Ordu.az saytının “İraq Nyus” agentliyinə istinadən xəbər verir ki, bu barədə iraql; general Abdul Amir Yarallah bildkirib. O, ordu və Həşdi-Şəbinin geniş miqyaslı əməliyyatlara başlayacağını bəyan edib.
Eyni zamanda Həşdi-Şəbi qruplarından biri olan Cund-ul-İmam briqadalarının rəsmi nümayəndəsi olan Hüseyn Əl Əsədin sözlərinə görə, ordu 30 min kvadrat kilometrlik bir ərazidə yerləşən Cəzirət Əl-Siniyanı azad etmək üçün də əməliyyatlara başlayıb.
O, həmçinin əlavə edib ki, 6000 Həşdi-Şəbi döyüşçüsü də 9-cu diviziya və federal polis qüvvələri ilə birlikdə əməliyyatlarda iştirak edir.
İraqın Baş naziri həftəlik brifinqində bildirib ki, onun ölkəsi hərbi səviyyədə İŞİD-i məğlubiyyətə uğratsa da, yalnız səhra ərazilərinin silahlılardan tamamilə təmizlənməsindən sonra öz qələbəsini elan edəcək.
İraq qüvvələri ABŞ rəhbərliyindəki koalisiya və yarıhərbiləşdirilmiş qoşunların dəstəyi ilə İŞİD-in işğal etdiyi əraziləri geri almaq üçün 2016-cı ilin oktyabrından bu yana bölgədə döyüşlər aparır. Bu vaxta qədər terrorçu qruplaşmanın keçmiş “paytaxtı” Mosul, Tal-Afar, Havica, Anbar vilayətinin Annah, Rava və Qaim şəhərləri azad edilib.
İŞİD-ə qarşı müharibə təxminən 5 milyon insanı öz evindən didərgin salıb, on minlərlə sivil və hərbçi öldürülüb. İŞİD-in sonuncu qalası qərbi Anbardakı Rava cümə günü geri alınıb.
Ağalar Ağalarlı
Ordu.az