət əleyhdarı qüvvələrə yardım göstərməkdə irttiham etdilər. Üst səviyyəli hökumət səlahiyyətlilərindən sərt ifadələr işlədildi.

2013-cü ilin dekabrından 2014-cü ilin fevral ayına qədər Cənubi Sudanda baş verən hadisələrdə minlərlə dinc sakin həlak oldu. Hər iki münaqişə tərəfi etnik mənsubiyyətinə görə vətəndaşlara qarşı hücumlar təşkil etdiklərinə, beynəlxalq humanitar hüquq qaydalarına və insan haqlarına əməl etmədikləri üçün müxtəlif təşkilatlar tərəfindən qınaq obyektinə çevrildilər.

Humanitar vəziyyət getdikcə daha da kəskin şəkildə pisləşdi. Böhranın ilk dörd həftəsi ərzində Cənubi Sudandakı təxminən 500 000 nəfər məcburi köçkün vəziyyətinə düşdü, təxminən 74300 nəfər isə qonşu ölkələrə qaçdı. Bu qrupların sayı artmaqda davam etdi və 2014-cü ilin fevral ayının sonunda köçkün əhalinin ümumi sayı 900 000 nəfərə çatdı, bunlardan 167 mini qonşu ölkələrə sığındı. Ərzaq təhlükəsizliyi səbəbindən ciddi təhlükəyə məruz qalan mülki əhalinin sayı 1.1 milyondan 3.2 milyona qədər artdı. Bununla yanaşı, təxminən 500 000 məcburi köçkünün qida yardımına ehtiyacını nəzərə alsaq, Cənubi Sudanda 3.7 milyon insanın həyatda qalmasının sual altında olduğunu görərik.

BMT missiyasının gücləndirilməsi

Cubada baş verən hərbi əməliyyatların Böyük Nil bölgəsinə yayılmasından sonra on minlərlə mülki şəxs kütləvi qırğınların baş verdiyi ərazilərdən Cubada, Boredə, Akoboda, Bentiuda, Malakaledə və Melutedə yerləşən BMT komplekslərinə sığınırdı. O vaxtdan bəri, ölkə daxilindəki səkkiz BMT kompleksində qorunmaq üçün 85000 nəfər qaçqın sığınacaq tapıb.

Çox sayda mülki şəxsin BMT-nin binalarına axın etməsi və orada yerləşdirilməsi misli görünməmiş bir hadisə hesab edilir, ciddi problemlər yaratmaqla müşayiət olunur və missiyanın resursları üzərinə ağır yük qoyur. BMT-nin Cənubi Sudandakı missiyası öz bazalarının və obyektlərinin qorunması, təhlükəsizliyin təmin olunması və köçkünlərə kifayət qədər yardım göstərilməsini təmin etmək üçün humanitar təşkilatlarla əməkdaşlıq edir.


BMT TŞ-nin böhranla mübarizə üçün kifayət qədər imkanlar əldə etməsi məqsədilə Təhlükəsizlik Şurası 2013-cü ilin dekabrın 24-də 2132 saylı qətnaməsində Baş katibin missiyanın hərbi və polis komponentlərinin ümumi gücünü müvəqqəti olaraq artırmağı barədə tövsiyələrini qəbul etdi.

BMT-nin Cənubi Sudandakı sayı, müvəqqəti missiyalar arasında əməkdaşlığın bir hissəsi kimi mövcud sülhməramlı əməliyyatlardakı müvəqqəti qüvvələrin yenidən paylanması və yerləşdirilməsi yolu ilə 12500 hərbçi və 1323 polis məmuruna qədər artırıldı. Zərurət yarandıqda bu rəqəm artırıla da bilər.

Təhlükəsizlik Şurasının missiyalar arasında əməkdaşlıq razılaşmaları çərçivəsində BMT-nin buradakı müvəqqəti hərbi və polis komponentlərinin gücləndirilməsini təsdiqləməsi, missiyanın mülki insanların həyatını xilas etmək və onları daha çox zərərlərdən qoruya bilməsi üçün imkanlarının genişləndirilməsində mühüm rol oynayıb.

