“Xalq-Ordu və kəndirli alt paltarı”: Ermənistanda hərbi islahatlar proqramı hansı vəziyyətdədir? – ANALİZ

2018/07/1_1532348177.jpg
Oxunub: 5943     20:21     23 İyul 2018    
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2016-2017 ci illərdə erməni ordusunun düşdüyü acınacaqlı şəraitdən çıxış yolları axtarırdı. 2016 cı ilin aprel münaqişəsində öz hərbi provokasiyası nəticəsində 200 yüzdən çox itki verərək biabırçı məğlubiyyətə uğrayan erməni ordusu, onun döyüş şəraiti ilə başlı olmayan böyük itkiləri, əhali arasında “qalib erməni ordusu” mifini təmamilə sarsıtdı.

Artıq siyasi səhnədə “Azərbaycan üzərində qələbə” əfsanəsi ilə hakimiyyətə gəlmiş Qarabağ qruplaşmasının üzərini qara buludlar almağa başlamışdı. Qonşusu Azərbaycana aqressiv ekspansiya ideyalarının daşıyıcısı olan erməni cəmiyyəti öz iqtisadi və sosial problemləri ilə yalnız o halda barışmağa hazırdır ki, hakimiyyət Dağlıq Qarabağın etibarlı işğalını təmin edə bilsin. Döyüş olmayan şəraitdə, əzmkarlıqla Qarabağın uçurumları və dərələri ilə qeyri-bərabər döyüşlərdə davam gətirən erməni ordusunun itkiləri bəlkə də əhalini elə də məyus etməzdi. Bu, ordu və ölkə rəhbərliyinin hiyləgər informasiya siyasəti nəticəsində həlak olanların yaxınlarının və valideyinlərinin probleminə çevrilirdi. Lakin 2016-cı ilin aprel zərbəsi, həm də böyük informasiya partlayışı yaradaraq, erməni təbliğatının öz əhalisi qarşısında yaratdığı informasiya bəndlərini uçurub, bilavasitə erməni ekspansionist ideyalarına və onunla yoluxmuş erməni cəmiyyətinə dəydi. Artıq işğal etdikləri ərazilərin etibarlı qorunmasını təmin edə bilməyən ölkə və ordu rəhbərliyi əhalinin gözündən sürətlə düşməyə başlayırdı.

Vəziyyətin ciddiliyini anlayan Sarkisyanın artıq ordu rəhbərliyinə heç bir inamı qalmamışdı. Bu məqsədlə o, özünün yetişdirdiyi, vaxtilə Robert Koçaryan administrasiyasında “öz qulağı” kimi yerləşdirdiyi mülki məmur, Vigen Sarkisyanı müdafiə naziri təyin etdi. Bu məsələdə o riskə gedirdi. Çünki mülki şəxsin müdafiə nazirliyinə gətirilməsi ordudakı hərbiçilərin gözlənilən narazıçılığına gətirib çıxaracaqdı. Ehtimal ki, Serj Sarkisyan öz hərbi məsləkdaşlarının onu bir şahmat fiquru kimi qurban vermək fikirləri olduğundan şübhələnirdi. Yalnız bu nöqteyi-nəzərdən həmin nazirliyə tamamilə sistemdənkənar bir şəxsin gətirilməsini məqsədəuyğun hesab etmək olar. Sarkisyanın ətrafında inanılmış şəxslərdən ictimaiyyətlə əlaqələr sahəsində bacarığı olan və 2000-2003 cü illərdə müdafiə nazirinin referenti işləyərək, hərbi nazirlik haqqında anlayışı olan bir şəxs var idi ki, o da Vigen Sarkisyan idi. Nəzərə alsaq ki, onun diplomatiya təhsili də var, onda hakim zümrənin ordu ilə əlaqədar hansı mövqe tutacağı konturları yavaş-yavaş birləşərək, ümumi şəkli aydınlaşdırırdı.

Vigendən güclü təbliğat kompaniyası təşkil edərək, ordunun islahatlar vasitəsilə inkşaf etdiriləcəyinə xalqda ümid yaratmaq tələb olunurdu. Əyalət özfəaliyyəti səviyyəsində pis olmayan təşviqatçılıq qabiliyyəti olan Vigen Sarkisyan 2015-ci ildə 1915-ci il hadisələrinin 100 illiyi ildönümü tədbirlərindən birinə əslilləri erməni olan “System of Down” ABŞ rok musiqi qrupunu dəvət etməyə nail olmuşdu. Bu fakt nə qədər gülünc olsa da, cəmiyyət qarşısında bu şəxsə müəyyən qədər nüfuz gətirmişdi.

