İran İraqa həqiqətən də ballistik raketlər yerləşdiribmi? – ANALİZ

2018/09/57567_1536393957.gif
Oxunub: 2978     15:54     08 Sentyabr 2018    
İran özünün raket texnologiyalarını regiondakı bəzi aktorlarına verdiyi bir zamanda İraqda raket yerləşdirilməsi ilə bağlı yayılan hesabatlar gündəmi zəbt etdi.

31 avqustda “Reuters” belə bir məqalə nəşr etdi ki, İran İslam Respublikasına məxsus ballistik raketlər Tehranın İraqda kifayət qədər rəğbət bəslədiyi bir silahlı qruplaşmaya çatdırılıb.

İsrail mediasının dərhal manşetlərə çıxardığı bu məsələyə ABŞ prezidenti Donald Trampın administrasiyası isə gözlənilmədən səssiz qaldı. ABŞ-dan rəsmi şəkildə sadəcə olaraq Xarici İşlər naziri Mayk Pompeo özünün rəsmi “Twitter” hesabından paylaşdığı bir yazı ilə münasibət bildirdi və məsələ ilə bağlı tutarlı faktın olmadığını qeyd etdi.


Əslində ötən ilin noyabrında İranın Yəməndəki Husi qiyamçılarını silahlandırması ilə bağlı yayılan iddialardan sonra Vaşinqtonun nümayiş etdirdiyi rəsmi mövqeni xatırlayanlar ABŞ-ın İraq məsələsində bu qədər sakit qalmasına heyrətlənməyə bilməzlər. Çünki Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyasına və Yəmən hökumətinə qarşı mübarizə aparan husi qiyamçılarının silahlandırılmasına cavab olaraq ABŞ-dan ardıcıl bəyanatlar səslənir və bu mövzu okeanın o tayının siyasi gündəmində ən təpədə saxlanılırdı.

Yaxından Analiz

“Reuters”in yayımladığı məqalə həm İran, həm də İraq tərəfindən təkzib edildi. Lakin İsrail bu raketlərə hücum edəcəyini elan etdi. İsrail və İran arasında onsuz da olduqca gərgin vəziyyətdə olan qarşılıqlı münasibətlərin daha da pisləşdirilməməsi üçün, yayımlanan bu məqalənin dəqiq analizinin aparılmasını şərtləndirir.

İlk olaraq onu qeyd etmək lazımdır ki, məqalədə İranın iddialara əsasən, “Hizbullah” başda olmaqla bölgədəki bir sıra silahlı qruplaşmaları raketlə təchiz etdiyi və bunun növbəti bənzərinin İraqdakı bir qruplaşma üçün edildiyi bildirilir.


Hərbi perspektivdən yanaşası olsaq İraqda İran ballistik raketlərinin yerləşdirilməsinin o qədər böyük perspektiv vəd etmədiyini bildirmək lazımdır. Ona görə ki, Tehran daha öncə regiondakı 2 başlıca düşmən İsrail və Səudiyyə Ərəbistanını onsuz da vurmaq iqtidarında olduğunu qeyd etmişdi. Belə ki, iddialara əsasən, İran öz ərazisi daxilindəki ballistik raketlər hesabına Səudiyyə Ərəbistanını, Livanda yerləşdirilən raketlər vasitəsilə isə İsraili vura bilər. Bu halda İraqa raket yerləşdirmənin hər hansısa xüsusi məqsədə xidmət etmədiyini deyə bilərik. Siyasi perspektivdən yanaşdıqda isə İraqa ballistik raketlərin yerləşdirilməsi nüvə sazişindən çıxan Tramp administrasiyasına göndərilən mesajdır.

Səhnələşdirmə

“Reuters” yayımlanan məqalənin anonim mənbələrdən əldə edilən məlumatlara əsaslandığını bildirib və bu mənbələrə 3 iranlı rəsminin, 2 İraq və 2 Qərb kəşfiyyat mənbəsinin aid olduğunu qeyd edib. Belə ki, bu mənbələrin xəbər agentliyinə verdiyi məlumatda İranın İraqdakı silahlı qruplaşmalarından birini yaxın mənzilli ballistik raketlərlə təchiz etdiyi və bu qruplaşmanın bir neçə üzvünə öz raketlərini istehsal edə bilmələri üçün təlimlər keçdiyi qeyd olunub.

Məlumatda 200-700 km zərbə radiuslu, “Zilzəl”, “Fateh-110” və “Zülfüqar” raketləri də daxil olmaqla onlarla raketin İraqa yerləşdirildiyi iddia edilib. Məlumata əsasən, bu raketlər İraqın cənubunda yerləşdiriləcəyi təqdirdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı, qərbində yerləşdiriləcəyi təqdirdə İsrailin paytaxtı Təl-Əvivi vurmaq iqtidarında olardı.


Qeyd etmək lazımdır ki, 7 iyunda İŞİD İran daxilində ilk terror hücumunu paytaxt Tehranda həm də parlament binasının önündə həyata keçirib və nəticədə 18 dinc sakin həlak olmuşdu. Bir az sonra 18 iyunda isə İran Suriyanın Deyr əz-Zor vilayətində İŞİD mövqelərinə 6 “Zülfüqar” raketi endirib.

