Fransadan "uğurlu" layihə: "Panhard M8" təkərli tankı

2018/06/3_4583511405.jpg
Oxunub: 4669     15:02     01 İyun 2018    
1960-cı illərin sonunda fransız hərbçiləri düşmən tankları ilə qarşılaşdığı döyüş vəziyyətində belə uğurla istifadə edilə biləcək ağır kəşfiyyat maşını əldə etmək qərarına gəldilər.

Əslində, bu uyğun silahlarla tam təchiz edilən təkərli bir tank demək idi. Əlbəttə ki, həmin dövrdə Fransa ordusunun silahlanmasında hələ də "Panhard EBR" mövcud idi, lakin onlar ötən əsrin 60-cı illəri üçün artıq köhnə hesab olunurdu.

Yeni bir "təkər tank" hazırlanmasını zəngin tarixə malik məşhur Fransız şirkəti "Panhard" öz üzərinə götürdü. Şirkət Fransada XIX əsrin sonlarında - 1886-cı ildə yaradılıb. "Panhard" dünyada avtomobil satışa çıxaran ilk istehsalçılardan olub. Eyni zamanda "Panhard" mülki təyinatlı məhsullardan çox, Fransız ordusunun ehtiyacları üçün yaratdığı döyüş vasitələri ilə tanınırdı. Bu günə qədər fəaliyyət göstərən şirkət yüngül taktiki və hərbi vasitələr, hərbi və polis üçün digər avadanlıqlar istehsal etməklə məşğuldur.


"Panhard" tarixdə ciddi iz qoyan və bir neçə nəsillər tərəfindən istifadə edilən çox sayda kəşfiyyat zirehli vasitələri yaradıb. Şirkət Birinci Dünya Müharibəsindən başlayaraq Fransa ordusunun əsas zirehli vasitələr tədarükçüsü olub. İkinci Dünya Müharibəsi dövrünün uğurlu layihələrinə 75 mm və 90-mm topla silahlanan "Panhard 178/AMD 35" zirehli avtomobili aid edilə bilər. Dünya müharibəsindən sonra istehsal edilən digər uğurlu hərbi maşınlara top ilə təchiz edilən "Panhard EBR" zirehli avtomobillərini də aid etmək olar. Bundan əlavə, şirkət Fransız ordusunun müxtəlif hərbi əməliyyatlar teatrında iştirak etdiyi müharibələrdə, o cümlədən XX əsrin ikinci yarısına qədər davam edən müstəmləkə müharibələrində istifadə etdiyi təkərli zirehli maşınları, rabitə vasitələri, zirehli kəşfiyyat vasitələri və çox funksiyalı nəqliyyat vasitələri ilə təchiz edib.

Təəccüblü deyil ki, 1960-cı illərin sonunda Fransa Ordusunun düşmən tankları ilə qarşıladığı döyüş vəziyyətində belə uğurla istifadə edilə biləcək ağır kəşfiyyat maşını əldə etmək çağırışına ilk cavab verən "Panhard" şirkəti oldu. Artıq 1970-ci ildə, "Panhard M8" adlanan təkərli tank şirkətin mühəndisləri tərəfindən yaradıldı və həmin ildə o, Fransa hərbçilərinə təqdim olundu. 1971-ci ildə isə ilk beynəlxalq təqdimatı keçirildi. Yeni ağır zirehli avtomobil bu gün "Eurosatory" kimi tanınan sərgidə də nümayiş olundu.

Şassisinə görə yeni döyüş vasitəsi M2 BTR ilə oxşardır. Lakin silahlanma əhəmiyyətli dərəcədə gücləndirilib. Kifayət qədər böyük ölçüyə malik yastı formalı qüllədə, kifayət qədər təsiredici ağız əyləcinə malik 105-mm top quraşdırılıb. Məhz, bu topun xüsusiyyətləri o zaman istifadə edilən bütün Qərb döyüş tankları ilə mübarizə aparmağa imkan verirdi.

Yeni "təkərli tank"ın əsas üstün xüsusiyyəti onun şassisində olmalı idi. Bu məqsədlə hidropnevmatik asqıya sahib olan unikal bir şassi hazırlandı. Səkkiz təkərli olan yeni zirehli avtomobil "Panhard EBR"dən fərqli xüsusiyyətlərə malik idi. Topa malik "Panhard EBR" zirehli vasitəsi sərt örtüyə malik yolla hərəkət edən zaman təkərlərin son cütlərini istifadə edirdi. Təkərlərin ön və arxa cütləri pnevmatik kameralı şinlərdən, orta iki cüt təkərlər isə metaldan ibarət olmaqla, yolsuzluq şəraitində istifadə edilirdi. Belə bir şassi zirehli avtomobilin keçicilik qabiliyyətini artırır, torpağa xüsusi təzyiqi isə azaldırdı.


"Panhard M8" isə bütün yollarda 8 təkərlə normal hərəkət edə bilirdi. "Panhard EBR"dən fərqli olaraq, "Panhard M8" zəruri hallarda orta təkərləri qaldırmırdı, əksinə onları aşağı endirərək ön və arxa təkərləri havaya qaldırırdı. Belə bir konstruksiya qərarı müəyyən üstünlüklərə malik idi. Orta körpünün təkər oxları üzərində daha da yüksəyə qaldırılan zirehli avtomobil, tank kimi yerində dönmək, daha yüksək şaquli maneələri dəf etmək və sudan çıxmaq ("Panhard M8" sələfindən fərqli olaraq üzə bilirdi) üçün yaxşı imkan əldə edirdi. Maşının ümumi döyüş kütləsi 12,8 ton idi. Onun 4 tonunu silahlı qüllə təşkil edirdi. "Panhard M8" 250 at gücünə sahib, 8 slindrli "Hispano-Suiza HS115" dizel mühərriki ilə təchiz edilirdi. Bu mühərriklər Fransanın zirehli texnikalarının müxtəlif modellərində, o cümlədən tırtıllı BMP "AMX-10P" modellərində də istifadə olunur. Bu mühərrik "Panhard M8" təkərli tankına şossedə 75 km/saat maksimum sürətlə, suda isə 8 km/saat sürətlə hərəkət etməsini təmin edirdi. Şossedə ehtiyat gediş məsafəsi 1000 km-ə qədər idi.

Fransa hərbçiləri nədənsə bu zirehli maşından imtina etdilər. Bəlkə mürəkkəb şassi onları qorxutdu, bəlkə də təkərli tank sadəcə yeni birbaşa rəqiblərindən geri qaldı. İstənilən halda fransızlar güclü top silahlarına malik ağır təkərli zirehli maşın yaratmaqdan imtina etmədilər. Artıq 1976-cı ildə Fransada kütləvi istehsalda tez-tez təkərli bir tank kimi təsnif edilən "AMX-10RC" ağır zirehli təkərli avtomobili buraxıldı. 105-mm F2 topu ilə təchiz edilən, 6x6 təkərli formulasına sahib "AMX-10RC" zirehli nəqliyyat vasitələrinin seriya istehsalı 1994-cü ilədək davam etdi.

Bu döyüş vasitəsi Fars körfəzindəki müharibə ilə yanaşı bir sıra sülhməramlı əməliyyatlarda iştirak etməyə müvəffəq oldu və hələ də Fransa ordusunun silahlanmasında yer alır. Deməli, təkərli tankların dövrü hələ başa çatmayıb.

Yazı Yuferev Serqeyin məlumatları əsasında hazırlanıb
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin