"Xəncər" ilə "Tülkü Qovan" MiQ-31 necə hipersəs silah daşıyıcısı oldu?- ARAŞDIRMA (FOTO+VİDEO)

2018/05/image2345_1526286445.jpg
Oxunub: 4311     16:27     14 May 2018    
Amerika Birləşmiş Ştatları Rusiya sənaye kompleksinin unikallığını qəbul edir. Bu yazıda son raketlərin yaradılması və ələ keçirilməməsi, həmçinin onları daşıyan qırıcıların potensialı barədə fikirlərimizi böləcəyik.

ABŞ-ın "The National Interest" nəşrinin dərc etdiyi yazıda "Kinjal" (Xəncər) hipersəs raket kompleksini unikal sistem adlandırıb.

"Bu raket uçuşda manevr edərək, ələ keçirilməsi çətin olan gözlənilməz trayektoriya üzrə uçur. Dünyanın heç bir ölkəsində havadan buraxılan ballistik raket yoxdur, buna görə də Moskva haqlı olaraq "Kinjal" raketinin xaricdə analoqu olmadığını iddia edir", - deyə nəşr yazır.


Moskva səmasında "Kinjal" ilə MiQ-31K

Rusiyanın bu silahlara sahib olmasını dünya 2018-ci ilin martında öyrəndi. 9 Mayda isə ilk dəfə "Kinjal" kompleksləri ilə iki MiQ-31K qırıcısı Moskvada Qələbə Paradının aviasiya hissəsində iştirak etdi. Raketlər torpaq və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulur. Daşıyıcı kimi 1981-ci ildə Sovet İttifaqında "MiQ" RSK tərəfindən yaradılan səsdən yüksək və uzun mənzilli MiQ-31 qırıcısı seçildi.

Qərbdə "Tülkü ovçusu" adlanan təyyarələr aerokosmik qüvvələrin veteranı hesab olunsalar da, sürət və hündürlük xüsusiyyətlərinə görə bu günə qədər unikal hesab olunur.

MiQ-31 asanlıqla 25 km hündürlükdə 3000 km/saata qədər sürətlənə bilir, sonra isə raket buraxılma nöqtəsinə çatır və artıq müstəqil hərəkətə başlayır. Nüvə və adi başlıqlar 2 min km məsafədəki hədəflərə çatdırılır. Eyni zamanda raket düşmənin HHM və RƏM zonasına daxil olmadan da hədəfə ciddi zərbə endirə bilər. MiQ-31 qırıcısının, yüksək uçuş və texniki xüsusiyyətlərinə, raketin özünün radar görüntülənməsinin aşağı səviyyəsinə və yüksək manevr imkanlarına malik "Kinjal" hipersəs raketi dünyada unikaldır.


Qırıcı-ələ keçirici MiQ-31

1977-ci ildə sovet pilotu Aleksandr Fedotov MiQ-31-də 37650 metr hündürlükdə yaxın kosmosa qaxdı. Bu qırıcı müasir təyyarələr üçün əlçatan olan mövcud yüksəkliklərin demək olar ki, bütün spektrini əhatə edir. İki il əvvəl isə iki dəfə uçuşda yanacaq doldurmaqla 7 saat 4 dəqiqə havada qalaraq rekorda imza atdı. Unikal korpus materialları və digər texniki xüsusiyyətlər MiQ- 31 qırıcılarını bir çox sahələr üzrə fərqləndirir.

RF prezidentinin təqdim etdiyi videoda, MiQ-31BM qırıcısı raketi atəş nöqtəsinə çatdırır, hipersəs sürətli (10 dəfə səs sürətindən daha sürətli) raket buraxılır və uçuş trayektoriyasının bütün hissələrində manevrlər həyata keçirir. Rusiya Müdafiə nazirinin müavini Yuri Borisovun sözlərinə görə, ən çətini və mürəkkəbi hipersonik sürətə çatmaq, yəni 10 Max əldə etmək idi. "Bu raketlər, 850-900 km/saat orta kreyser sürəti ilə uçan qanadlı raketlərdən fərqli olaraq kifayət qədər tez obyektə yaxınlaşır. Yəni burada əsas sürətdir", - deyə Müdafiə nazirinin müavini bildirir.

