Detektiv xarakterli Sovet tankları: T-64, T-72 və T-80 (ARAŞDIRMA)

2018/06/2345345_1528379755.png
Oxunub: 5633     21:54     07 İyun 2018    
T-64 tankının yaradılması tarixini davam etdirərək bu yola diqqətlə nəzər salsaq onun necə keşməkeşli yol keçdiyi bəlli olacaq.

1961-ci ilin sonunda "obyekt 432" üçün texniki layihə qəbul edildi, 1962-ci ilin sentyabrında isə tankın ilk prototipləri hazır oldu. 1962-ci ilin oktyabrında Kubinka poliqonunda dövlətin rəhbərlərinə tank nümayiş etdirildi. Digər tanklarla müqayisədə, bu tank tam fərqli idi. Hərbçilərinin reaksiyasının birmənalı olmamasına baxmayaraq, tankın gələcək inkişafı təsdiqləndi. Xaricdən tank, xoş görünüşü olan zərif geyimli bir qadın kimi çox təsirli görünürdü. Tankın ilk versiyalarını nəzərdən keçirərkən baş konstruktor Morozov əli ilə çertyoj üzərində xətt çəkərək tırtıl üzərində yerləşən yanacaq çənlərinin çıxıntılarını kəsdi. O, "tankda hər şey gözəl olmalıdır" sözlərini də əlavə etdi.

"Malışev zavodu"nda dövlət sınaqlarına təqdim edilmək üçün tankların eksperimental partiyası hazırlanır. Maşın hər elementi ilə praktiki olaraq yeni olsa da, zavod sınaqları prosesində, yükləmə mexanizmində, hərəkət edən hissədə, mühərrik və onun sistemlərində çox sayda qüsur və çatışmamazlıqlaraşkar edildi. Buna görə də bir sıra taktiki və texniki tələblər (TTT) yerinə yetirilmədi. Layihə tamamlandıqdan və çatışmamazlıqlar aradan qaldırdıqdan sonra tank 1963-cü ildə yenidən dövlət sınaqlarına təqdim edildi. Lakin bu tədbirlər kifayət etmədi, TTT qarşılanmadı və tank tam sınaq dövrünü tamamlaya bilmədiyi üçün silahlanmaya qəbul edilmədi.

Buna baxmayaraq, baş konstruktorun sənədlərinə əsasən 1964-cü ildə ilk partiyanın istehsalına başlamaq qərarına gəldilər. Tanklar təcili istismar üçün qoşunlara göndərildi, qüsurlar aşkar edildi və aradan qaldırıldı. Layihə yekunlaşdı və 1966-cı ilin oktyabrında təkrar dövlət sınaqlarına təqdim edildi. Onlar müvəffəqiyyətlə başa çatdı və 1966-cı ilin dekabr ayında T-64 tankları silahlanmaya qəbul edildi.

Qeyd etmək lazımdır ki, tankın kütləvi istehsalı hərbçilərin iradəsinin əksinə olaraq başladığına görə onlar təbii ki, bu maşının tərəfdarı olmadılar. Onun tank qoşunlarında tətbiqi ciddi texniki və təşkilati dəyişikliklər tələb edirdi. Ordudakı əsaslı yeni bir maşının tətbiqinə müqavimətin əsaslarından biri də bu idi.


1964-cü ildə T-64 tankı dərin bir modernləşmədən keçdi. 125 mm çaplı silahla təchiz edilən tankın bir çox sistemi dəyişdirildi. Hərbi sınaqlar uğurla keçdi və 1968-ci ilin may ayında T-64A tankı kimi silahlanmaya qəbul edildi. Bu yeni nəsil tankı idi və əvvəlkilərdən çox fərqli idi. Bu tank öz zamanı üçün çox yeni idi, hər hansı bir yenilik isə tam tətbiq edilmək üçün vaxt tələb edir. T-64-ün üstünlükləri və çatışmamazlıqları onsuz da tam analiz edilib. Lakin bəzilərində dayanmaqda fayda var.

Tank barədə sizinlə şəxsi təəssüratlarımı bölmək istəyirəm. T-55 tanklarında təlim keçirdik. Bir dəfə tank təmiri zavodunda təcrübə keçərkən, o zaman hələ məxfi olan T-64 tankına əyləşə bildim. Məni iki mexanizm heyrətləndirdi: biri avtomatik sursat doldurma mexanizmi, digəri isə tuşlayıcının nişangahı.