2016-cı ilin oktyabrında Müdafiə Naziri təyin olunan Vigen Sarkisyan aktiv islahatlar görünüşü yaratmağa başladı. Bu islahatların mahiyyətindən görünür ki, ona yüksək rəhbərlik tərəfindən verilən tapşırıq bu olub ki, yalnız bahalı maliyyə sərfiyyatı tələb etməyən ideyalar irəli sürsün. Harada kapital qoyuluşu tələb olunursa, orada quru vədlər versin. Bir neçə minillik bəşəriyyət tarixindən məlumdur ki, ordu islahatları yalnız və yalnız maliyyə imkanları ilə bağlıdır. İkinci yol yalnız birdir: bütün xalqı orduya çevirərək, hərbi düşərgə şəraitində yaşamaq. Tarixdə buna yalnız köçəri yaşayış ukladı olan maldarlıqla məşğul olan xalqlar təbii olaraq nail olublar. Öz xalqlarını süni olaraq hərbi düşərgə şəraitində yaşamağa məcbur edən inzibati idarəetmə sistemlərinin ömrü çox qısa olub Buna quldurluqla məşğul olan skandinaviya vikinqlərini, spartalıları, maldarlıqla məşğul olan, yalnız adı tarixlərdə qalmış bir neçə Avropa və Afrika xalqlarını, bir neçə müasir hərbi-totalitar rejimləri misal gətirmək olar.

Bu şərtlərə uyğun gəlməyən ölkələrdə, maliyyə təminatı olmayan bütün hərbi islahatlar yalnız gözdən pərdə asmağa və düşmənlərin avam olan qövmünü vahiməyə salmağa yönəldilib.

2016-ci ildə Ermənistan ordusunda başlanılan bəzi hərbi islahatlara və onların gedişatına nəzər salaq. Həmin ilin oktyabrında Vigen Sarkisyan gurultulu adı olan “Xalq-ordu” konsepsiyası ilə çıxış etdi. Konsepsiyanın giriş müddəaları bundan ibarət idi ki, ordu nəinki milli sərvətlərin istehlakçısı, hətta onların yaradılmasının aktiv iştirakçısı olmalıdır. Ordunun hansı yolla bu vəzifəni həyata keçirməsi bu deklarasiyada qaranlıq qalsa da, bəzi erməni jurnalistləri və ekspertləri hesab etdilər ki, Sarkisyan ölkə iqtisadiyyatını ordu rəhbərliyindən asılı edərək, hərbi diktatura üçün zəmin yaradır.

Etnoloq Qranuş Xaratyan bildirir ki, əgər ordu alacaqsa, kartof əkmək olar, əgər almayacaqsa, kartof əkmək lazım deyil: “Sənaye ordu üçün paltar tikməlidir, əgər bunu edə bilmirsə, ordunu başqa bir şeylə təmin etməlidir və sairə. Hər şey buna doğru gedir, təhsilə ayrılan maliyyələr azaldılır, elm məhdudlaşdırılır, hər şey orduya xidmət naminə edilməlidir. Bizim nazirin “xalq-ordu” konsepsiyası belədir”.

Lakin zənnimizcə, Qarabağ qruplaşmasının hərbi-inzibati bir simbioz yaradaraq hakimiyyəti möhkəm əllərində saxlaması, 2006-cı ildə belə bir diktaturaya ehtiyac duymurdu. Sadəcə belə gurultulu deklarasiyaların məqsədi, ordudan üz döndərmiş əhali üçün onun cazibədarlığını qaytarmaq, sosial liftlər vəd etmək məqsədi güdürdü.

2004-cü ildə “Elmin inkişafı naminə” təşəbbüsünün üzvü Mikael Hovanisyan qeyd edirdi ki, Ermənistanda psevdopatriotizm adı altında insanların etiraz etməməsi, üsyana qalxmaması üçün hərbiləşdirmə keçirilir, axı heç kəs satqın və fərari adlanacağının qorxusundan patriotizmə qarşı çıxış edə bilməz.

Onun sözlərinə görə, Ermənistanda “Xalq-Ordu” konsepsiyasının olmaması üçün hər şey etmək lazımdır. Ermənistan yenidən inkişaf edən ölkə olmalıdır, ancaq dəhşətli “Xalq-Ordu” konsepsiyası olmamalıdır. Çünki bu, hər şeydən əlavə, həm də Ermənistanda Respublikaçılar partiyasının uzunmüddətli hakimiyyətinə zəmanət verir.