Borisova görə, sisteminin ikinci xüsusiyyəti, aerodinamik idarəetmə rullarının köməyi ilə uçuş zamanı manevrlər həyata keçirmək, HHM və RƏM zonalarını aşmasıdır.

Belə bir vəziyyətdə rəqibin RƏM çətiri deşik hesab edilir. Hipersəs uçuşda manevr imkanı bu raketin ələ keçirilməsini istisna edərək, hədəfə dəqiq və zəmanətli zərbə endirilməsinə şərait yaradır.

Rusiya AKQ-nin Baş Komandanı general-polkovnik Sergey Surovikinin sözlərinə görə, "Kinjal"ın yaradılması hipersəs silah sistemlərinin inkişafında mühüm irəliləyiş oldu. Qırıcı dəqiqələr ərzində raketi atəş nöqtəsinə çatdırır, sonra saniyələr içində raket hipersəs sürəti toplayır. Final trayektoriyada isə tuşlama başlığı işə düşür və günün istənilən anında tələb edilən dəqiqliyi təmin edir. Hədəfə uçuş saniyələr içində baş verdiyindən HHM vasitələri tərəfindən ələ keçirilmə istisna edilir. "Kinjal" raketlərinin səmərəliliyi dəfələrlə dövlət sınaqları zamanı təsdiqlənib.


MiQ-31 "Kinjal"raketi ilə təchiz olunub

Eksperimental döyüş növbətçiliyində artıq on ədəd MiQ-31K qırıcısı "Kinjal" raketləri ilə dayanır. 2017-ci ilin dekabrından Cənub Hərbi Dairəsinin bir aviasiya bölməsi bu komplekslərlə təchiz olunaraq döyüş vəzifələrini yerinə yetirir.

"Bu, fantastika deyil. Bundan əlavə, bu yüksək dəqiqlikli raketlərin çoxfunksiyalı döyüş başlığı həm sabit, həm də hərəkət edən hədəflərə qarşı mübarizə aparmağa imkan verir. Təyyarə daşıyıcıları, kreyser tipli gəmilər, esmineslə, freqatlar və s. "Kinjal" raketlərinin potensial hədəfləri hesab olunur", - deyə Borisov bildirib.

Əslində Rusiyanın ilk növbədə bu raketləri Cənub Hərbi Dairəsində yerləşdirilməsi "Qara dəniz akvatoriyasını nəzarət altında saxlamaq"la izah edilir, çünki buralarda müntəzəm olaraq uzun mənzilli "Tomahawk" qanadlı raketləri ilə silahlanan ABŞ və NATO gəmiləri müşahidə olunur və Rusiyanın Avropa hissəsində yerləşdirilən strateji raket mövqelərini təhdid edirlər.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, 2018-ci ilin əvvəlindən Cənub Hərbi Dairəsinin aviasiya kompleksinin pilotları müxtəlif hava şəraitində, gecə və gündüz təxminən 250 uçuş həyata keçiriblər.

"Bundan əlavə, Qara dənizə yaxın ərazilərdə Suriyada, Aralıq dənizinin şərq sahilində, Tartus və Hmeymim hərbi bazasında Rusiyanın öz maraqları var. Burada "Kinjal" raketləri faydalı ola bilər, nəzərə alsaq ki, Suriyaya Krasnodardan məsafə elə də çox böyük deyil. MiQ-31 ilə yarım saatlıq uçuş məsafəsindədir", -deyə hərbi şərhçi Viktor Litovkin bildirib.

Martın 11-də Rusiya Müdafiə Nazirliyi hipersəs raketin sınaq buraxılışının videosunu paylaşıb. Kadrlarda MiQ-31 qırıcılarında döyüş silah hissəsinin standart tərkibinə daxil olan R-33 "hava-hava" sinfli raketlərin asma qurğuları yoxa çıxıb.

"Kinjal" üçün hazırlanan xüsusi yeni asma qurğusu yeni sursatın böyük kütləsindən xəbər verir. Qırıcı isə əlavə "K" (Kinjal) hərfini qəbul edərək MiQ-31K adını qəbul edib. MiQ-31 ilkin versiyada "hava-yer" raketləri üçün nəzərdə tutlmurdu və sadəcə ələ keçirici idi.

