"Amur"lar THAAD-lara qarşı: Moskva ətrafını nə qoruyacaq?

2018/05/2_1525783178.jpg
Oxunub: 4454     20:30     08 May 2018    
Aprelin əvvəllərində Qazaxıstanın Sarı-Şaqan sınaq poliqonunda Rusiyanın raket əleyhinə müdafiə sisteminin yeni, modernləşdirilən raketinin uğurlu sınaqları keçirilib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sınaqlar Hərbi Aerokosmik Qüvvələrinin (HAQ) hava hücumundan və raket əleyhinə müdafiə qoşunlarının döyüş heyətləri və sənaye nümayəndələri tərəfindən həyata keçirilib. Qeyd edildiyi kimi, raket vəzifəsi müvəffəqiyyətlə yerinə yetirilib və müəyyən olunan vaxtda şərti hədəfi məhv edib. Lakin keçirilən sınaqların detalları açıqlanmadı.

Sınaqlar bu il fevralın 12-dən sonra eyni poliqonda keçirilən ikinci uğurlu sınaqdır. Sınaqdan keçirilən raket əleyhinə sursat tək və qrup halında endirilən zərbələri, o cümlədən yeni nəsil qitələrarası ballistik raketlərin hücumlarını da dəf edə bilir. "Onun dəqiqliyi, istifadə müddəti və məsafəsi ilə bağlı texniki xüsusiyyətləri, bu gün silahlanmada olan analoqlarından çox üstündür", - deyə Rusiya HHM-RƏM birləşmə komandanının müavini polkovnik, Andrey Prixodko bildirib.


Sınaqdan keçirilən raket əleyhinə raketin Moskvada yenilənən raket hücumundan müdafiə sisteminin bir hissəsi olacağı planlaşdırılır. Hazırda bu sistem RF-nın HAQ silahlanmasında mövcuddur və paytaxt Moskvanı qitələrarası ballistik raketlərdən (QBR) məhdud nüvə zərbəsindən qorumaq üçün nəzərdə tutulub. Ancaq açıq qaynaqlarda bu raketlərə dair məlumatlar çox azdır və hərbi nazirliyin rəsmi məlumatlarında isə, bir qayda olaraq, heç bir detal açıqlanmır.

"Amur" qalxanı

Hazırda Moskva və mərkəzi sənaye bölgəsini (Bryanskdan Kostromaya qədər, təxminən 486 min kvadrat kilometr ərazi) şaxta bazalı raket əleyhinə raketlə təchiz olunan A-135 "Amur" sistemi qoruyur.

Bu sistem, Sovet İttifaqı və ABŞ arasında 1972-ci ilin mayın 26-da imzalanan və 1974-cü ilin iyulun 3-də əlavə protokol ilə təsdiqlənən raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə əsasında yerləşdirilib. Müqavilə əsasında Sovet İttifaqı Moskva ətrafında RƏM sistemi yerləşdirdi. ABŞ isə Şimali Dakota ərazisindəki "Grand Forks" bazasındakı yerüstü ballistik raket poliqonunu qorumağa üstünlük verdi, lakin 1976-cı ildə bu kompleksi istismardan çıxardı.

A-135 sistemi "Mərkəzi Radiocihaz Elmi-İstehsalat Birliyi" tərəfindən 1971-ci ildə hazırlanıb. Baş konstruktoru Anatoli Basistov olan kompleksin ilkin sınaqları 1976-1978-ci illərdə Qazaxıstanda keçirilib.


Moskva ətrafındakı A-135 sisteminin obyektləri 1980-1983-cü illərdə tikilib. 1984-1989-cu illərdə Avropada yerləşdirilən Amerikanın "Pershing II" orta mənzilli raketlərinə qarşı sistem inkişaf etdirilib. Dövlət sınaqları 1989-cu ilin dekabrında keçirilib. 1991-ci ilin fevralın 11-də isə hava hücumundan müdafiə qoşunlarının hərbi hissələri kompleksin eksperimental nümunəsini döyüş növbətçiliyinə daxil ediblər. 1992-ci ildə raket sisteminin tamamlanması başa çatıb.

1995-ci il dekabrın 1-də Rusiya Federasiyasının prezidenti Boris Yeltsinin sərəncamına əsasən A-135 döyüş növbətçiliyinə cəlb edilib, növbəti ildə isə Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.

Sistem aşağıdakı xüsusiyyətlərə malikdir:

1,2-1,5 min km məsafədə ballistik hədəfləri, 600-1000 km məsafədə isə kosmik obyektləri aşkar etmək;
Eyni vaxtda 100-ə qədər hədəfləri izləmək;
Nüvə başlıqlarını saxta hədəflərdən ayırd etmək və eyni zamanda yüzə qədər raket əleyhinə raketi hədəfə yönəltmək.

"Moskva sənaye-iqtisadi bölgəsinin hava məkanını müdafiə etmək üçün uzaq mənzilli 53T6 və orta mənzilli 51T6 raketlərindən istifadə edilir. Paytaxt yaxınlığında təxminən 100 ədəd raket əleyhinə raket mövcuddur. Amerikalılar onları "Galoş" və "Gazelle" adlandırırlar", - deyə hərbi müşahidəçi Viktor Litovkin bildirib.