Guya orduda xidmət əhali üçün çoxlu iqtisadi imkanlar yaradacaq, ölkənin idarə edilməsində yaxından iştirak etmək şansı verəcəkdi. Əhalidən hər ay müharibədə həlak olanlar və yaralananlar fonduna 1000 dram (təxminən 3,5 manat) bəri başdan istəməklə, gələcəkdə ordunun onların iqtisadi rifahına və vətəndaş hüquqlarının təminatına kömək edəcəyi vəd olunurdu. Bu həmin konsepsiyanın “Hərbi qulluqçuların sığorta fondu” hissəsidir. Konsepsiyanın giriş tezislərindəki gurultulu, xalqın orduya nəzarət imkanlarının, ordunun isə bütün ölkəninin idarəetməsinə və iqtisadiyyatına nəzarət imkanının olacağı əhalinin cibinə girməkdən ötrü boğaz üstü vədlərə oxşayır ki, bu da klassik, dələduzluq adlanan cinayət fəndlərindən biridir. Vigenlə görüşdən təəssüratlarını bildirən erməni əsgər anaları nazirin onlara övladlarının ölümü barədə təhqiqatların onun səlahiyyətində olmadığı barədə təhqiredici bildirişdən hiddətlənərək, onların kasıb ailələrindən pul istənilməsini həyasızlıq kimi qiymətləndiriblər.

Vaxtilə, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi Kentron və Nork Maraş inzibati ərazi məhkəməsinə müraciət edərək, onun əməkdaşlarından hərbi qulluqçuların sığortalanması üçün tutulan 1000 dramları geri qaytarmağı tələb edib. Qanuna görə, bu xeyriyyə ödənişi olsa da, əmək müqaviləsinə əsasən Ermənistan büdcəsinə məcburi toplanılır. Hesab olunur ki, bu pulun tutulması əsassız varlanmaya səbəb olur.

Bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin vəkili Ani Çatinyan bildirib ki, bu pulun tutulması vətəndaşın mülkiyyət hüququnun pozulmasıdır və bu məcburi ödəniş növü ola bilməz.

“Azad vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyan isə dövlətin bütün funksiyalarını orduya xidmət məqsədilə istifadə edən bu konsepsiyanı tənqid edib: “Hakimiyyətin təklif etdiyi hərbiləşdirmə yox, manatlaşdırmadır. Onlar təklif edirlər: kim özünü qurban vermək istəyirsə, biz ona pul verəcəyik. Sərhəddə ölməyə gedin, daha yaxşı ödəyəcəyik. Konsepsiyanın əsası budur. Onlarda hər şey maliyyə müstəvisindədir, bunu başqa cür təqdim də etmək olmaz. Həmçinin onlar deyirlər: qoy 19 yaşlı sərhəddə ölməyə getsin, qoy 30 yaşlı da getsin. “Onun artıq üç uşağı var, qoy ölsün, biz onun övladlarının qayğısına qalarıq” nə deməkdir? Bu manatlaşdırılmanın tipik nümunəsidir”.

Əslində Vigenin xəyalında canlandırdığı islahatlar orduda şəffaflığa nail olunmağı nəzərdə tutsa da bu real şəraitdə kosmetik xarakter daşıyır.

Bir tərəfdən “Xalq-ordu” konsepsiyası öz tərkibinin müxtəlifliyini sistemin tansformasiyası ilə uyğunlaşdırdı, digər tərəfdən “1000 dram” fondu ictimai qınaq obyektinə çevrildi. Faktiki olaraq, 1000 dram fondu Ermənistanda kasıb təbəqənin cibinə zorla soxulmaq deməkdir. Bir neçə ay içərisində Ermənistan müdafiə naziri dəfələrlə siyasi qarşıdurma obyektinə çevrilib. Birinci halda müxalifətlə polemikaya girdi, ikinci halda isə təhsil müəssisələrini “kazarmaya” çevirdiyi vəziyyətdə kəskin qınaq obyektinə tuş gəldi. “Xalq-Ordu” konsepsiyası çərçivəsində bu layihənin pərdəarxasında varlanma mexanizmi hazırlanır.

Belə ki, “Xalq-Ordu” layihəsi oliqarx sistemin gözəl görünüşə çevrilməsi əvəzinə, Sarkisyanın idarəetmə sisteminin müasirləşdirilməsi üçün aparıcı mühərrik rolunu oynamalıdır.