Sülh və təhlükəsizlik

2018-ci ilin iyulun 13-də BMT-nin Təhlükəsizlik Şurası Cənubi Sudanda silahlı qruplara silah axınını dayandırmağa istiqamətli tədbirlərin lehinə səs verdi. Şuranın 9 üzv qərarın "lehinə" səs verdi, digər 6 üzvü isə qətnamənin dünyanın ən gənc ölkəsində sülh prosesini pozacağından ehtiyat edərək qətnaməyə "yox" dedi.

Təhlükəsizlik Şurası Cənubi Sudana qarşı sanksiyalar rejimini 2019-cu ilin mayın 31-nə qədər uzatdı. BMT-yə üzv ölkələr bütün növ silahların Cənubi Sudana daxil olmasına mane olmağa borcludurlar.

Şura 5 illik vətəndaş müharibəsi dövründə 4 milyon insanın evlərini tərk etməsində ittiham olunan şəxslərin aktivlərini dondurdu və hərəkət imkanlarını tam məhdudlaşdırdı. Şuranın daimi üzvü olan ABŞ hələ 2016-cı ildə Cənubi Sudana silah embarqosu tətbiq etməyi təklif etsə də, o zaman qətnamə lazımi dəstəyi almadı.


2018-ci ilin iyunun 27-də Cənubi Sudanın prezidenti Salva Kiir və onun siyasi rəqibi, ölkənin keçmiş vitse-prezidenti Riek Maşar arasında atəşkəs razılaşması imzalandı. 2013-cü ildən bəri bütün atəşkəs cəhdləri heç vaxt müsbət nəticə verməyib. Cənubi Sudanda beş illik silahlı münaqişə zamanı on minlərlə insan həyatını itirib.

Cənubi Sudanda zorakılığı qətnamələr və qərararla aradan qaldırmaq hələ də mümkün deyil. Sentyabrın 15-də bir nəfər Nepaldan olan BMT sülhməramlısı hücum nəticəsində yaralandı. Faciə Mərkəzi Ekvatoriya əyalətinin Ey şəhərində baş verib. Daha sonra BMT avtomobil konvoyuna Cənubi Sudanın Xalq Azadlıq Ordusunun bir əsgəri tərəfindən atəş açıldığı bildirilir. Həmin gün digər bir Cənubi Sudan hərbçisi BMT sülhməramlıların bazasından 500 metr aralıda 50-yə yaxın atəş açdı. Bu hadisələr sona qədər tam araşdırılmır, günahkarlar isə cəzalandırılmır. Bu tip, lazımsız yerə silahdan istifadə halları orduda geniş yayılıb, bu isə şəxsi heyətə nəzarətin və intizam səviyyəsinin zəif olmasından xəbər verir.

"Cənub Sudan xalqına kömək etmək üçün burada olan sülhməramlılara hücum qəbul edilə bilməz. Səlahiyyətlilər cinayət törədənləri tapmalı və cəzalandırmalıdırlar", - deyə Cənubi Sudanda BMT Baş katibinin xüsusi nümayəndəsi David Şerer bildirib.

Onun sözlərinə görə, bu cür hadisələr Cənubi Sudan ordusuna düzgün nəzarət olunmadığını göstərir, belə hallar isə hərbçilər tərəfindən insan hüquqlarının ciddi pozuntularına yol açır.

Beləliklə, 2011-ci ildə dünya xəritəsində yeni bir müstəqil Afrika ölkəsinin - Cənubi Sudanın peyda olması, onun müstəqilliyinin elan olunması tərəflər arasında vətəndaş müharibəsinin bitməsinə səbəb olmadı.

Münaqişə niyə bitmir?