Nüvə və ya adi başlıqlı anti raketlər Moskvanın Naro-Fominsk, Serqiyev Posad, Ltkarino, Sofrino, Ximki və Novomoskovsk rayonlarına yaxın ərazilərdə şaxtalarda və ya mobil qurğularda yerləşdirilib. Moskva vilayətinin Puşkino rayonunda komanda-hesablama mərkəzi fəaliyyətdədir.

Bütün bunlar 35 metr yüksəklikdə olan Sofrinskaya kəsik piramidasına - "Don-2N" çoxfunksiyalı radiolokasiya stansiyasına bağlıdır. O, bu sistemin əsas elementidir. Bir raket hücumu barədə alınan məlumat, onun köməyi ilə dəqiləşdirilir, müşaiyət olunur və raket əleyhinə raketlər hədəfə yönəldilir.


"Don-2N" stansiyası Moskvadakı raket əleyhinə müdafiə sisteminin mərkəzi və ən mürəkkəb elementidir. 2 min km-dən çox məsafədə belə 5 sm ölçüdə bir obyekti aşkar edə bilir. RLS vahid raket hücumundan xəbərdarlıq sistemlərinə və xarici kosmik nəzarət üçün əlavə məlumat dəstəyi sisteminə inteqrasiya olunub. Stansiyanın istismarında saniyədə bir milyard əməliyyatları icra edən dörd ədəd "Elbrus-2" super kompüterlərin əsasında inşa edilən hesablama sistemindən istifadə olunur.

1999-cu ildən etibarən, Qazaxıstanın Sarı-Şaqan poliqonunda raket əleyhinə raketlərin fəaliyyətinin uzadılması proqramı ilə bağlı dəfələrlə sınaqlar həyata keçirilib. Hər il bir və ya iki buraxılış keçirilirdisə, indi yeni bir sistemin sınaqdan keçirilməsinə görə önümüzdəki illərdə sınaqların sayı bir neçə dəfə artacaq.

"Nudol" necə olacaq?

HAQ-ın Hava hücumundan müdafiə və raket əleyhinə müdafiə qüvvələri antiraket komplekslərin istifadəsi sahəsində ciddi texniki və texnoloji əsaslara malikdir. Sistemin informasiya vasitələrinin modernləşdirilməsi, perspektivli vasitələr yaradılması məqsədilə elmi və eksperimental-dizayn işləri həyata keçirilir. 2014-cü ildə Rusiyanın A-235 "Nudol" raket əleyhinə yeni müdafiə sisteminin elementlərini sınaqdan keçirməsi məlum oldu. A-235 "Nudol" raket əleyhinə kompleks, əvvəlki A-135 sistemini əvəz edəcək.

"Heç şübhə yoxdur ki, bu rekt əleyhinə raket və həmçinin modernləşdirilməyə məruz qalan RƏM sisteminin digər bütün komponentləri, təyin edilən rayonun müdafiəsi vəzifəsini etibarlı şəkildə yerinə yetirməyə qadir olacaq", - deyə polkovnik, Rusiya Federasiyası HHM-RƏM birləşməsi Komandanının müavini Andrey Prixodko bildirib.


Zabitin sözlərinə görə, yeni raket əleyhinə raket həm fərdi, həm qrup, həm də yeni nəsil qitələrarası ballistik raket zərbələrinə qarşı dayanıqlıdır.

Açıq mənbələrə görə, burada söhbət raketdən müdafiə sistemində istifadə olunan 53T6M (NATO təsnifatında "Gazelle") raketinin təkmilləşdirilən raket əleyhinə raketinin sınaqlarından gedir. Yenilənən raket yeni bir mühərrikə və yüksək texnologiyalı radio elektron avadanlıqlara sahibdir ki, bunlar da hədəflərin dəqiq ələ keçirilməsini təmin edir. "İzvestiya" qəzeti xəbər verir ki, bu ilin sonuna qədər Rusiya Müdafiə Nazirliyi Moskvadakı raketdən müdafiə sistemini, bu ultra sürətli və yüksək manevrli raketlərlə yeniləyəcək.

Məlumatlara görə, A-235 raketləri Sovet dizaynerləri olan, Yekaterinburqun "Novator" MQB-nin konstruktoru Lev Lyulyev və Moskva yaxınlığındakı Ximkidəki "Fakel" MQB-nin mühəndisi Pyotr Qruşinin yaratdığı raketlərin bir uzantısıdır.

"Hələ 1961-ci ilin martın 1-də "Fakel" istehsalı B-1000 raket əleyhinə raketi 25 km yüksəklikdə və 60 km məsafədə R-12 ballistik raketini məhv etdi. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovun BMT-nin baş katibliyindən açıqladığı kimi, raket "milçəyin gözünə girdi".

Amerikalılar isə bunu yalnız 30 il sonra təkrar etdilər. Lakin hələ də bir dəfədən bir raketlə raketi vura bilirlər", - deyə hərbi müşahidəçi Viktor Litovkin bildirib.