Ermənistanda ordu islahatları, onların ictimaiyyət tərəfindən qəbul edilməsində məhz bu anlayış yoxdur. Nəzəri olaraq islahatlar düşmən ordusunun transparentliyinə yönəldilməli olsa da, onlar kosmetik və fon xarakteri daşıyır. Bir tərəfdən “Xalq-Ordu” kosnepsiyası öz fərqli tərki hissələri ilə zaman etibarilə sistem dəyişiklikləri prosesi ilə assosiyasiya edilir,¸digər tərəfdən isə “1000 dram” təşəbbüsü və tələbələrin ordudan möhlətlə bağlı qabun layihəsi paketi bunu yadlaşdırır.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirir: “Bu konsepsiyada deyilir ki, yalnız döyüş növbətçiliyi mövqelərində hərbi xidmət keçidiyiniz halda sizə pul veriləcək. "1000 dram" fondunun qanunsuz olduğuna və ayrı-seçkilik münasibətinə dair məhkəmə işi davam edir. Fondun vəsaiti yalnız döyüş növbətçiliyi zamanı ölən və yaralılara aid edilir, bəs qalan hərbi qulluqçular necə olacaq?”.

İctimai diskurs siyasi, sosial sahələrdə vacib anlayışdır və Sarkisyan hakimiyyəti istənilən halda cəmiyyətin lümpenləşdirilməsini (“1000 dram” təşəbbüsü) aparırsa, heç vaxt proqress yaşaya bilməz. “Xalq-Ordu” konsepsiyası çərçivəsində ilk təşəbbüs isə kasıb vətəbndaşların cibinə girmək üçün yaradılan hiylə mexanizmidir.

Ermənistan müdafiə naziri saylı aylar ərzində siyasi konfrontasiya subyektinə çevrilirsə - bir halda müxalifəti sərt tənqid etdiyinə, digər halda universitetləri “kazarma”lara çevirdiyinə görə - ictimai və ya siyasi razılaşmaların epiloqa malik olduğu rasional diskussiyanı təsəvvür etmək çətindir.

Ermənistan hökuməti özü siyasi mədəniyyət, debat mədəniyyətinin formalaşma mənbəyidir və əgər “yuxarılar” cəmiyyətin loyallığını dəyənək və ya pul kisəsi ilə təmin etməyə çalışırsa, “Xalq-Ordu” konsepsiyası butaforiya və cəmiyyətin lumpenləşdirilməsinə səbəb olan mexanizmə çevrilir.

Sakunts bildirir ki, “Xalq-Ordu” layihəsi erməni cəmiyyətinin hərbiləşdirilməsi deməkdir: “Bu layihənin yeganə məqsədi ordunu say tərkibi ilə təmin etməkdir. Ona görə ki, insan resursu kifayət etmir. Bu say da ölkəni tərketmə şəraitində və əhalinin say tərkibində təbii səbəbdir”.

Bu konsepsiyanın tərkibində olan proqramların biri “Mənəm” adlanan proqramdır. Bu proqrama əsasən cəbhə bölgəsində xidmət etmək istəyən əsgərlə kontrakt bağlanacaq. 5 aylıq əsgər tədris kursundan sonra, bir həftə evində məzuniyyətdə olacaq, bir həftə təlim hərbi hissəsində döyüş xəttində xidmətə hazırlaşacaq. Qalan iki həftəni isə döyüş növbəsində cəbhə bölgələrində xidmətdə keçirəcək. 3 il davam edəcək bu xidmətin adı “müddətli həqiqi-kontrakt hərbi xidməti” olmalıdır. Bunun müqabilində dövlət, əsgərin gələcəkdə təhsil haqqını, torpaq və evtikmə məsələlərində, dövlət orqanlarında işə düzəlməkdə köməyini vəd edir. Artıq 300 əsgərlə həmin proqrama müvafiq kontraktların bağlandığı bildirilir. İlk baxışdan görünür ki, bu hərbi proqramdan çox təşviqat proqramına oxşayır. Xidmətdə yaranacaq problemlərə toxunmadan sual olunur: bu hərbiçi kütləsinin Ermənistan ictimai nəqliyyatında gündəlik hərəkətini kim maliyyələşdirəcək? Valideyinlər, yoxsa hökumət? Hər bir cəmiyyətdə əhali əsgəri öz şəxsi nəqliyyatında pulsuz daşımağa meyllidir. Lakin bütün ordu ölkə daxilində gündəlik “broun hərəkətinə” keçərsə, əhalinin xeyriyyəçilik əzmi tez bir zamanda sönəcək. Erməni dövləti öz işğalçılıq siyasəti nəticəsində həlak olan əsgərlərin ödənişlərini əhalidən yığmaq istəyirsə, bu nəqliyyat xərclərinin altına girəcəkmi? Girsə də, kim onların yerinə xərclənməsinə nəzarət edəcək? Proqramda hər əsgərə məzuniyyət üçün yol xərclərinin verilməsi vəd olunur. Bəlkə də örnək üçün yığılan 300 əsgərə bu ödənilir. Lakin bu proqram kütləvi hal alarsa, əsgərləri ilə nizamnamədən kənar davranışları ilə ad çıxarmış erməni zabitlərinin bu məbləği dəqiqliklə əsgərlərə ödəyəcəklərinə heç bir inam yoxdur. Həmin məbləğ bank kartına keçirilsə belə, əsgərin ondan istifadə etmək şansı qat-qat azalacaq. Əsgərə hədə-qorxu gəlmək yolu ilə ödənişlər etməyə məcbur etmək Ermənistan ordusunun zabit heyəti üçün problem olmayacaq. Onlara bu heç indi də problem deyil. Əsgər valideyinləri yüz kilometrlərlə məsafədən bank kartları və köçürmələrlə zabitlərin müxtəlif ödənişlərini maliyələşdirirlər. Bu haqda erməni mətbuatı çox yazıb.