Düşünürəm ki, gələcəkdə strateji təyinatlı uzaq mənzilli Tu-22M3 bombardmançıları "Kinjal" raketindən istifadə etmək üçün modernləşdiriləcək. Bu tərrarələr də səsdən sürətlidir, həm də 12 ton yük daşıya bilir, yəni yeni raketi də daşıya bilər. Yalnız təyyarənin korpusunda konstruksiya dəyişikliyi etmək lazım gələcək.

Açıq mənbələrin məlumatına görə, "Kinjal" raketi 1988-ci ildə silahlanmaya qəbul edilən Sovet istehsalı olan "X-15" taktiki zərbə raketinin uzaq prototipidir. Yeni raket xarici görünüşünə görə, "İskəndər-M" operativ taktiki raket kompleksinin 9M723-1 (ABŞ təyinatı SS-26) aeroballistik raketi ilə oxşarlıqları mövcuddur. 1800 m/s uçuş sürəti olan raketin fəaliyyət radiusu 400 km-dir. Çox güman ki, "Kinjal" raketinin ilk pilləsi "İskəndər" raketi əsasında hazırlanır. Videoda raketin burun hissəsi tündləşdirilib.


Hərbi qulluqçular "İskəndər-M" operativ taktiki raket kompleksinin yerləşdirilməsi və 9M723 "kvaziballistik" raketlərin yüklənməsi zamanı

Öz növbəsində, bir termonüvə döyüş başlıqlı "X-15" hipersəs raketi 1972-ci ildə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən silahlanmaya qəbul edilən SRAM raketinə Sovet cavabı olaraq hazırlandı. "X-15" raketləri ilə strateji və uzaq mənzilli Tu-22M, Tu-95MS, Tu-160 bombardmançılarının təchiz etmək nəzərdə tutulurdu. Sovet İttifaqının dağılmasına qədər yalnız bir neçə Tu-22M3 uzaq mənzilli bombardmançılarla silahlanan hərbi hissə bu raketləri mənimsəyə bildi. Kütləvi istehsala iqtisadi problemlərlə yanaşı raketin fəaliyyət radiusunun azlığı da mane oldu, yəni raket düşmənin hava hücumundan müdafiə zonasından kənarda qalaraq zərbə endirə bilmirdi.

"X-15" raketi bombardmançıdan buraxıldıqdan sonra 40 km hündürlük əldə edir, sonra isə ballistikə trayektoriya boyunca 5 Max sürətlə hədəfə yönəlir.

2000-ci illərin əvvəllərindən kütləvi istehsalının başa çatması və bərk yanacaq komponentlərinin zəmanətli saxlama müddətinin sona çatması ilə əlaqədar "X-15" raketlərini tədricən silahlanmadan çıxarmağa başladılar. Bu raketlərin bazasında radiolokasiya əlehinə "X-15P" və gəmi əleyhinə "X-15C" raketlərinin də hazırlandığı məlumdur. Sonuncunun daşıyıcısı qismində Su-27 nəzərdə tutulurdu, lakin raketin silahlanmaya qəbulu haqqında məlumat yoxdur. Bəzi struktur oxşarlıqlarına baxmayaraq texniki uçuş xüsusiyyətlərinə görə "Kinjal" 9M723-1 və "X-15" raketlərindən daha üstündür.

MiQ-31 qırıcısının modernləşdirilməsi "Kinjal" kompleksi üçün hipersəs raketlərinin hazırlanması ilə paralel olaraq reallaşdı.

"Kinjal" ilə silahlanan MiQ-31 ələ keçirici-təyyarəsi hücum təyyarəsinə çevrildi. Qırıcı, əvvəlki MiQ-25 modeli də eyni inkişaf mərhələsindən keçib. O, sərbəst düşən bombalardan istifadə edərək yerüstü hədəfləri məhv edə bilir.