İsrailin Cavabı

İran və onun Suriyadakı müttəfiqləri İŞİD-ə qarşı əməliyyatlar keçirə bilərlər. Lakin bu əməliyyatlarda ballistik raketlərdən istifadə edilməsi Ər-Riyad və Təl-Əvivə mesaj məqsədi daşıyır. Çünki İŞİD-ə qarşı Suriyada aparılan əməliyyatlarda ballistik raketlərdən istifadə demək olar lüzumsuzdur. Çünki ballistik raketlər daha ciddi döyüşlər və uzaq məsafəli hücumlar üçün nəzərdə tutulub.


Yayılan bu xəbərdən sonra İsrail Müdafiə naziri Aviqdor Liberman İraqda yerləşdirilən ballistik raketlərin məhv edilməsi üçün əməliyyat keçirə biləcəklərini bildirdi. Əsas etibarilə bu o qədər də utopik səslənmir. Çünki İsrail daha öncə də İraqda uzaq məsafəli bombardıman reydləri həyata keçirib. Belə ki, həmin dövrdə həyata keçirilən əməliyyatlar zamanı 2 ildir prezident seçilən və olduqca utopik ambisiyalara sahib Səddam Hüseynin formalaşdırdığı Bağdad yaxınlığındakı nüvə mərkəzləri yerlə-yeksan edilmişdi. İraqın buna cavabı isə 10 il sonra 1991-də Körfəz müharibəsi zamanı gəlmişdi. Belə ki, müharibə zamanı İraq ordusu İsrail mövqelərinə onlarla “Skad” ballistik raketi göndərsə də, qarşı tərəf bundan demək olar ki, heç bir itki vermədi. Edilən hücumlar zamanı İsrail tərəfi atılan raketlərin əksəriyyətini havada dəf etdi, bəziləri isə heç bir hədəfə çatmadan yerə endi. Əslində tərəflər arasındakı hazırkı hərbi nisbət də bundan o qədər də fərqlənmir.

İraqın əlaqəsi

“Reuters”in yayımladığı hesabatı başa düşmək üçün qəlizləşən məsələ ondadır ki, iddialarda qeyd olunan qruplaşma “Hizbullah” kimi kifayət qədər yüksək təşkilatlanmış bir qrup deyil. Sözügedən silahlı qruplaşma bu ballistik raketlərin istifadəsi ilə bağlı heç bir təcrübəyə sahib deyil. Hətta bu qruplaşma üçün ballistik raket yalnızca televiziyalarda gördükləri ölümcül bir silah idi ki, indi səsləndirilən iddialara əsasən artıq onlar da bu silaha sahibdir. Qruplaşma üçün ən mürəkkəb məsələ bu silahların yanacaqla doldurulmasıdır. Sadəcə bunun üçün onlara kifayət qədər təlimlər keçirilməlidir. Bu məqamda sözügedən bölgədə İran ordusundan bu silahları aktivləşdirə biləcək hərbi qulluqçuların ola biləcəyini iddia etmək də mümkündür. Lakin qulağa daha məntiqli gələn iddialardan biri İranın risq azaltmaq məqsədilə bu raketləri İraqda yerləşdirməsidir.


Belə ki, İran rəhbərliyi ola bilsin ki, ABŞ Xüsusi Təyinatlı Qüvvələri tərəfindən bu silahların aşkarlanaraq məhv edilə biləcəyindən də ehtiyat etmiş ola bilər. Burada məqsəd silahların potensial məhv edilmə əməliyyatları zamanı zərərini minimuma endirməkdir. Yəni İran eyni zamanda həm ballistik raketlərə sahib olmaq, həm də onun yaratdığı təhlükələri üzərindən atmağı hədəfləyir. İstənilən halda bu məqamda İraq ortada bir vasitə kimi İran tərəfindən istifadə edilmiş olur. Beynəlxalq hüquq normaları hər hansısa bir dövlətə ballistik raket silahına sahib olmaq kimi sərhəd qoymasa da İranın paralel şəkildə nüvə proqramları həyata keçirməsi ilə bağlı iddialar və ballistik raketlərin nüvə başlıqları üçün dizayn edildiyi fikirləri Tehranın ehtiyatlı mövqe sərgiləməsi üçün kifayət qədər əsaslı səbəbdir.
Digər bir arqument isə bu addımın İranın raket istehsalı ilə bağlı gördüyü təzyiqlərin mənfi ssenari ilə yekunlaşacağı təqdirdə planlaşdırılan alternativ “B” planı olduğudur. Belə ki, bu əsaslandırmaya görə, Tehran əgər beynəlxalq təzyiqlərə tab gətirməyib ölkə daxilində, Livanda və Suriyada yerləşdirilən raket bazalarını məhv edərsə, bu məsələnin aşkara çıxmayacağı təqdirdə İraqdakı silahları gizli şəkildə saxlaya bilərdi.

Yekun olaraq qeyd edə bilərik ki, bu sadəcə ortaya atılan bir iddia üzərində aparılan mübahisələrdir və rəsmi olaraq İran da, İraq da, ABŞ da ortaya atılan bu iddianı təkzib etdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İraq   Ballistik-raket  


Bizi "telegram"da izləyin