Təsadüfi deyil ki, bir müddət “Mənəm” layihəsi üzrə məhkəmə aktlarının məcburi icrası haqqında qanun layihəsində dəyişikliklər təklif edilirdi. Lakin bəzi erməni hərbi qulluqçular barədə məhkəmə aktlarının məcburi icrası haqqında sənədlər olduğu məlum olub. Ermənistanda məhkəmə aktlarının məcburi icrasında vəsaitlərin tutulması da nəzərdə tutulub, bu da maddi vəsaitlərin sığortası miqdarından asılı olaraq qəbulolunmazdır. Məlum olub ki, məhkəmə aktlarının məcburi icrası haqqında qərarlar əsasən zamin olan hərbi qulluqçular kateqoriyasını əhatə edir.

Layihə ilə bağlı daha bir fakt, Ermənistan müdafiə nazirliyinin hüquq idarəsinin rəisi Sasun Simonyanın sözləridir. O bildirir ki, layihədə elə məqamlar var ki, bu müddət ərzində kifayət qədər diqqət edilməyib, lakin vacib amillərdir.

Belə ki, Ermənistan müdafi nazirliyi hərbi xidmətdən yayınan və xidmət dövründə fərarilik edənlərin qarşısını almaq üçün daha artıq pul təklif edir. Məsələn, Simonyanın sözlərinə görə, hazırda erməni hərbi qulluqçunun aldığı 3500 erməni dramı əvəzinə, onlar aylıq 35 min dram məvacib alacaqlar. 3 il keçdikdən sonra isə, onun hesabında 5 milyon dram olacaq.

İlk baxışda cəzbedicidir, lakin “Mənəm layihəsini seçən hərbi qulluqçulara bu ancaq xidmətinin 6-cı ayından sonra şamil ediləcək. 5 ay hazırlıq həyata keçiriləcək, 6-cı ay döyüş növbətçiliyinə cəlb ediləcək. Təbii, ona qədər ordumuz tərəfindən təxribatçı hərbçilərin məhv edilməsi də istisna edilmir.

Burda müqavilənin vaxtından əvvəl pozulması məqamları da maraqlıdır. Əgər hərbi qulluqçu müqaviləni pozmağa qərar verirsə, o zaman onun evdə olduğu müddətlər hərbi xidmət dövründən çıxılır. Yəni, bütün istiqamətlərdə onun ordudan canını qutarmasına imkan verilmir. Göründüyü kimi, həyata keçirilən istənilən layihə məcburi və birbaş olaraq erməni cəmiyyətinin hərbləşdirilməsinə istiqamətlənib.

Ermənistanda bu “Broun hərəkətini” nizamlaya biləcək mobilizasiya xidməti (hərbi komissarlıq) varmı? Onlara vəd olunan təminatları 3 illik xidmətdən təxris olunandan sonra ala biləcəklərmi? Əgər V. Sarkisyan övladları həlak olmuş analara ölüm hallarının təhqiqatının onun səlahiyyətində olmadığını bildirirsə, sonradan əsgərlərin təhsil haqqının ödənilməsinin, torpaq verilməsinin, icra aparatına işə götürülməsi səlahiyyətinin ona aid olmasını təsdiqləyərmi? Erməni xalqı eksponsionist siyasətə aludə olsa da, heç də ağılsız xalq deyil. Belə şeylərə aldanacağına inamım çox azdır. Əgər 3 ildən sonra cəbhə bölgələrində xidmət edən bütün hərbiçilər bu proqrama keçərlərsə, hamıya vəd olunan 5 milyon dramı ödəmək imkanı olacaqmı? Əgər onlar bu proqramı məhdud bir kontingent üçün nəzərdə tuturlarsa, çox maraqlı bir kolliziya yarana bilər. Birdən vəziyyət cəbhə bölgəsində gərginləşərsə, ora böyük miqdarda bu proqrama aidiyyəti olmayan ehtiyyat qüvvələr cəlb olunarsa, onların 5 milyon dram alacaq əsgərlərə münasibəti necə olacaq? Bunlar yalnız sualların bir qismidir. Еrməni ekspertləri özləri etiraf edir ki, artıq bu müddəalar əsasında parlamentdə qəbul edilmiş “hərbi xidmət və hərbiçilərin statusu haqqında” Ermənistan respublikası qanunun 64 maddəsinin 4 cü bəndində yalnız aşağıdakı sözlərin yazılması onu göstərir ki, 5 milyon dram məbləğində təminat yalnız vəzifəsindən uzaqlaşdırılmış nazirin şifahi vədi olaraq qalır. Qanunda isə yazılıb: “hərbiçiyə xidmət bitəndən sonra nəzərdə tutulmuş mükafatın həcmi, onun verilmə qaydaları və əlavə maliyyə bonuslarından istifadə qaydaları Ermənistan Respublikası hökuməti tərəfindən müəyyən olunur”.