2012-ci ildə Sudan cənub qonşusunu təcavüzkar və düşmən dövləti kimi qəbul edib. Bu münaqişənin görünən tərəfidir. Əsas məsələ təbii resurslar uğrunda (Cənubi Sudan böyük qızıl və neft ehtiyatlarına malikdir) mübarizədir və onlar heç vaxt səngimır. Suala cavab verməyə çalışaq - Sudan vətəndaş müharibəsinin əsas səbəbi nədir? 2005-ci ildə hərtərəfli Sülh sazişinin imzalanmasından həm əvvəl, həm də sonra qarşıdurmalar zamanı insanları bir-birini öldürməyə nə vadar edir? Əslində səbəbləri çoxdur, çünki bu coğrafiyada hər hansı kiçik bir fərqlilik münaqişəyə səbəb ola bilər. Coğrafi vəziyyətlə bağlı qeyd edə bilərik ki, Sudan Qırmızı Dəniz vasitəsilə dünya okeanına çıxışa malikdir, Cənubi Sudan isə dənizə çıxışa malik deyil. Lakin Cənubi Sudanın neft boru kəmərləri hazırda şimal qonşusunun ərazisindən keçərək Qırmızı dəniz sahillərinə çatır.


Əraziyə gəldikdə, xarici şirkətlərin Afrika torpaqlarını satın almaqla məşğul olduğu məlumdur. 2012-ci ildə Sudanın təxminən 2 milyon hektar ərazisi Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Texasdan olan əcnəbilərə məxsus idi. Hər hansı bir münaqişənin icarə haqqını kəskin şəkildə azaltması isə heç kimə sirr deyil.

Digər tərəfdən yeni yaranan dövlət Nilin suyundan istifadə kvotasına malik deyil. Misir-Sudan razılaşmasına əsasən, 1959-cu ildən Sudan hər il 18.5 milyard kubmetr Nil suyundan istifadə etmək hüququna malikdir. Burada Misir öz maraqlarını təmin etdikdən sonra suyun istifadəsinə icazə vermək (Misirə bu haqqı kimin verdiyi başqa bir mövzudur, əslində bu kvotalar Nil ətrafı ölkələrin razılığı ilə həll olunmalıdır) niyyətindədir. Nil ətrafında yerləşən ölkələrdə artan əhalini qidalandırmaq üçün daha çox torpaqların suvarılması yaxın zamanlarda ciddi problemlər vəd edir.

Coğrafiya məsələsindən rəvanlıqla ən əhəmiyyətli aspektlərdən birinə - mineral ehtiyatlara keçək. Bölünməzdən əvvəl Sudan ən böyük Afrika ölkəsi idi - 2 milyon kvadrat kilometrdən çox əraziyə malik idi. Bu torpaqların əksəriyyəti qızıl mədənləri baxımından perspektivli hesab edilir. Burada iki böyük qızıl mədəni -Gebeyt və Hassay artıq fəaliyyət göstərir.

Cənub Sudanın şimalında təbaşir dövrünün geoloji çöküntülərində neft yataqları, həmçinin zəngin gips, mərmər, mis və dəmir yataqları (bu xüsusiyyətlər ölkənin tarixən BƏƏ-yə bənzədir) mövcuddur. Ayrı bir məsələ neft ehtiyatlarının miqdarına aiddir. Afrika qitəsinin bütün neftinin 90 faizi dörd ölkədə yerləşir - bunlardan biri də Sudandır. Sadə hesablamalar göstərir ki, Sudan Afrika neft ehtiyatının dörddə birinə sahibdir. Ölkənin bölünməsindən sonra, ehtiyatların 80 faizi Cənubi Sudana keçdi. Bu isə Şimali Sudan iqtisadiyyatının böyük itkilərinə gətirib çıxardı. 2005-ci ildən 2011-ci ilədək atəşkəs zamanı neft hasilatı "Naivaşa" sazişinə uyğun olaraq bərabər bölünürdü. Buradakı neft məsələsi böyük bir iqtisadi faktora çevrilib. Ölkənin bölünməsindən əvvəl, 2011-ci ilədək gündəlik istehsal 500 min barel təşkil edirdi. Bölünmədən sonra neft Cənubi Sudanın əsas gəlir mənbəyinə çevrildi, onun satışından əldə edilən illik gəlir, ölkənin ümumi büdcəsinin 98 faizini təşkil edir. Şimali Sudanın bu vəsaitləri itirməsi münaqişənin əsas səbəblərindən biridir.