Ekspertin sözlərinə görə, o zaman raketin sürəti 1000 m/san, yəni səsin sürətindən üç dəfə daha sürətli idi. Mövcud müasir raketlər daha da sürətlə uçur. "Və bu sürət də onlar üçün sərhəd deyil. Yeni raket əleyhinə raketin də hipersəs sürətli olduğunu istisna etmək olmaz", - deyə ekspert qeyd edir.

Məlumdur ki, müasir raket əleyhinə müdafiə sistemləri raketi ələ keçirmək üçün qeyri-nüvə vasitələrə malik olacaq.


2014-cü ildə "Almaz-Antey" konserninin baş konstruktoru Pavel Sozinov Rusiyada məhdud miqyasda qitələrarası ballistik raketlərin başlıqlarını və orta mənzili raketlərin ələ keçirilməsinə imkan verən THAAD raket əleyhinə müdafiə sisteminin analoqunun yaradıldığını bildirib. Həmçinin, ABŞ-ın digər GMD raketdən müdafiə kompleksinin GBI raketinin analoqu da yaradılır. Bu analoq mobil versiyada olacaq.

"Bu raketlərin xüsusiyyətləri fərqlidir, Müdafiə Nazirliyinin xahişi ilə, biz amerikalılara nisbətən əhəmiyyətli dərəcədə daha yüksək ələ keçirmə həyata keçirməliyik", - deyə "Almaz-Antey" konserninin baş konstruktoru Pavel Sozinov bildirib.

THAAD sistemi haqqında

Amerikanın "Lockheed Martin" şirkəti öz istehsalını "dünyanın ən qabaqcıl raketdən müdafiə sistemlərindən biri" adlandırır və 2005-ci ildən sistemin sınaqlarının heç vaxt uğursuz olmadığını bildirir. THAAD, uçuş trayektoriyasının orta hissəsinin final və hədəfə yanaşma mərhələsində kiçik və orta mənzilli ballistik raket başlıqlarını ələ keçirilməsi üçün nəzərdə tutulub. İlk dəfə 2008-ci ildə ABŞ Ordusunun arsenalına daxil olub. Onun texniki xüsusiyyətləri məxfi saxlanılsa da, mütəxəssislər ehtimal edir ki, bu kompleks 150 km yüksəklikdə və 200 km məsafədə hədəfləri məhv edə bilir. 2011-ci ildə RƏM Agentliyinin rəsmi nümayəndələri o zaman THAAD sisteminin atmosferdəki və atmosferdən kənar hədəfləri ələ keçirmək imkanı olan yeganə raketdən müdafiə sistemi olduğunu qeyd ediblər. Proqramın İdarəetmə Mərkəzi Alabama ştatının Hantsville şəhərində yerləşir.


2017-ci ilin yanvarında Aerokosmik Qüvvələrin döyüş proqramları və alqoritmlər təminatı şöbəsinin rəisi polkovnik İlqar Tağıyevin sözlərinə görə, Rusiyanın silahlanmasında mövcud olan müasir ələ keçirmə vasitələrinin dünyada analoqu yoxdur.

"Təkcə onu demək kifayətdir ki, raket əleyhinə raketin uçuş sürəti 3 km/saniyədən az deyil, bu isə güllə sürətindən belə bir neçə dəfə çoxdur. Üçüncü ölkələrin mövcud və perspektivli ballistik raketlərinə gəldikdə isə onların Rusiyanın raket əleyhinə müdafiə sisteminin ələ keçirilməsi mürəkkəb bir vəzifə deyil. Hazırda RƏM sisteminin texniki xüsusiyyətlərinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir. Müasir element bazasına keçid yekunlaşır. İki-üç il ərzində sistem tamamilə modernləşdiriləcək", - deyə polkovnik, Rusiya Aerokosmik Qüvvələrnin döyüş proqramları və alqoritmlər təminatı şöbəsinin rəisi İlqar Tağıyev bildirib.

Bu ilki yeni raket əleyhinə sistemin müvəffəqiyyətli sınaqları, Rusiyanın hələ də raketdən müdafiə sistemləri sahəsində güclü və unikal elmi-araşdırma və tədqiqat imkanlarına malik olduğunu bir daha sübuta yetirir. Müdafiə Nazirliyi qeyd edir ki, Rusiya raketdən müdafiə sistemlərinin tərkibi və döyüş xüsusiyyətləri, nüvə raket zərbəsinin mümkün istifadə təhlükəsini dəf etməyə, nüvə hücumuna əks-reaksiya zamanını artırmağa, hərbi və dövlət idarəetmə obyektlərinin yaşam müddətini yüksəltməyə, yüksək dəqiqlikli radiomaneələrdən qorunan informasiya texnologiyalarından istifadə edərək zərbələrin səviyyəsini, məqsədini və istiqamətini təyin etməyə imkan verir.

Məlumat Roman Azanovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amur   Nudol   THAAD  


Bizi "telegram"da izləyin