Daha bir proqram “Şərəf duyuram” adlanır. Bu proqrama qoşulan dövlət və özəl (dövlət akkreditasiyası olan) ali təhsil müəssisələrinin tələbələri 2-ci və 4-cü kurs ərzində (3 il) hər şənbə günü Vazgen Sarkisyan adına ali hərbi məktəbdə məşğələlərdə iştirak etməli, ali məktəbi bitirəndən sonra minimal olaraq 3 il kontrakt bağlayaraq, orduda zabit kimi xidmət etməlidirlər. Dövlət sifarişi ilə universitetlərə qəbul olunmuş tələbələr üçün bu proqram məcburidir. Akademik məzuniyyət götürmək istəyən tələbələr bu proqramla müqavilə bağlamasalar, onlara bu məzunuyyət verilməyəcək. 4-cü kursu qurtarandan sonra müqavilə bağlayan tələbələrə bakalavr adı və leytenant rütbəsi veriləcək. 3 il orduda zabit kimi xidmət keçəndən sonra, onlara 540 dollara (260 min dram) maaşdan əlavə magistraturaya daxil olmaqdan ötrü ödənişin məbləği söz verilir.

Əslində , bu proqramda elə bir prinsipial yenilik yoxdur. Hərbi kafedralarda və Təlim tədris mərkəzlərində tələbələrin hazırlanması sisteminin başqa bir formasıdır. Lakin mobilizasiya ehtiyatları çox kasad olan Ermənistan bu yolla ştatları şişirdilmiş orduları üçün çatışmayan zabit kadrları hazırlamağa çalışır. Bəzi istisnalar olmaqla, bu layihəyə münasibətim prinsipcə neytral olsa da, lazımi maliyyələşdirmə olmadan bu tip proqramların icrasının çox keyfiyyətsiz olacağına şübhəm yoxdur. Çox ehtimal ki, bu proqram Vazgen Sarkisyan adına hərbi məktəbin tədris heyəti üçün əlavə qanunsuz gəlir mənbəyinə çevriləcək. Kiçik rütbəli zabitə 540 dollar ekvivalentində əmək haqqı ödəmək, bu ölkənin hərbi büdcəsi üçün, demək olar ki, mümkünsüzdür.

Azərbaycan Respublikasında da ali məktəb məzunlarının hərbi ehtiyat üçün hazırlanmasının təkmilləşdirilməsi haqqında qərar layihəsi hazırlanır. Lakin kifayət qədər kadr zabitləri hazırlayan, zabit ehtiyatı daha çox olan ölkəmiz, seytnot vəziyyətində ordusunun nüfuzunu qaytarmağa çalışan Ermənistandan fərqli olaraq tələsmir. Bu qərarı ciddi mütəxəssis ekspertizalarından keçirir. Məncə, bu halda düşmən proqramının işə düşməsini gözləyərək, onun səhvlərini və üstünlüklərini analiz edərək, öz proqramımıza düzəlişlər etmək olar. Öz səhvlərindən nəticə çıxarmaq ağıllı adamın xüsusiyyətidir. Özgənin səhvlərindən düzgün nəticə çıxarmaq dahi adamın xüsusiyyətidir.