İlk dördüncü nəsil sovet döyüş təyyarəsi MiQ-31 1970-ci ildə RSK "MiQ" zavodunda Baş Konstruktor Qleb Lozino-Lozinskinin başçılıq etdiyi komanda tərəfindən hazırlanıb. Əvvəlcə SSRİ Hava Hücumundan Müdafiə qoşunlarının rəhbərliyi yeni qırıcının MiQ-25-dən daha sürətli olmasını istədi. O zaman MiQ-25 dünyanın ən sürətli qırıcısı olaraq 3000 km/saat maksimal sürətə malik idi. Yeni layihəyəli qırıcıya 3700-4000 km/s sürət müəyyən edildi. Bu qırıcı üçün Tu-134 təyyarəsində istifadə edilən mülki D-30 mühərriki əsasında yaradılan 152.0 kN maksimum dartı qüvvəsinə sahib ikikonturlu D-30F6 turbo mühərriki sifariş edildi. MiQ-25 ümumi strukturu, istehsal texnologiyasını və ölçüləri saxlayaraq iki nəfərdən ibarət ekipaja sanib oldu. Yerə yaxın məsafələrdə səsdən yüksək sürətlə uçuşu təmin etmək üçün qanadların və hava qəbuledicilərin sərtliyi artırıldı. MiQ-25 ilə müqayisədə MiQ-31-də poladın nisbəti azaldı, lakin titan və alüminium ərintilərinin payı artdı. Beləliklə dünyanın ən ağır və sürətli qırıcı-ələ keçiricisi yarandı. MiQ-31 təyyarəsinin ilk uçuşu 1975-ci il sentyabrın 16-da baş tutdu, prototip havaya zavodun baş pilotu Alexander Fedotov tərəfindən qaldırıldı.

1978-ci ildə Aktyubinsk poliqonunda "Zaslon" RLS radarının köməyi ilə eyni vaxtda 10 ədəd hava hədəfinin müşayiət edilməsi ilə bağlı sınaq keçirildi. Hədəflər 150 km eni olan bir cəbhə boyunca hərəkət edirdilər. Qırıcı 5000 yüksəklikdə uçurdu. Beş hədəf qırıcıdan aşağıda 1400 ilə 2600 metr arası yüksəklikdə, digər beşi isə qırıcıdan yuxarıda 8400 ilə 9600 metr arası yüksəklikdə hücum edirdi.

İlk dörd hava hədəfi dörd ədəd raketlə məhv edildi. Bir neçə ay sonra amerikalılar öz kəşfiyyat peykindən 60 metr yüksəklikdəki hədəfin 200 km məsafədə və 6000 metr yüksəklikdə uçan modernləşdirilən MiQ-25 tərəfindən buraxılan "hava- hava" raketilə məhv edildiyini qeydə aldıqlarını açıqladılar. MiQ-31 ilk dəfə 1991-ci ildə Le Bourje aviasalonunda dünya ictimaiyyətinə göstərildi. Bu təyyarələrin 500-dən çox nümunəsi 1975-1994-cü illərdə Qorki (hazırda Nijni Novqorod-red.) şəhərindəki "Sokol" təyyarə zavodunda istehsal olundu.

MiQ-31 xüsusi olaraq aşağı hündürlükdə uçan kiçik qanadlı raketlərinin kütləvi hücumlarını dəf etnək üçün nəzərdə tutulurdu. Bütün xidmət etdiyi illər ərzində təyyarə davamlı olaraq modernləşmələrə məruz qalıb.

ABŞ və NATO-nun hərbi əməliyyatlarından sonra, xüsusən İraq, Yuqoslaviya və Əfqanıstanın bombalanmasından sonra bu təyyarələrə hər zaman artan marağa diqqət çəkmək vacibdir. MiQ-31M ələkeçirmə kompleksi ilə reallaşmayan bir layihə də mövcud idi.

1993-cü ildə MiQ-31, 200-228 km məsafədə hava hədəfini (K-37 raketi ilə) vuran dünyanın ilk qırıcısı oldu.


MiQ-31M

Sovet İttifaqının dağılması səbəbi ilə silahlanmaya qəbul edilməyən digər bir təyyarə 1980-ci illərin digər bir versiyası olan MiQ-31D modeli, Rusiyanın peyk əleyhinə 30P6 "Kontakt" sisteminin bir elementi idi. "Topol-M" və "Bulava" strateji raketlərinin də dizayn edildiyi Moskva İstilik Texnologiyası İnstitutu tərəfindən hazırlanan qırıcıya üçpilləli raket lazım idi. Standart MiQ-31-dən fərqli olaraq, "peyk qırıcısı" lazımsız radara və top silahına malik deyildi. Mühərrik yüksək hündürlükdə dartı qüvvəsini artırmaq üçün təkmilləşdirildi. Qazaxıstanda yerləşən Sarı-Şaqan hava hücumundan müdafiə təlim poliqonunda qırıcının sınaqları aparıldı. 1991-ci ildə proqram dayandırıldı.

