Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 18-də Ermənistan müdafiə nazirliyinin mərkəzi hərbi hospitalında 4 hərbi qulluqçunun uzun müddət müalicə aldıqdan sonra geri hərbi hissəyə qayıtmaq üçün çıxarıldığını, lakin tam müalicə almadıqlarını əsas gətirərək, hərbi hissəyə qayıtmaqdan imtina etdikləri barədə məlumat daxil olub.
Qeyd olunan problemi araşdırmaq üçün Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan, hərbi polisin rəisi polkovnik Artur Bağdasaryan və müdafiə nazirliyinin insan hüquqları və rifahı mərkəzinin rəisi polkovnik Aleksandr Avetisyan və digər şəxslər mərkəzi hərbi hospitala gedib.
Araşdırma zamanı məlum olub ki, müxtəlif hərbi hissələrdən olan 4 müddətli xidmət hərbi qulluqçusu müdafiə nazirliyinin mərkəzi hərbi tibb komissiyası tərəfindən hərbi xidmətə məhdudiyyətlə yararlı hesab olunaraq hospitaldan çıxarılıblar. Ancaq həmin hərbi qulluqçular tam sağalmadıqlarını və müalicəyə ehtiyacları olduğunu əsas gətirərək hərbi hissələrinə qayıtmaqdan imtina ediblər.
Ermənistan müdafiə nazirliyinin hərbi polisinin müvafiq vəzifəli şəxsləri tərəfindən izahedici iş nəticəsində hərbi qulluqçular H.Hovhanisyan və A. Avoyan hərbi hissəyə qayıtmağa və xidmətlərini davam etdirməyə hazır olduqlarını qeyd ediblər. A. Kirakosyan və Y.Qukasyan isə Ermənistan müdafiə nazirliyinin hərbi polis əməkdaşlarının müşayiəti ilə müvafiq olaraq hərbi polisin qəbul-bölgü və müdafiə nazirliyinin "N" nömrəli hərbi hissəsinə aparılıblar.
Qeyd olunan erməni hərbi qulluqçuların hərbi hissəyə qayıtmaması üzrə cinayət işi açılıb və müvafiq ilkin araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az