“Xalq-Ordu” konsepsiyasına daxil olan proqramlardan biri də “əsgərdən zabitə doğru” proqramıdır ki, bu da özünü xidmətdə yaxşı tərəfdən göstərmiş əsgərlərin, onların razılığı olduğu halda xidməti pillələrdə qaldırılaraq, zabit hazırlamaqdır. Yəni 2 illik müddətli hərbi xidməti başa vurmuş əsgər yaxşı xidmət edibsə, xidmət yoldaşları arasında nüfuz qazanıbsa, orta təhsil haqqında attestatı olduğu halda, ali hərbi məktəbə qəbul olmaq imkanı var. Bu halda həmin əsgər birbaşa olaraq hərbi məktəbin 3-cü kursuna qəbul olunur və iki il ərzində ali hərbi təhsil almaq imkanı əldə etməlidir. Bu halda zabit öz karyerasını əsgərdən başlayacaq və bu, erməni hərbi planlaşdırıcılarının fikrincə, hərbi hissələrdə səmimi əhval-ruhiyyənin yaradılmasına kömək edəcək.

Əslində bu idea Vigen Sarkisyanın və onun köməkçilərinin orjinal fikri deyil. Yüksək döyüş qabiliyyəti ilə dünyada seçilən ordulardan biri sayılan İsrail ordusunun zabit korpusunun böyük bir hissəsi bu qayda ilə formalaşır. Bu çox gözəl bir prinsipdir. Lakin orduda münasibətlərin abu-havası, maarifi, maliyyə imkanları İsraildən qat-qat fərqli olan bu ölkədə belə bir proqramın effektivliyi şübhə doğurur. Dilənçi vəziyyətində yaşayan erməni zabitinin əsgərin bacarıqlarını obyektiv qiymətləndirməsi mümkündürmü?

Bundan əlavə hərbi ali məktəbləri bitirmiş zabit kadrları ilə bağlnacaq 20 illik kontraktın 10 ilə qədər azaldılması tövsiyə olunur ki, bu da zabit peşəsinin cazibədarlığını artırmaqdan ötrü atılan bir addımdır. İlk baxışdan təqdirəlayiq bir qərardır. İnsan 17 yaşında verdiyi həyat seçimi qərarını dəyişə bilər. Lakin 10 ildən sonra təxris olunan zabitə erməni hökuməti həmin sosial təminatı verə biləcəkmi? Ermənistandan qat-qat varlı dövlətlər yüz minlərlə dollar xərc çəkib hazırladıqları zabit kadrlarını 10 ildən sonra təxris edərək, onlara layiqli sosial təminatlar vermək imkanına malik deyillər.

“Xalq-Ordu” konsepsiyasının əsas hissələrindən biri də “cəmiyyətə ordunun da töhfəsi qarşılıqlı olmalıdır” şüarı altında hərbi hospitallarla mülki xəstəxanaları birləşdirərək, guya hərbi tibb elminin nailiyyətlərini mülki əhali üçün də istifadə etməkdir. Amma əslində, bu tam bayağı olaraq kasad büdcədə olan vəsait qıtlığından çıxış yoludur.

Əslində, ölçüləri çox kiçik olan Qarabağ hərbi teatrında məsafələr imkan verir ki, hospitalların mobilliyi məsələləri aktuallıqdan silinsin. Lakin hərbi tibbin, hərbi cərrahiyyənin başqa elmi-praktiki əsaslar üzərində qurulması, tam başqa rejim şəraitində fəaliyyət göstərməsi bu yeniliyin hansı nəticələrə gətirəcəyi tibb elmindən xəbəri olmayanlara da məlumdur. Bu, keyfiyyəti aşağı salmaqla yanaşı, ikili idarəetmə forması yaratmaqla, ordu qəhərgahının öz işini hərtərəfli planlaşdırmasını da çətinləşdirəcək.

Adı çəkilən konsepsiyanın proqramlarından biri də “Müşahidə” adlanır. 2017-ci ildə həyata keçirilməsinə başlanan bu layihə əsasında hərbi xidmətdən yeni təxris olunmuş hərbi qulluqçular arasında sorğular keçirilərək, hərbi birləşmələrdə məişət şəraiti haqqında, nizamnaməyə riayət halları, təhcizat məsələləri, korrupsiya barəsində məlumat toplanaraq, işlənilməli, orduya əlavə nəzarət vasitəsi yaradılmalıdır. Fikrimcə bu düzgün bir ideyadır. Lakin belə bir sorğunun ordunun strukturları tərəfindən keçirilməsi, ordunun zabitlərinin özlərinin bu hallar haqqında rəhbərliyə məruzələrindən ciddi olaraq fərqlənməyəcək. Bu problem, əvvəlki yazıda qeyd etdiyim kimi, postsovet ordularının idarəetmə prinsiplərindən doğaraq, Ali baş komamdanın birbaşa yanında orduya rəhbərlik edən aparatın (qurumun) olmamasından irəli gəlir. Özünün nəzarət, operativ, elmi təqdiqatlar aparan strukturları olan belə bir qurum, məxfilik rejiminin qanun çərçivəsindəki müddəalarını tam təmin edərək, ordudan asılı olmayaraq bu tipli sorğuları və təhqiqatları apara bilər.