2001-ci ildə kiçik kommersiya peyklərini buraxmaq üçün MiQ-31S layihəsi başladıldı. "Mikron" daşıyıcı raketi, 100 kq ağırlığında peyki 200 km yüksəklikdə orbitə çıxarırdı. Raket 20-25 km hündürlükdə 2,3 Max sürətlə hərəkətə gətirilirdi. MiQ-31S üçün nəzərdə tutulan başqa bir faydalı yük suborbital uçuşlar üçün nəzərdə tutulan üçyerlik raketoplan ola bilərdi. Onun köməyi ilə kosmonavtların hazırlığını, həmçinin turist və reklam uçuşları həyata keçirmək planlaşdırılırdı.

2005-ci ildə Rusiya və Qazaxıstan kiçik ölçülü peyklərin yerə yaxın orbitə çıxarılması üçün "İşim" adlı kosmik sistem yaratmağı planlaşdırdı. Moskva İstilik Texnologiyası İnstitutu tərəfindən hazırlanan MiQ-31İ və üçpilləli bərk yanacaqlı raket 300 km yüksəklikdəki orbitə 160 kq ağırlığında peyki çıxarmalı idi.


MiQ-31BM

Təkmilləşdirilən MiQ-31BM yeni silahlarla, o cümlədən MiQ-31M qırıcılarında sınaqdan keçirilən "hava-hava" tipli yaxın və orta mənzilli K-37M və K-77M raketlərini, həmçinin S-400 ZRK istifadə edilən yeni 9M96 raketlərini əldə etməli idi. Yenilənən RLS-in fəaliyyət radiusu yeni raketlərə uyğun olmalıdır. RLS 24 hədəfi müşayiət edə bilir, onlardan səkkizinə isə raketləri yönəldirdi. Pilot kabinində maye kristal ekranlar yerləşdirildi. Təyyarə yeni elektron döyüş sistemləri ilə təmin edilməli idi.

2011-ci ildə Nijni Novqorodun "Sokol" zavodunda təyyarə MiQ-31BM versiyasına qədər yüksəldildi. 2013-cü ildə ilk qırıcılar Monçeqorsk (Мurmansk vilayəti) hava bazasında döyüş növbətçiliyinə cəlb edildi. Açıq mənbələrə görə, bu gün 100-ə yaxın modernləşdirilən MiQ-31BM xidmətdədir.


MiQ-31BM qırıcılarında 320 km məsafədə hədəfləri aşkar etməyə və 280 km məsafədə onları məhv etməyə imkan verən yeni silah idarəetmə sistemi və radiolokasiya stansiyası quraşdırılıb. Təyyarənin ona qədər hava hədəfini müşayiət edir, altı hava hədəfini isə eyni anda vura bilir. Lakin, manevr imkanlarına görə müasir döyüş təyyarələrindən geri qalır. Lakin RLS uzun məsafədə fəaliyyət göstərməsi və eyni zamanda bir neçə hədəfə atəş acmaq imkanı, qırıcının düşmənə çox yaxınlaşmasının qarşısını almağa şərait yaradır. Yükün tərkibindən və uçuş sürətindən asılı olaraq, döyüş radiusu 700 ilə 1500 km arasında dəyişir.

Dörd təyyarədən ibarət bir qrup 1000 km-ə qədər, məsələn Moskvadan Krasnodara qədər cəbhə xəttində hava məkanını qoruya bilir. MiQ-31 havada istənilən hədəfləri ələ keçirir, qanadlı raketləri bütün sürət və yüksəklik diapazonunda məhv edir və aşağı kosmik orbitlərdə fəaliyyət göstərən peykləri sıradan çıxarır.

Məlumat Roman Azanovun yazıları əsasında hazırlanıb
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MiQ-31K   Kinjal  


Bizi "telegram"da izləyin