İllər keçsə də münaqişə bitmir. Xristian neqro-nilotlar cənubda, müsəlman ərəblər isə şimalda məskunlaşıb. 1989-cu ildə Ömər əl-Bəşirin hərbi çevrilişi "bütün danışıq kartlarını masadan qaldırdı". 2008-ci ildə Beynəlxalq Məhkəmə soyqırım ittihamı ilə həbs qərarı çıxarsa da, bu günə qədər polkovnik Əl Bəşir Şimali Sudanda hakimiyyətdədir.

Münaqişənin səbəbləri çoxları üçün vacib deyildi, nəticədə dünya xəritəsində münaqişələrlə zəngin olacaq yeni bir dövlət ortaya çıxıb. Bu münaqişənin əsas səbəbləri isə əsasən mineral ehtiyatlar, hakimiyyət hərisliyi, dini faktorlar və dəri rəngindən ibarətdir. İnsanlıq tarixində bu meyarlar daim qətl, hakimiyyətin yenidən bölüşdürülməsi və zənginləşmək üçün bəhanə kimi istifadə edilib. Əsrlər keçir, insanlar isə dəyişmir.

Düşünürəm ki, hansısa bir referendumla və ya digər usulla, müəyən təbii və ya süni etnik, dini, hakimiyyət və ya resursların bölünməsi kimi problemləri olan böyük ölkələrin iki və ya daha çox hissəyə parçalanması, nəhəng güclərin kiçik dövlətləri daha asan idarə etmək istəyindən irəli gəlir və qətiyyətlə bu problemləri həll etmir, çox zaman isə Sudandakı kimi tam əks effekt verir.

Azərbaycanın BMT missiyasında iştirakı

Hər bir sərvətə malik insanların bir-birini məhv etməməsi üçün dünya ictimaiyyəti Cənubi Sudana sülhməramlıların sayını davamlı olaraq artırır. Noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Sudana sülhməramlı heyətin göndərilməsi ilə bağlı layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə daxil olub. Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində fəaliyyət göstərəcək. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq. Komitə layihəni müzakirə edərək plenar iclasa tövsiyə edib.


Bəziləri mütləq tapılacaq və "Dağlıq Qarabağ probleminin həll edilmədiyi bir vaxtda Sudanda nə işimiz var" deyə soruşacaq. Onlara qısaca faktların dili ilə indidən cavab verim.
Çinin Tayvan, Tibet və Honkonq ilə ərazi problemləri həll edilməyib, lakin 700 nəfərlik hərbi kontingentlə BMT-nin Cənubi Sudandakı sülhməramlı missiyasında iştirak edir. Onlar zirehli maşınlar, tank əleyhinə silahlar, minaatanlar və pilotsuz uçuş aparatları ilə təchiz olunub.

Yaponiya hökuməti də Rusiya, Çin və Şimali Koreya ilə həll edilməyən ərazi problemlərinə baxmayaraq Cənubi Sudana sülhməramlı qüvvələrini göndərib. Hərbi mühəndislərdən və istehkamçılardan ibarət 320 nəfərlik heyət 5 il müddətində Cənubi Sudanda yolların salınması və körpülərin tikilməsini həyata keçirməlidir. Bu siyahını davam etdirmək çətin deyil. Düşünürəm ki, nə demək istədiyimi ifadə edə bildim.

Bu baxımdan Azərbaycanın BMT-nin sülhməramlı proqramlarında iştirak etməsi həm ölkəmizin nüfuzu baxımından, həm də hərbçilərimizin beynəlxalq təcrübə əldə edilməsi baxımından vacibdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Sudan   Sülhməramlı  


Bizi "telegram"da izləyin