Həmin konsepsiya hərbi təhsilin keyfiyyətini artırmaq üçün tədbirlər planı nəzərdə tutur. Belə ki, “dövlət büdcəsi tərəfindən hərbi təhsil müəssisələrinin maliyələşdirilməsinin optimallaşdırılması məqsədilə” Vazgen Sarkisyan adına hərbi məktəb və Armenak Hamperyants adına hərbi aviasiya məktəbləri birləşdirilərək, vahid ümumqoşun və hərbi aviasiya unuversitetinə çevirdi. Bundan əlavə “Pokr Mher” və Monte Melkonyan adına hərbi liseylər birləşdirilərək, Dilican şəhərində yeni inşa edilmiş binaya köçürülüb. Ermənistan hərbi rəhbərliyinin fikrincə bu həmin tədris strukturlarının maddi-texniki bazasının gücləndirilməsinə, tədrisin keyfiyyətinin artırılmasına, kursantların məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olacaq. Vigen Sarkisyan özünün ordu ilə vidalaşma brifinqində öyünərək deyib ki, həmin islahatların birinci ili bu təhsil müəssisələrinə qəbul üçün 1 yerə 3 ərizə verən olmuşdusa, bu il artıq bir yerə iddiaçıların sayı 9 olub. Əlbəttə, bu məsələlər ciddi araşdırılma tələb edir. Vəzifədən demək olar ki qovulan Vigen Sarkisyan özünün gördüyü işlərin əhəmiyyətini, sözsüz ki, böyütməyə çalışacaqdı.

Ümumiyyətlə, hazırda Ermənistan ordusunda oğurluğun, nizamnamədən kənar müdhiş hadisələrin qarşısını almazdan əvvəl, kreativ təşviqat sahəsində mütəxəssis olan Vigen Sarkisyan tərəfindən əsası qoyulan, teatr festivallarınının adlarını xatırladan proqramların tam həcmdə həyata keçirilməsinə heç bir ümid yoxdur. Bunu inamla qeyd etmək olar. Lakin bu inam arxayınçılıq yaratmamalıdır. Ordumuzun hər bir zabiti, komandiri onun döyüş hazırlığının ideala yaxınlaşdırmaqdan ötrü əlindən gələn tətbiqi və elmi töhfəsini verməlidir. Bu fikri yeni təyin olunmuş nazir David Tonoyanın bəyənatı daha da gücləndirir. Onun sözlərindən belə nəticə çıxarmaq olar ki, bu proqramların həyata keçirilməsi keçmiş hakimiyyətin getməsindən asılı olmayaraq, dayandırılmayacaq. “Müdafiə sahəsinin inkşaf işində, digər sahələrdən fərqli olaraq, xüsusilə də müdafiə sahəsində nəzərdə tutulan bu və ya digər layihəni yalnız bundan öncəki siyasi komanda tərəfindən hazırlanıb həyata keçirildiyinə görə təxirə salmaq yolverilməzdir!” deyərək, Tonoyan işarə verib ki, qəbul olunmuş proqramlara heç bir ciddi dəyişiklik edilməyəcək. Bu da bizi əvvəllər gəldiyimiz nəticələrdə daha da möhkəmləndirir. Keçmiş Sarkisyan komandası “inqilab oyunu” oynayaraq, hakimiyyəti razılaşdırılmış qaydada yeni hakimiyyətə ötürüb ki, yeni bəhanələrlə, demamoqik, qeyri-konstruktiv müddəalar irəli sürərək, Qarabağda danışıqlar prosesini daha da uzatmağa çalışsın. Ümid edirəm ki, Paşinyan hökumətinin bu yeni taktikası tezliklə sadəlövh mövqe seçmiş dünya ictimaiyyətinə məlum olacaq. Sözssüz ki, düşmən həmin taktikadan vaxt udaraq, ordularını möhkəmləndirməyə, ordularını möhkəmləndirəndən sonra isə daha həyasız iddialar irəli sürmək üçün istifadə edəcək.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Ermənistan-ordusu   Xalq-Ordu   Layihələr  

“Xalq-Ordu və kəndirli alt paltarı”: Ermənistanda hərbi islahatlar proqramı hansı vəziyyətdədir? – ANALİZ

2018/07/1_1532348177.jpg
Oxunub: 5944     20:21     23 İyul 2018    