Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan insan hüquqları təşkilatı tərəfindən yayılan rəqəmləri təkzib edib.
O bildirib ki, jurnalistlərdən biri ona konkret rəqəmlə müraciət edib. O, isə cavabında belə məlumatların gizlilik təşkil etdiyini, buna görə də heç kim rəqəmin 400 və 120 olduğunu təsdiq edə bilməyəcəyini deyib.
Həmçinin Hovhannisyan, hərbi hissənin dislokasiya yerinin və hərbi qulluqçuların sayının açıqlanmasının da mümkün olmadığını deyib. O, belə məlumatların yayılmasını məsuliyyətsizlik adlandırıb. Onun sözlərinə görə, adətən müqaviləli hərbi qulluqçular yaşayış yerlərinə yaxın olan hərbi hissələrdə xidmət edirlər, o cümlədən hazırda hərbi hissənin dislokasiya yerinin dəyişdirilməsi, yerli sakinlərin xidmətdən azad edilməsi və yeni ərazidəki sakinlərin qəbul edilməsi təbii haldır.
Qeyd edək ki, avqustun 1-də "İnsan hüquqları naminə jurnalistlər" ictimai təşkilatı hərbi hissənin dislokasiya yerinin İrəvandan ətraf rayonlardan birinə dəyişməsi barədə məlumat vermişdi.
Bildirilirdi ki, hərbi hissə komandanlığı ilə fikir ayrlığına, hərbi hissənin dislokasiya yerinin dəyişməsinə görə artan maddi xərclərə və mənzil kirayəsinə görə ödənilən pul kompensasiyasının azaldılmasına görə 400-dək hərbi qulluqçu xidmətdən azad edilib və ya azad edilməsi üçün raport təqdim edilib.
Sülhməramlı briqadanın şəxsi heyətinin aprel ayında baş verən kütləvi aksiyalardakı iştirakına dair aparılan araşdırmalar barədə isə heç bir məlumat verilməyib.
Alpər Mövludoğlu
Ordu.az