Daha öncə xəbər veridiyimiz kimi, Ermənistanın 2018-ci il büdcə layihəsinə əsasən müdafiə sahəsinə ayrılan xərclər kəskin şəkildə artırılıb. Azərbaycanla məntiqi nəticəsi olmayan silah yarışına girən Ermənistanda son 10 il ərzində belə kəskin artım qeydə alınmayıb. Artım qeyd edildiyi kimi, əsasən silahlandırma və hərbi texnikanın "komplektləşdirmə"sini nəzərdə tutur.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sözügedən "komplektləşdirmə"lər bərədə, Ermənistan parlamentində 2018-ci il dövlət büdcəsi müzakirə olunarkən parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Koryun Nahapetyan danışıb.
Komissiya sədrinin erməni ordusunun artilleriya, HHM, aviasiya və REM vasitələri ilə "komplektləşdirilmə"sinin hərbi hissə və birləşmələrin atəş və zərbə imkanlarını artıracağı ilə bağlı pafoslu çıxışında, silahlandırmanın əslində kredit razılaşmaları çərçivəsində aparılacağını etiraf edib: "Silahlandırma həm artırılan büdcə vəsaitləri, həm də kredit razılaşmaları çəçivəsində aparılacaq".
Səsləndirilən etirafdan belə qənaətə gəlmək olar ki, Ermənistanın müdafiə sahəsinə ayırdığı xərclərin kəskin şəkildə artırılması Rusiyadan alınan kreditlər hesabına mümkün olub.
Alpər Mövludoğlu
Ordu.az