TPD-2-49 nişangahının "əlli beşinci" modelin sadə nişangahından fərqli olması və "qeyri-tank" performansı və xüsusiyyətləri ilə mükəmməl görünürdü. O zaman hələ bilmirdim ki, illər sonra mənim özüm perspektiv tankların mürəkkəb nişangah komplekslərinin hazırlanmasını idarə etmək məcburiyyətində olacağam. Məni həm də avtomatik sursat doldurma mexanizmi heyrətləndirdi. Hər şey çox sürətlə baş verirdi. Əvvəlcə, iki normal zəncirdən sərt çubuğun necə alındığını anlamadım. Daha sonra Morozovun sadə olmayan problemi asan yolla həll edən ixtirası ilə yaxından tanış oldum.

Tankın ən problemli üç hissəsi vardı: mühərrik, yükləmə mexanizmi və bir də hərəkətli hissə. T-64, T-72 və T-80 tanklarına diqqətlə baxdığınızda, onlar dəqiq olaraq bu detallara görə bir-birindən fərqlənirlər. Onların digər detalları - toplar, silahlar, nişangahlar, elektronika - demək olar ki, hər şeyi eynidir. Mütəxəssis olmayan şəxsin onları ayırd etməsi çətindir.

Əksər problemlər T-64 mühərriki ilə bağlı idi, onların aradan qaldırılması və inkişafı üzərində iş çox uzun zaman aldı. Bu mühərrik sıfırdan yaradıldı, heç bir texnologiya, heç bir təcrübə yox idi. Tədqiqatlar zamanı ortaya çıxan problemlərin bir çoxunun həlli üçün digər sahələrdən - metal, keramika, yağ və s. üzrə mütəxəssislər də cəlb etmək lazım gəlirdi. Porşen qrupunun dinamikası üzrə tədqiqat aparmaq üçün zəruri qərarlar bəzən "sınaq-səhv" metodundan istifadə edilirək verilirdi.

Mühərrikin baş konstruktoru Çaromski nəzərdə tutulan xüsusiyyətlərə malik təcrübə nümunəli mühərrik hazırladı. Ona 580 at gücü kifayət etmədi və 700 at gücündə yeni 5TDF mühərrikini hazılamaq ehtiyacı yarandı. Mövcud problemlər üzərinə yeni problemlərin əlavə edilməsi, bu mühərrikin yaradılmasının mümkünsüzlüyü təəssüratını yaradırdı.


Sonra Çaromski mühərriklə məşğul olmaq istəmədi və 1959-cu ildə təqaüdə çıxaraq Moskvaya döndü. Onun əvəzinə, baş dizayner Qolinets təyin edildi. Qadın düşkünü olan baş dizaynerin rəhbərliyi altında mühərrik üzərində iş ciddi şəkildə yavaşladı. 1973-cü ildə T-72 silahlanmaya qəbul edildikdən sonra Moskvadan dönən Morozov müvəffəqiyyətsizliklərə görə "mənəvi tənəzzülə" uğrayan Qolinetsi ittiham edərək onu vəzifədən azad etdi.

Bütün bu problemlərə baxmayaraq, mühərrik normal vəziyyətə gətirildi və gələcəkdə "Bokser" tankında bu mühərrikin 1200 at gücünə malik olan modifikasiyasından istifadə edildi. Problemlər həll olunurdu, lakin zaman keçsə də tank "ayağa qalxmırdı". Tamamilə gözlənilməz problemlər də var idi. Qoşunun istismar sınaqlarının keçirildiyi bölmələrindən biri iynəyarpaq meşədə yerləşirdi. Az müddətdən sonra tanklar sıradan çıxmağa başladı. Məlum oldu ki, şamın iynələri soyutma sisteminin fəaliyyətinə mane olur. Nəticədə yüksək hərarət mühərriki sıradan çıxarır. Bunu aradan qaldırmaq üçün bütün tanklar zavoda qaytarıldı və mühərrik böməsinin soyutma torunun yeri üst tərəfə dəyişdirildi.

