Ordu.az xəbər verir ki, İsrailin “Haaretz” agentliyi dünən axşam toplanan İsrail Təhlükəsizlik Kabinetinin HƏMAS-la 6 maddə üzrə razılığa gəldiyini irəli sürüb.
Nəşrin iddiasına görə, 6 maddədən ibarət olan razılıq mərhələli olaraq tətbiq ediləcək.
Xəbərdə, Misirdən olan rəsmilərlə BMT-nin Yaxın Şərq üzrə Xüsusi koordinatoru Nikolay Mladenovun vasitəsilə aparılan müzakirələrdən yaxşı nəticə əldə edildiyi, İsrailin çərşənbə günü Qəzzadakı yeganə ticarət keçidi olan Kərəm Şalomu yenidən açması və balıqçıların ovlama məsafəsini 9 milə artırmaqla sözügedən sazişin ilk mərhələsinin tətbiqinə başlandığı qeyd olunub.
Məlumatda bildirilir ki, digər razılaşdırılan maddələr Qəzzaya tibbi ləvazimat, humanitar yardım məmulatlarının girişinin təmin edilməsi, HƏMAS-ın əlində olduğu iddia edilən 2 əsgər və 2 mülki şəxsin təhvil verilməsi ilə Qəzzanın infrastrukturunun xarici investisiya ilə yenidən inşası, hava və dəniz limanının tikilməsi kimi məsələləri əhatə edir.
Nəşrin iddiasına baxmayaraq, İsrail Təhlükəsizlik Kabinetinin üzvü olan Tzaçi Haneqbi açıqlama verərək, Qəzza ilə sazişə dair mətbuatda yer alan detalların doğru olmadığını, lakin sözügedən məsələ barəsində bütün detalları bilmədiyini söyləyib.
Ağalar Ağalarlı
Ordu.az