Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə verdiyi müsahibədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryanın səs yazılarının yayılmasını şərh edən Styopa Safaryan bildirib.
Qeyd edək ki, səs yazısından məlum olur ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın Ermənistanda deyil, Moskvada olduğu məlum olur. Məhz bu məqama görə Safaryan, səs yazısının Ermənistandan kənarda aparıldığını və birbaşa Paşinyan-Putin görüşü ilə bağlı olduğunu deyir.
“Son görüşdə Paşinyan və Putin arasında Ermənistanın daxili problemləri ilə bağlı müzakirələr olub və razılıq əldə edilib. Həmçinin oyun qaydaları barədə də razılıq əldə edilib. Əgər belə bir şey olmasaydı nə Paşinyan, nə də Putin belə bir açıqlama verməzdilər. Bununla da bəzi rus dairələri göstərmək istəyir ki, Putin Paşinyanla hər hansı razılığa gəlməklə səhv edib. Hesab edirəm ki, həm rus, həm də bəzi erməni dairələrində son razılıqlar urəyincə olmayıb və indi son gülləni atırlar. Bununla da Köçəryan və Xaçaturov məsələsinin tam açılmasına mane olurlar”, - deyə Safaryan bildirib.
O, səs yazısının Ermənistan milli təhlükəsizlik xidməti daxilində və ya MTX rəisini Moskvaya yola salan əməkdaşlar tərəfindən xüsusi məqsədlə aparıla biləcəyini qeyd edir.
Xatırladaq ki, səs yazısına artıq Paşinyan da münasibət bildirib. Paşinyan belə səs yazılarının korrupsiyaya, talançılığa qarşı mübarizəyə və 1 mart hadisələri üzrə araşdırmalarına yekun vurulmasına mane olmayacağını bildirib.
Alpər Mövludoğlu
Ordu.az