T-72-də nə üçün yeni bir avtomat doldurma mexanizmi ortaya çıxdı? Mexanizm seçimi sursatın növü ilə tənzimlənirdi. Mexanizm istehsalın əvvəlində unitar idi. Nəticədə, onu yanan gilizdən və altlıqdan ayrılıqda hazırladılar. Onun mexanikləşdirilən bölmədə yerləşdirilməsi versiyası da uzun zaman müzakirə edildi. Görüşlərin birində kimsə onu dirsəkdən əyilən bir qol kimi təklif etdi. Beləliklə kabin tipli doldurucu mexanizm yarandı.

Bu variant qəbul edildikdən sonra sürücü mexanikin təcili evakuasiyası məhdudlaşdı. Problem salonda bir dəlik açılaraq həll edildi. Lakin bu tankın topunun istiqamət kursu üzərində tuşlandığı halda mümkün idi. Digər bir problem altlıq tələsi ilə bağlı idi. Tez-tez sıradan çıxan fiksasiya sensoru da doldurma prosesini dayandırırdı. Bu problemlər sonradan həllini tapdı. Lakin hərbçilər avtomat doldurma mexanizmini qəbul etmək istəmirdilər. T-72 tanklarında primitiv və sadə davrandılar. Alltı ədəd mərmi konveyerdən çıxarılaraq sursatlar və gilizləri bir-birinin üstünə qoyuldu. Tələ ləğv edilsə də, altlıq çölə atılırdı. TTT görə isə tank döyüşdə germetikliyini itirməli deyildi.

O dövrdə nüvə silahından istifadə şəraitində müharibə apamaq üçün tələblər ciddi surətdə nəzərdə saxlanılırdı. Hərbçilər atəş zaman tankın germetikliyinin pozulmasına və sursat dəstinin 28-dən 22-yə qədər azalmasına göz yumdular. Əsas, avtomatik sursat doldurma mexanizminin yarasız olmasını əks tərəfə sübut etmək idi.

Hərəkətli hissə ilə bağlı problemlər. Bu illər ərzində hansı hərəkətli hissənin daha yaxşı və ya daha pis olması barədə bir çox müzakirələr aparıldı. T-64-də yerləşdiriləcək növün seçilməsində əsas meyarın onun çəkisi olduğunu dərhal demək mümkündür. TTT görə tankın çəkisi 34 tondan çox olmamalı idi, onsuz da əvvəldən mühərrikin problemi mövcud idi və onun gücü yetərli deyildi. Buna görə də Morozov tank üçün hərəkət imkanlarının vacibliyini anlayaraq, 34 tonluq şassi seçimini sona qədər müdafiə etdi. Bu tip hərəkətli hissənin də təbii ki, çatışmamazlıqları vardı. Onlar aradan qaldırılsa da, çəki tələbinə ciddi şəkildə riayət olundu.


Xüsusiyyətlər və çəki arasındakı dilemma daim gündəmdə idi, çünki başqa hərəkətli hissənin qəbul edilməsi tankın kütləsini iki ton artırırdı. T-72-də və T-80-də buna razı oldular, T-64-də isə yüngül hərəkətli hissəyə üstünlük verildi.

Əlbəttə ki, çəki və ölçülərə dair bu cür məhdudiyyətlər çərçivəsində bütün tələbləri yerinə yetirmək çətin idi. Lakin rəhbərlik hesab edirdi ki, bununla barışmaq lazımdır. Kostenkonun kitabında Morozovla ünsiyyətdə olduğu zaman onun belə bir məhdudiyyətlərin doğru olmadığını dolayısı ilə qəbul etdiyi qeyd olunurdu, lakin bu artıq tarixin mülkiyyətində olan faktlardır.

Beləliklə, Xarkov, Tagil və Leninqradın yaratdığı üç növ hərəkətli hissə mövcud idi. Keçirilən bir çox sınaq nəticələrinə görə, Leninqradda yaradılan şassi daha effektiv idi. XMKB-də tankların sonrakı modifikasiyasında və "Bokser" perspektivli tankının inkişafında bu şassini əsas olaraq götürdülər.

Bu problemlərin həlli vaxt tələb edirdi və tankın inkişafından qəbul edilməsinə qədər 11 il çəkdi. Bu müddətdə tankın inkişafının tərəfdarları və rəqibləri ortaya çıxdı. Burada texniki, təşkilati və konyunktur səbəblər mövcud idi. Tank yeni bir nəslə mənsub idi və onun tam hazır olması çox zəhmət tələb edirdi.

Bir tərəfdən hərbçilər təkmilləşdirilən xüsusiyyətlərə malik yeni tank əldə etmək istəyirdi. Digər tərəfdən onların orduya verilməsi ilə bağlı struktur dəyişiklikləri, tankın mürəkkəbliyi, ekipajların hazırlanması və s. problemlərin yarana biləcəyi qaçılmaz və aşkar idi. Bunun üzərinə texniki problemləri də əlavə etsək tankın silahlanmaya qəbulunun ləngiməsi səbəbləri aydın olur. Bundan əlavə, hərbçilər 1964-cü ildə dövlət sınaqlarını tamamlamadan T-64 tankının seriya istehsalına buraxılmasını, bu tankın onlara "sırındığı" kimi qəbul edirdilər. Tank Qoşunları Komandanı marşal Poluboyarov və digər tankçı rəhbərlər nəticədə daha sadə T-72 tankına tərəf meyl edirdi.

Müdafiə sənayesinin rəhbərliyi bu tankın istehsalını təşkil edərkən nə qədər böyük həcmdə işlərin yerinə yetirilməli olduğunu görürdü. İstehsalın təşkili ilə, xüsusilə də yeni mühərriklə bağlı daim yaranan problemlər onları çox da həvəsləndirmirdi. Yalnız "Stalinin Xalq komissarı" Ustinovun T-64 tankını ordu üçün əsas tank kimi qəbul edilməsinə aid dəmir iradəsi hamını verilən tapşırıqları həyata keçirməyə məcbur etdi.

Konyuktur səbəblər də var idi. Vahid tankın kütləvi istehsala başlanılması ilə yanaşı zavodlar öz layihələrini göstərilən istiqamətdə inkişaf etdirməyə məcbur edilirdi. Təbii ki, onlar bu təzyiqlərdən heç bir zövq almırdılar, əksinə orduda, sənaye rəhbərliyində və hökumətdə təmsil edilən lobbiləri vasitəsilə bunun qarşısını almağa və özlərinə məxsus tank layihələrini irəli sürmək üçün çalışırdılar.


1967-ci ildə Sov.İKP Mərkəzi Komitəsinin və Nazirlər Kabinetinin, ordunun yeni T-64 tankları ilə təchiz edilməsi və onları istehsal potensialının inkişaf etdirilməsi ilə bağlı sərəncamı dərc edildi. Bu tankın buraxılması üç zavodda - Xarkov, Nijniy Tagil və Leninqradda aparılacaqdı.

5TDF mühərriklərinin istehsal gücünün məhdud olduğunu nəzərə alaraq, bütün zavodlar sülh dövründə standart T-64 istehsal edəcəkdi, müharibə dövründə isə "Uralvaqonzavod" mövcud olan V-2 mühərrikli T-64 tankının ehtiyat versiyasını buraxacaqdı.

XMKB tankın bu variantını (obyekt 439) inkişaf etdirdi. 1967-ci ildə prototip tanklar hazırlandı və sınaqlar uğurla həyata keçirildi. Bu tankın texniki sənədləri seriya istehsalı üçün UVZ-ə verildi. Paralel olaraq, LKZ-də 60-cı illərin əvvəllərindən T-64 tankında qaz turbin mühərrikinin (T-64T) quraşdırılması üçün işlər aparıldı. Belə tankın nümunələri hazırlandı və sınaqdan keçirildi. 1968-ci ilin oktyabrında QTD mühərrik ilə təchiz olunan T-64 tankının (obyekt 219) yaradılmasına qərar verildi. Bu layihə çox az adamı maraqlandırdı, çünki məqbul turbin hələ ki, yox idi.

T-64 tankı əsasında UVZ və LKZ-də alınan qərarlardan asılı olmayaraq, potensial tankın öz variantlarını yaratmaq üçün də işlər aparılırdı. Bu mərhələdə, daha sonra T-72 tankı adlandırılacaq UVZ layihəsi (obyekt 172) hərbçilər tərəfindən dəstəklənməyə başladı. Kostenkonun kitabında yazdığı kimi, bu tankın formalaşması prosesi uzun, qaranlıq və demək olar ki, detektiv xarakter daşıyırdı. Bu, həqiqətən hökumət sənədlərinin saxtalaşdırılması ilə bağlı detektiv bir hekayə idi!

(Ardı var...)
Məlumat Yuri Apuxtinin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: T-64   T-72   T-80  


Bizi "telegram"da izləyin